Cəmiyyət

Açıq və səmərəli beynəlxalq müzakirələr platforması

Sharing is caring!

        Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirinə göndərdiyi müraciətdə sıx əməkdaşlığı ehtiva edən məsələlərə toxunulub. Ən öncə vurğulanıb ki, İƏT ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Misal üçün, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Bey­nəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.

         İndi regionda rifah və quruculuq dövrü başlanmışdır və bu prosesdə İƏT dövlətlərinin əl-ələ verib birgə fəaliyyəıt göstərməsi şəksizdir. Belə ki, regionun beynəlxalq statusunu artıran layihələr həyata keçirilir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

        Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

       İƏT-in 27-ci İclas zamanı, həmçinin, özündə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmir yolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” üzrə Şuşa Bəyannaməsi qəbul olunub.

          Bir daha görürük ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə də önəm verilir.    

                                                                                                   Əfsər Abdullayev,

                                                                                Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir