Cəmiyyət

Milli maraqların keşiyində

Sharing is caring!

       “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.” – bu tarixi fikirləri 27 may 1997-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Ulu Öndər Heydər Əliyev söyləmişdir. Düşünürük ki, dahi rəhbərimizin dövlətlərarası siyasətinin məğzini bu kəlam təşkil edir.

        Ulu Öndər Heydər Əliyevin xarici siyasətində fəal istiqamətlərdən biri Şərq olub. Əvvəla, Azərbaycanı Mərkəzi Asiya ilə etnik və mədəni yaxınlıq birləşdirir. Ölkəmiz tarixdə İpək Yolunun əsas məntəqələrindən biri kimi də geosiyasi və mədəni imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın xarici siyasətində Asiya-Sakit okean istiqamətinin də mühüm yer tutmasını şərtləndirir. Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu, uzaqgörən siyasəti sayəsində tarixi İpək Yolunun bərpası ilə bağlı kommunikasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın həlledici rol oynaması, proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərarın qəbul edilməsi də ölkəmizin iqtisadi inkişafına təkan verməklə yanaşı, onun beynəlxalq siyasətdə güclənməsini şərtləndirmişdir.

        Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. Belə ki, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar o, NATO-nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.

        Bu prosesdə, şübhəsiz ki, Mərkəzi Asiya regionunun xüsusi yeri vardır. Azərbaycan həmin dövlətlərlə aktiv əməkdaşlıq siyasətini yeridir ki, bu da Uzaq Şərq istiqamətində əməkdaşlığı gücləndirmək üçün meydan rolunu oynaya bilər. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın münasibətlərinin türkdilli dövlətlərin əməkdaşlığını inkişaf etdirmək müstəvisində də qurması əlavə imkanlar açmaqdadır.

        Ulu Öndər Heydər Əliyev milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi. Göstərdi və sübut etdi ki, bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz həmişə öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən, buna görə dünyada böyük hörmət qazanmışıq. Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır. 

         Bu gün biz buna nail ola bilmişik. Əminəm ki, Ulu Öndərimizin  dövlətlərarası siyasətinin sadiq davamçısı Prezident İlham Əliyevin sayəsində bundan sonra da belə olacaq.

                                                                                                   Xanlar  Şabanov,                                           

                         Cəlilabad rayonu, YAP Günəşli kənd ərazi təşkilatının sədri 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir