Cəmiyyət

İsrail sülhü bərqərar edəcəkmi?

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Azərbaycan xalqı möhtəşəm xalqdır. Bircə eyibimiz var, dünyada hansısa hadisə baş verəndə dərhal fikir ayrılığı yaşayır, parçalanır, ikiyə, üçə bölünürük. Hansı tərəfinsə fikri digərləri ilə üst-üstə düşməyəndə tənqid, təhqir edilir, aşağılanır. 

Təbiidir ki, bu dünyada, bu həyatda hər kəsin bir fikri, fikir plüralizmi var. Ağıllısı var, dəlisi var, axmağı var, bir də yarıaxmağı var. Ən dəhşətlisi bu yarı-olanlardır.

30 il ərzində Qarabağ ərazisində erməni işğalçıları məscidləri dağıtdılar, dağıtmadıqlarında isə İslam dini üçün birmənalı haram buyurulan donuz saxladılar. İslam dini üçün vacib şərtlərdən biri olan qəbiristanlıqları dağıtdılar. Meyitlərə belə işgəncə verdilər. 
Xalqımıza qarşı mənəvi və fiziki terror yaşatdılar. Yaxşı ki, erməni əsirliyində olan adamlar indi sağdırlar, onların ifadələri var. Onlara edilən işgəncələri özləri danışırlar. 

Və bu işgəncələri özündə ehtiva edən xeyli sayda video, fotofakt və digər iştirakçıların ifadələri var. 

Yəni ki, bir erməni deyə bilməz ki, iftiradır. Bir erməni deyə bilməz ki, əsir götürdüyü azərbaycanlılara qarşı qardaş kimi davranıb. 

Amma dünyada erməniləri özünə qardaş, soydaş, bacı bilən dövlətlər var. Hətta ermənidən daha çox erməni olanlar var. 

Məsələn biri elə Fələstinin lideri Yasir Ərəfat. Yasir Ərəfat dəfələrlə “ermənilər bizim qardaşımızdır” deyə çıxış edib. Buna sübut olaraq internet resurslarda yüzlərlə yazı var. Rus, ingilis və s dillərdə. Bu “qardaşlığı, bacılığı, dostluğu” özündə əks edən materialları ən çox da elə erməni resurslar yayırlar. Çünki Yasir həqiqətən də illərlə erməni terrorçuların, ASALA-nın Fələstin ərazisində təlim keçmələri üçün şərait yaratmışdı. Daha sonra həmin terrorçu qrupların Qarabağa gəlməsi üçün imkanlarını səfərbər etmişdi. Elə məhz o ermənilər Qarabağda bizim Azərbaycan əsgərlərini öldürür, əsir tutur, məhv edirdilər. 

Bəs erməninin əlinə silah verən və haqq savaşı aparan azərbaycanlını öldürməyə göndərən Yasirə nə ad verə bilərik? Fələstin lideri, erməninin qardaşı, terror atası, minlərlə azərbaycanlının qatili, yoxsa nə, yoxsa kim?

Çox təəssüflər olsun ki, Qumdan gələn qara və yalan fikirlər bizim cəmiyyətin bəzi zümrələri üçün müasir tarixdən daha vacib və həqiqidir. 

Müasir tarix bizə kimin dost, kimin düşmən olduğunu rahat göstərir. Bunun üçün filosof, alim və ya xüsusi xidmət orqanının əməkdaşı olmağa ehtiyac yoxdur.

Terrorçu yetişdirməkdə pərgar olan Fələstinin Qarabağda etdikləri göz qarşısındadır və bunu unutmamaqda xeyli fayda var. 
Çünki onlar Qarabağda məscidlər, müsəlman qəbiristanlıqları ermənilər tərəfindən dağıdılanda, azərbaycanlı qadınları, uşaqları erməni işğalçılar zorlayanda, öldürəndə, orqanlarını satanda Fələstin lideri Yasir onlara dəstək olub. 

Hər dəfəsində də “ermənilər mənim qardaşımdır” deyib. Bunu açıq ifadə edib. 

İndi isə keçirəm əsas məsələyə. Artıq bir neçə gündür biz ürəkağrısıyla İsraildə baş verən hadisələri izləyirik. 

Fələstin terrorçuları mülki, heç bir hərbi legitimliyi olmayan, adi insanların yaşadığı şəhərlərə, evlərə raket zərbələri endirir, şəhərlərə soxulur, insanları qətlə yetirir. Və özünü bu əməllərdə haqlı sayır.  

Terrorçu fələstinlilərin mülki insanları necə öldürdüklərini, qadınların meyitlərini sürümələri, körpə uşaqlarla birlikdə qadınları əsir götürmələri, əsir götürdükləri qadınlara qarşı zorakılıq törətmələri, evlərə daxil olub ailələri güllədən keçirib öldürmələri göz qarşısındadır. 

Körpə uşaqları it damına, dəmir qəfəsə salıb onların videolarını çəkib paylaşmaları da həmçinin. Hətta elə görüntülər var ki, mən o barədə yaza bilmirəm… 

Bütün bu gördükləriniz sizə bir hadisəni xatırlatmırmı? 

Mənə isə xatırladır. Xocalını, Ağdamı, Qubadlını, Şuşanı, Füzulini… Mənə Gəncənin, Bərdənin, Tərtərin bombalanmasını xatırladır. Günahsız körpələrin, uşaqların, qadınların, kişilərin ölümünü xatırladır. 

Bütün bu baş verənlərdən sonra Yasir Ərəfatın sözünün nə dərəcədə düz olmasının fərqinə vardım, axı o deyirdi ki, ermənilər bizim qardaşlarımızdır! Bəli, qardaş elə qardaşa oxşayar, ölüm saçar, qadın və uşaq qatili olar. 

Mən isə tezliklə sülhün bərqərar olmasını diləyirəm. Əminəm ki, İsrail tezliklə toparlanıb öz yaralarını sağaldacaq. Terrorçuları məhv edəcək. İsrail torpağında nəhayət qan su yerinə axmayacaq. O balaca körpələr daha hava hücumu üçün səslənən sirenaları eşitməyəcək. İsrail sülhü bərqərar edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir