Cəmiyyət

“Access code”: Zəngəzur

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ermənistanın düşünən çevrələrindəki fikir axınının analizi göstərir ki, erməni cəmiyyəti iki vəzifəni mövcud reallığın prioritet hədəfi hesab edir:

– Zəngəzurda effektiv müdafiə sisteminin bərqərar olunması. Yerevanda bu addımla “məqsədi erməni dövlətçiliyini məhv etmək olan Türkiyə-Rusiya tandemi”nin təzyiqini neytrallaşdırmağa çalışırlar;

– Təhlükəsizlik sahəsində Rusiya ilə mövcud olan hərbi əlaqələrə xitam vermək. Ermənistanda hesab edirlər ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zəngəzuru nəzarətində saxlaması Ermənistan dövlətinin məhvinə səbəb olacaq.

Aydındır ki, bu hədəflərə nail olmaq üçün ürkək dövlətçiliyi və son üç ilin depressiyasında olan erməni xalqının səyləri yetərli deyil. Bu məntiqlə, elə bir birgə müdafiə sisteminə nail olmaq lazımdır ki, onun vasitəsilə gələcək addımların təqribi çərçivələrini müəyyən etmək olsun. Kiminlə və yaxud kimlərlə?

Ermənilərin bu suala ənənəvi cavabları var – maksimalist xəyallarında bunu onların əvəzinə kimlərsə etməlidirlər. 44 günlük müharibədən sonra Fransanın regiondakı aktivliyi və Almaniyanın qəflətən bu səylərə şərik çıxması göstərir ki, ümid kontinental Avropayadır (Anqlosaksların bölgədəki maraqları fərqli və daha köklüdür). Ancaq Avropa da həmin suala cavab axtarırmı? Şərikli Ermənistanda Praqa görüşündən sonra alman və fransalı “müşahidəçilər”in Azərbaycanla şərti sərhəd boyu patrul xidmətinə başlamalarına “sıravi Nikolu xilas etmək” kontekstindən ümid bəsləyirlər. Avropada isə sıravi Nikol, sadəcə, vasitədir…

Son üç ildə, xüsusilə də sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatı ərəfəsi və sonrasında Qərbin siyasi missionerlərinin dilindən “Ermənistanın ərazi bütövlüyü” ifadələri düşmür. Biz bunu özünəməxsus sarkazm və qıcıqla qəbul edirik: yəni ABŞ-nin dövlət katibi və ya Fransanın xarici işlər naziri bilmirlər ki, Qarabağ Ermənistanın deyil, Azərbaycanın ərazi bütövlüyü sferasına aiddir? Əslində, çox yaxşı bilirlər və bu bəyanatlar texniki səhvlərin nəticəsi deyil. Qərbdə Qarabağ probleminin tarixin arxivinə gömüldüyünə soyuq başla yanaşırlar və reallığı anlayırlar. “Ərazi bütövlüyü”ndən təlaş isə Ermənistanın gələcək aqibəti, daha doğrusu, onun ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı narahatlığın göstəricisidir. Məhz bu səbəbdən Praqa və Kişineuv görüşlərindən etibarən Azərbaycan Prezidenti ilə danışıqlarda Ermənistan liderinin yanında qayğıkeş “bacılar” – Fransa və Almaniya var. Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi isə sadəcə, moderatorluqdur, sıravi Nikolu qorumağa kifayət etmir.

2020-ci ilin müharibəsindən sonra Azərbaycana münasibətdə düşmən pozasında duran İranda da reallığı anlamağa başlayırlar. Hətta o həddə ki, Tehrandakı səfirliyimizə silahlı basqın etmiş “psixikası qeyri-sabit olan” İran vətəndaşının edamı barədə qərar da çıxarırlar. Təki Azərbaycanla münasibətlər yoluna qoyulsun. İran dərin tarixi ənənələri olan dövlətdir. Bununla belə, görünür ki, Tehranda hələ də ermənilərin xəyanətə genetik aludəçiliklərinə bələd deyillər. İranın Zəngəzurda böyük ümidlərlə açdığı konsulluq bölgəyə NATO silahlılarının gəlişi ilə nəinki aktuallığını itirir, hətta təhlükə obyektinə çevrilir. Məşhur bir lətifədə olduğu kimi: ermənilərdə basketbolun populyar olmamasının səbəbi odur ki, onlar bütün yumurtaları bir səbətə yığmağı sevmirlər. Problem isə bundadır ki, həmişə və dərhal bu yumurtalardan hansının daha çox xeyir verəcəyinin bəlasına düşürlər. İranın, gec olsa da, ayılmasının əsas səbəbi bu və təbii ki, Zəngəzur dəhlizinin bir qolunun da onun ərazisindən keçmə perspektivinin vəd etdiyi dividendlərdir.

Bölgədə cərəyan edən hadisələrin kilid kodu “Zəngəzur dəhlizi”dir. Etnik separatizmin kökü kəsildi, xunta rəhbərləri Bakıda təcridxanadadırlar.

Bakı üç il öncə BMT-nin qətnamələrini həyata keçirdi, indi isə 10 noyabr 2020-ci ildə Ermənistanın üzərinə götürdüyü öhdəliyi və sülhməramlıların icra edə bilmədikləri vəzifələri təmin edib. Ancaq 10 Noyabr Bəyanatı hələ də tam icra olunmayıb – Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək dəhlizin qarşısındakı maneələr qalmaqdadır. “Orta dəhliz”in həlledici bəndi olacaq Cənubi Qafqazdan keçən logistika qovşaqların kimlərin marağına cavab verib-verməməsi üzərində ləngiməyə lüzum yoxdur. Zəngəzur dəhlizi onların bir qisminin həyati maraqları çərçivəsindədir, digərləri isə bu logistika layihəsinin onların regiondakı mövcudluqlarına xələl gətirdiyini düşünürlər.

Zəngəzur vasitəsilə Naxçıvana yolun açılması Azərbaycana tək 10 Noyabr Bəyanatında təsbit edildiyi üçün lazım deyil. Bakı ötən əsrin 90-cı illərində neft kəmərlərinin diversifikasiyasına nail olduğu kimi, tranzit-nəqliyyat maraqlarının da bir istiqamətdən asılılığı ilə qənaətlənə bilməz. Azərbaycan – gözünü ilin cəmi bir neçə ayı işləyən Lars yoluna tikən Ermənistan deyil.

Azərbaycan Prezidentinin Qranada görüşündən imtina etməsində Zəngəzur prioritet səbəb rolunda çıxış edir. Görüş naminə görüş təcrübəsi keçmişdə qaldı. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Sırada Üçtərəfli Bəyanatın qalan bəndidir. Dövlət başçılarının imza atdıqları sənəd yarımçıq icra oluna bilməz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir