Cəmiyyət

Keçəlliyə son qoymağın müasir yolu: Kimə saç əkdirmək olmaz? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


Son illər insanlar bu problemin həlli üçün saç transplantasiyasına müraciət edirlər. 20-60 yaş arası bütün sağlam insanlar saç əkdirə bilərlər. Amma bunun üçün bəzi ön şərtlər də var. Həkimlər şəkər xəstələrinə və ürək xəstəliklərindən əziyyət çəkənlərə saç əkimi məsləhət görmürlər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Bilirik ki, bəzən insanlar saç tökülməsindən əziyyət çəkirlər. Bu isə xarici görünüşlə bağlı problemlərə səbəb olur. Son illər insanlar bu problemin həlli üçün saç transplantasiyasına müraciət edirlər. Buna saç əkimi də deyirlər. Saç əkimi ilk dəfə 1930-cu ildə Yaponiyada, 1950-ci illərdən isə artıq qərb ölkələrində aparılmağa başlayıb. Qadınlar və kişilər bu üsuldan geniş istifadə edirlər. Keçəlləşmə bir çox səbəblərdən, amma daha çox genetik faktorlardan qaynaqlanaraq baş verir. Xüsusən də kişilərdə müəyyən yaşdan sonra saç tökümü prosesi başlayır. Amma saç əkiminə müraciət üçün səbəb təkcə bu deyil. Müəyyən xəsarət, əməliyyat və yanıqlardan sonra da çapıq izləri qalır ki, həmin yerlərdə tüklərin kökü məhv olur. Bu hallarda da saç əkiminə müraciət edirlər.

Tüklər başın arxa və yan tərəflərindən götürülür

Saç əkimi – insanın başında, həmçinin də bığ, saqqal, qaş, bakenbard və kirpiyində tüklərin bərpasıdır. Bu cür əməliyyat ağrısız, fəsadsız, yerli anesteziya ilə və ambulator şəraitdə aparılır. Tüklər başın arxa və yan tərəflərindən xüsusi alət vasitəsilə götürülür. Dünya standartlarına əsasən, əkilən tükün 90%-i tutur. Yəni əkilən 10 tükdən ən azı 9-u kök atmalıdır. Eyni zamanda, əkilən tüklərin sıxlığı təbii tükün 70-80%-nə çatmalıdır. Nəzərə almaq lazımdır ki, insanın baş nahiyəsinin hər bir kvadratsantimetrində 300-ə yaxın tük var. Bunu da bilmək vacibdir ki, başqa adamın tüklərini orqanizm qəbul etmir. Əgər kifayət qədər donor tük olsa, onların əkilməyini bir neçə dəfə də həyata keçirmək olar. Əkilən folikullardan 2-3 aydan sonra yeni tüklər çıxmağa başlayır. Saç əkiminin əsas nəticəsi real olaraq bir ildən sonra görünür. O vaxta qalan tüklər ömürlük olur.

Bu xəstəliyi olanlara saç əkimi məsləhət görülmür

Dünyada, əsasən, şəkərli diabet xəstələyindən əziyyət çəkənlərə saç əkimi etmək məsləhət görülmür. Bundan başqa ürək xəstəlikləri olan, həmçinin ürək əməliyyatı keçirmiş adamlara da bu proseduru etmək uyğun deyil. Ümumiyyətlə, prosedur təxminən 6-8 saat çəkir. Spirtli içki qəbul edən və siqaret çəkən adamlarda əməliyyat vaxtı qanaxmanın çox olması ehtimalı prosedurun vaxtının 9-10 saata qədər uzanmasına səbəb ola bilər. Tük əkilən nahiyənin ölçüsü də əməliyyatın vaxtına təsir edir. Ümumən götürsək, bütün bunlar bir gün vaxt alır. Sarıq səhəri gün açılır, saçlar klinikadaca yuyulur. Bundan sonra pasiyent heç bir ağrısız, narahatlıqsız gündəlik həyatına qayıda bilir.

Saç tökülmənin dərəcəsi nəzərə alınmalıdır

Trixoloq Cəmilə Əsgərova deyir ki, saç əkiminə əvvəlcə göstəriş lazımdır: “Yəni saç əkiminə saçın tökülmə dərəcəsinə görə qərar verilə bilər. Birinci və ikinci dərəcəli tökümdə, əslində, əkim bir az tez hesab olunur. İkincidən üçüncüyə keçid dövründə və üç, dörd, beşinci dərəcələrdə saç əkimi edilə bilər. Yanmış dəri, çapıq üzərində, alın böyükdürsə, alnı kiçiltmək məqsədilə, saqqal və bığ nahiyələrində hər hansı bir patologiya ilə bağlı tük çıxmırsa, saç əkimi etmək mümkündür. 20-60 yaş arası bütün sağlam insanlar saç əkdirə bilərlər. Amma saçın tökülmə dərəcəsi altı-yeddidirsə, donor bölgə çox az və saç əkiləcək bölgə çox böyükdürsə, saç əkimi uğurlu alınmır. Ona görə də əkilmədən öncə saçın tökülmə dərəcəsi mütləq şəkildə nəzərə alınmalıdır”.

Ən yaxşı saç əkimi üsulu

Həkim deyir ki, saç əkiminin iki üsulu var: “Saç əkimi tikişli və tikişsiz üsullarla həyata keçirilir. Birinci üsul, yəni saç folikullarının tək-tək donor bölgədən çıxarıb lazım olan yerə köçürülüməsidir. İkinci üsulda isə donor bölgəsindən kiçik bir nahiyədən qraftlar – dəri loskutu çıxarılır və həmin nahiyəyə tikiş qoyulur. Sonra loskutdan qraftlar ayrılaraq dəriyə köçürülür. Bu üsul hazırda çox nadir hallarda istifadə olunur. Bundan ötrü xüsusi göstərişlər var. Son 15-20 ildə daha çox birinci üsula üstünlük verilir. Deyərdim ki, ən fəsadsız, problemsiz üsul məhz budur. Mən də pasiyentlərə bu üsulu məsləhət görürəm”.

Əksər hallarda əkilən saçlar tökülmür

“Əkilən saçlar bir qayda olaraq tökülmür”, – deyir Cəmilə xanım: “Sadəcə, əkim nahiyəsində pasiyentin tökülməyən saçlarında tökülmə davam edə bilər. Amma əkilən saçlar ömürlük qalacaq. Çünki donor üçün tüklər başın arxa nahiyəsindən götürülür və androgenlər həmin bölgəyə təsir etmədiyinə görə oradan çıxarılan saçlara da təsir etmir. Onlar daimi qalırlar”. Tökülmə mərhələsində əkilən saçlar əvvəlcə tökülür, iki-üç aydan sonra yenidən çıxır və ömürlük qalır. Yəni buna görə narahat olmağa dəyməz.

Məlumat üçün qeyd edək ki, hazırda şəhərimizin bir çox klinikalarında saç əkimi proseduru həyata keçirilir. Metod fərqinə və əkiləcək saç nahiyəsinin böyüklüyünə görə qiymətlər təxminən 1000-2000 manat arasında dəyişir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir