Siyasət

Fransanın COP29 paxıllığı – ŞƏRH + FOTO

Sharing is caring!


Müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyən Fransa və bu ölkənin – başda Paris meri Ann İdalqo olmaqla – bir qrup ictimai-siyasi xadimi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Onlar heç bir səbəb ortaya qoymadan iddia ediblər ki, Azərbaycan belə bir tədbir keçirə bilməz.

Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkədə keçirilməlidir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu ölkələr, xüsusilə Fransa kimi dövlətlər “ermənidən artıq erməni olmağa iddialıdırlar”.

Hətta Ermənistan özü bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə razılıq verdiyi halda, Fransa buna qarşı çıxmağa çalışır.

Bir faktı da qeyd edək ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını bəyan edib. Prezident İlham Əliyev də bunu dəfələrlə bəyan edib.

“Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və Günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər üç giqavat külək və bir giqavat Günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı altı giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”, – deyə dövlət başçısı bəyan edib.

Beləliklə, Azərbaycan ekoloji təmizlik və bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyi halda, Fransa və onun ermənipərəst dairələri ölkəmizə qarşı çirkin təşəbbüslərə imza atır.

Fransa üçün ekologiya, ətraf mühitin təmizliyi kimi hallar yaddır. Belə ki, beynəlxalq araşdırma qrupları ard-arda bu ölkədən doğan təhlükələrdən bəhs edirlər. Hesabatlara görə, Fransa Aralıq dənizini plastik vasitələrlə çirkləndirən ölkələr sırasında liderdir. Bu baxımdan, Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Plastik çirklənmə: Günahkar kimdir? 2030-cu ilə qədər sıfır plastik çirklənməyə nail olmaq üçün sistemli səbəblər və ssenari” hesabatını dünya üçün mesaj hesab etmək olar. Görünür, cəzasızlıq, əməllərinə görə məsuliyyət daşımamaq Fransa hökumətini daha böyük cinayətlər törətməyə sövq edir.

Məlumata görə, dünya okeanının ən çirkli hissəsi Aralıq dənizinin payına düşür və hər il oraya təxminən 600 min ton plastik tullantı axıdılır. Bu, Hind okeanı və ya Sakit okeana atılan tullantılardan dörd dəfə çoxdur. 22 sahilyanı ölkə arasında Fransa plastik çirklənməyə görə Aralıq dənizində liderlik edir, bu da təəccüblü deyil, çünki regionun illik plastik tullantılarının ən böyük payı (24 milyon tondan 4,5-i) ona məxsusdur. Eyni zamanda, ətraf mühitə atılan təkrar emal olunmayan plastikin payı Fransada İtaliya, İspaniya, Sloveniya və İsraillə müqayisədə xeyli yüksəkdir. WWF-nin hesabatına görə, plastik tullantılar Fransadan dənizə aşağıdakı kanallarla daxil olur:

– 79% sahilyanı fəaliyyətlərdən (turizm və qeyri-mütəşəkkil tullantıların idarə edilməsi);

– 12% çaylar tərəfindən;

– 9% balıqçılıq, akvakultura və dəniz nəqliyyatından.

Dənizə düşən plastikin sonrakı taleyi belədir; onun 11%-i dənizin dibinə çökür, əksəriyyəti isə suyun üzərində qalır ki, bu da ekologiyaya, turizmə birbaşa və dolayısı ilə ciddi ziyan vurur. Təkcə Marsel körfəzində 1 000 kvadrat kilometr ərazi tullantılarla örtülüb. Bu rəqəm Nitsa şəhəri ətrafında təxminən 580 kv.km, Korsika ətrafında isə 112 kv.km-dir.

Hesabat müəllifləri bu vəziyyətdən çıxış yolu kimi Aralıq dənizi hökumətlərini 2030-cu ilə qədər dənizdə plastik emissiyalara son qoymaq üçün saziş imzalamağa çağırır. Lakin Fransa bu tələbi qulaqardına vurur. Aralıq dənizinin mühafizəsi üzrə Barselona Konvensiyasının (1976) iştirakçı ölkələrinin 2019-cu ilin dekabrında keçirilən iclası da nəticəsiz qalıb.

WWF, həmçinin, Fransa hökumətini Tullantılara Qarşı Qanun vasitəsilə qətiyyətli addımlar atmağa çağırır. Bu qanun layihəsi plastik məmulatların (əsasən, birdəfəlik istifadə olunanlar) istehsalının və istehlakının azaldılmasına nail olmaq və onların 100% təkrar emal oluna bilməsini təmin etməkdən bəhs edir. Bu da plastiklərin təkrar emalına mane olan hər şeyin – bəzi kimyəvi əlavələrin, qatranların, təkrar emal oluna bilməyən çoxşaxəli maddələrin qadağan edilməsini tələb edir.

Fransa Prezidenti Emmanuel Makron deyib: “Mən Fransanın okeanlarımızı və biomüxtəlifliyimizi qorumaq öhdəliyini bir daha təsdiqləmək istərdim. 2025-ci ilə qədər istehsal olunan plastikin 100%-i təkrar emal olunacaq”.

Lakin mütəxəssislər hesab edirlər ki, Fransanın 2025-ci ilə qədər plastik tullantıların təkrar emalına keçə biləcəyinə və plastik tullantıların dənizlərə, okeanlara daxil olmasının qarşısını alacağına inanmaq çətindir.

Problem üçün təklif olunan həllər isə aşağıdakı kimidir:

1. Mümkün qədər çox plastik tullantıları Afrika, Hindistan və Şərqi Avropaya yönləndirmək;

2. Təcili tikilməkdə olan (2017-ci ildə Aİ-də ekoloji səbəblərə görə tərk edilmiş) yeni tullantı yandırma zavodlarında RDF yanacağı adlandırılan və ya sadəcə briketlənmiş zibil kimi plastiklərin mümkün qədər yandırılması;

3. Birdəfəlik plastik qablardan imtina.

Lakin bunlar da orijinal həll hesab edilmir.

Beləliklə, bu hesabat Fransadan doğan təhlükə və problemlərin yalnız bir hissəsidir. Emmanuel Makron hökuməti bu və digər problemləri həll etmək əvəzinə, müstəmləkə siyasətini artırır, digər dövlətlərin daxili işlərinə qarışır, müstəqil xarici siyasət yürüdən, sülh çağırışları ilə çıxış edən, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan kimi ölkələrin yolunda əngəl olmağa çalışır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir