Cəmiyyət

Müsəlman ölkələri ilə münasibətlərdə Heydər Əliyev dəst-xətti

Sharing is caring!

        Ulu Öndər Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də xüsusi diqqət yetirilirdi. Belə ki,ötən əsrin 90-cı illərində bu ölkələrlə münasibətlərdə süni yaradılmış xeyli kəskin problemlər münasibətlərə xələl gətirir, Azərbaycanın beynəlxalq mövqeyinə ziyan vururdu.

        Məhz buna görə də Heydər Əliyev çox təcrübəli siyasətçi kimi bu ölkələrlə münasibətlərdə tezliklə dönüş yaratmaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə, beynəlxalq hüquq normalarına əsaslanan sivilizasiyalı münasibətlər qurmaq üçün böyük əmək sərf etməli oldu.

        1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

       Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır. 1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı mühüm qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə çağırılırdı. Həmçinin qətnamə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırırdı. Bundan əlavə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Cakarta şəhərində 1996-cı ildə keçirilən 24-cü konfransında qətnamənin adının dəyişdirilərək “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlandırılması Azərbaycan üçün böyük uğur idi.

       İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X zirvə görüşlərində və 2008-ci ildə Dakarda keçirilmiş zirvə görüşündə qəbul edilmiş qətnamələr də “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanır. Bu qətnamələr Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm rol oynamışdır.

        Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Son illər qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir.

 Cəbrayıl Gözəlov,

                                                                   Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir