Cəmiyyət

Maulen Aşımbayev: “Müqəddəs kitabların yandırılması xalqlar və dinlər arasında düşmənçilik toxumu səpir”

Sharing is caring!


“Dini liderlər uğurlu dialoq və qarşılıqlı anlaşma nümunəsi göstərsə də, beynəlxalq siyasətdə fikir ayrılıqları, dünyada münaqişələr artır, böyük dövlətlər arasında geosiyasi rəqabətin genişlənməsi və beynəlxalq təhlükəsizlik sisteminin aşınması müşahidə olunur”.

“Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında deyib.

“Təəssüf ki, Ukraynada və digər qaynar nöqtələrdə axan qanı dayandırmaq cəhdləri hələ də nəticə verməyib. Yaxın Şərqdə ciddi eskalasiya, dinc əhali arasında çoxsaylı insan ölümü ilə nəticələnən Fələstin-İsrail münaqişəsinin alovlanması hamımızı narahat edir. Belə bir şəraitdə biz münaqişənin daha da gərginləşməsinə və genişlənməsinə səbəb ola biləcək hərəkətlərə əl atmadan, vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi alətlər axtarmağa çağırırıq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, qlobal strateji çağırışların aradan qaldırılması üçün beynəlxalq səylərin səmərəliliyi getdikcə azalır:

“Bugünkü ciddi böhranlar fonunda dayanıqlı inkişaf, iqlim dəyişikliyi, bioloji təhdidlər, nüvə tərk-silahı və digər fundamental çağırışlar arxa plana keçir. Bu ekzistensial təhlükələrlə bağlı təhdidlər artır. Onların aradan qaldırılması üçün dünya birliyinin birgə səyləri tələb olunur. Nifrət nitqinin və düşmənçiliyin yayılması ciddi təhlükə olaraq qalır. Eqoist məqsədlər üçün dindarların dini hisslərini manipulyasiya etməyə çalışan təxribatçıların əməlləri böyük narahatlıq doğurur. Müqəddəs kitabları yandırmaq, dini simvolları təhqir etmək xalqlar və dinlər arasında düşmənçilik toxumu səpən vandalizmdir”.

Xatırladaq ki, bu gün Sülh və Harmoniya Sarayında Dünya və ənənəvi din liderlərin Qurultayının Katibliyinin XXI sessiyası öz işinə başlayıb. İclasda iştirak etmək üçün Qazaxıstanın paytaxtına 24 ölkədən 30-dan çox nümayəndə heyəti gəlib. İclasda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir