Cəmiyyət

“Azərbaycan Respublikasının konstitusiya hüququ” dərsliyinin təqdimatı keçirildi – FOTO

Sharing is caring!


Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Ceyhun Qaracayevin respublikamızda ilk dəfə olaraq rus dilində nəşr edilmiş “Azərbaycan Respublikasının konstitusiya hüququ” dərsliyinin təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev təqdim edilən kitabın müasir Azərbaycan konstitusionalizminin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bunun 95 illik Hüquq fakültəsinin həyatında mühüm hadisə olduğunu qeyd edib.

Bu ilin Ulu öndərin 100 illiyi ilə əlamətdar olduğunu və “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran dekan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar, Azərbaycanın ilk milli konstitusiyasının bilavasitə müəllifinin məhz Ulu öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, uğurlu lokal anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərqərar olunduğunu, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini, Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağının qürurla dalğalandığını qeyd edib.

Fakültə dekanı bildirdi ki, bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik. Kitabın əsas məzmunu və əhəmiyyəti haqqında danışan dekan bu dəyərli vəsaitin hüquq elminə mühüm töhfə olduğunu qeyd edib. 

Daha sonra kitabın müəllifi hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev Ulu öndər Heydər Əliyevin ölkəmizin konstitusiya quruluşunun bərqərar olunmasında danılmaz rolunu vurğulayaraq konstitusiyamızın aliliyini, azərbaycançılıqla konstitusionalizmin əlaqəsini, multikultural cəmiyyətdə rolunu qeyd etdi. O, dərsliyin yazılma prosesi, mahiyyəti, strukturu barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, dərsliyin hazırlanmasında Konstitusiya hüququ kafedrasının əməkdaşlarının yaradıcılıq təcrübəsindən, habelə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin hüquq fakültələrində bu fənnin inkişaf dinamikasından istifadə edilib.

Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Ziyafət Əsgərov dərsliyin Ulu öndərin 100 illiyinə həsr olunmasının əhəmiyyətini qeyd edərək ümummilli lider Heydər Əliyevin Konstitusiyanın layihəsinin hazırlanmasında və qəbul edilməsində müstəsna xidmətləri haqqında ətraflı məlumat verib.

Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə dərsliyin çapının Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq dərsliyin hüquqşünas tələbələrin inkişafına böyük töhfə olacağını qeyd etdi. Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova Konstitusiya layihəsinin hazırlanması üçün Ulu öndərimiz tərəfindən yaradılan komissiyanın fəaliyyəti barədə məlumat verərək bu dərsliyin tələbələrin inkişafında və hüquq düşüncəsinin artırılmasında mühüm rolu olacağını qeyd edib.

Təqdimat mərasimində BDU Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri, həmçinin Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak edirib.

Qeyd edək ki, təqdimatı keçirilən “Azərbaycan Respublikasının konstitusiya hüququ” dərsliyinin  rəyçiləri hüquq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məsumə Məlikova, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, professor Ziyafət Əsgərov və BDU Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdir.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir