Cəmiyyət

Bu qədər cinayətə hətta ömürlük həbs cəzası belə azdır…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bəli, indi onlar adlı-sanlı, var-dövlətli “generaldılar”. Bütün var-dövlətlərini də azərbaycanlıların qanı üstündə əldə ediblər. Əsir düşən azərbaycanlıları pul, benzin, solyarka qarşılığına geri qaytarıblar. Həmçinin meyitlərini də. Elə bilirsiniz ki, Xocalıda qətlə yetirilən günahsız insanların meyitini ermənilər elə-belə veriblər? Qətiyyən! Erməni əsirlərin qarşılığında bizimkilər qətlə yetirilmiş Xocalı qurbanlarının meyitini geri alıb Ağdam məscidinə gətiriblər. Faciə və dəhşət üzərindən erməni “generallar” nüfuz sahibi olublar.

Son günlər sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsində baş verənlər daha çox müzakirə olunur, video və fotolar paylaşılır, yaşadıqlarımız müqayisə olunur. “O vaxt və indi”, “Onlar və biz” və s.

Hələ bunu gözləri ilə görmüş, ağrısını, acısını öz canında hiss etmiş insanlarımız da var. Məsələn, Xocalıdan erməni vəhşilərinin əlindən qaçmağa müvəffəq olan Ləfxanım… Balaca, ayaqları don vurmuş iri gözlü, dağınıq saçlı balaca Ləfxanımın videosu yəqin ki, yadınızdadır… Gözləri müharibə dəhşətlərlərindən daha da böyümüş balaca qızcığaz… 

Bu dəhşətlərin, faciənin, vandallığın qurbanı olan insanlarımız, ermənilər tərəfindən işgəncələrə məruz qalan, doğranılan insanlarımız da az deyil.

Əsirlərin öldürülməsi, işgəncəyə məruz qalması beynəlxalq hüquqa görə (hansı ki, adı var, öz yoxdur) hərbi cinayətdir. Amma və lakin bu 30 ildə bir erməni əsgəri, bir erməni hərbçisi etdiklərinə görə cəzasını almayıb. Adım kimi əminəm ki, əgər biz belə bir şey etsəydik indi bütün dünya bizi İranın gününə salmışdı.

Əskimiz tüstülüdür. Azərbaycan dövlətinin bu gün apardığı mübarizə çox ağır şərtlər əsasında gedir. Hər tərəfdən təzyiq, hər tərəfdə düşmən. Bu gün Azərbaycan dövləti bildirir ki, əli azərbaycanlı qanına batmış hər bir kəs qanun qarşısında cavab verəcək. Adından, rütbəsindən asılı olmayaraq. 

Artıq Ruben Vardanyanın, qondarma respublikanın “Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyan və Davit Manukyan Qarabağda törətdikləri terrorçuluq cinayətlərinə görə həbs ediliblər. Və bu fakt bizə düşünməyə imkan verir ki, digər qatillər də əliqandallı Bakıya gətiriləcəklər. 

Və o vaxt ədalət bərqərar olanda yəqin narahat ruhlar da sakitləşər. Ən azı Nürnberq prosesi kimi bir məhkəmə keçirtməliyik. Nürnberq prosesində dörd istiqamətdə ittiham irəli sürülürdü. 

Bəs onlar hansılardır? 

Nasist partiyasının planları, bütün dünyaya qarşı təcavüzkarlıq;
Sülhə qarşı cinayət;
Hərbi cinayətkarlıq;
İnsaniyyətə qarşı cinayət.

İndi bir baxın ki, bu dörd ittiham necə də I Qarabağ müharibəsində Azərbaycana qarşı edilən vəhşiliyi özündə əks etdirir.
Sadəcə nasist adını erməni millətçiliyinə dəyişirik və hər bir söz üst-üstə düşür. 

Bu prosesi həyata keçirtmək üçünsə hər bir imkanımız var. Sübutlar, foto və video materiallar, şahidlər və əli qandallı cinayətkarlar. Niyə bunun altını cızıram? Son günlər sosial şəbəkələrdə və digər KİV-də ermənilərə  əsir düşmüş, ətrafında erməni hərbçilər, əlində Azərbaycan bayrağı olan gənc oğlanın fotoşəklinə yəqin ki, çoxunuz rast gəlmisiniz.

Bu cavan oğlan əsir düşdüyü an belə bayrağı yerə qoymayan Natiq Qasımovdur. O zaman Natiq Qasımov Birinci Qarabağ müharibəsinə könüllü yollanır. Evdə isə heç kimə heç nə demir. Sadəcə məktub yazıb yola düşür.

Müharibə isə ölüm deməkdir. Cavan, 1971-ci il təvəllüdlü Natiq bunu gözə alaraq, 1991-ci ildən “Qarabağ şahinləri” batalyonunun tərkibində Qarabağda döyüşür. Yüksəkliyi ələ keçirtmək uğrunda döyüş yoldaşları ermənilər tərəfindən öldürülür. Natiq təkbaşına ermənilərlə 5 gün 5 gecə döyüşür.

Ermənilər isə elə düşünülər ki, kilsədən onlara atəş açanların sayı çoxdur, ən azı bir briqada adam var. Amma Natiq tək idi. Natiqi ələ keçirtmək üçün ermənilər özlərinə sadiq qalaraq şantaj və hiyləyə əl atırlar. Xocalıda əsir alınmış bir adamı Natiqin yanına göndərib deyirlər ki, “əgər yüksəklikdəki kilsədə döyüşən adamlar təslim olmasalar, o zaman Xocalıdan əsir götürdüyümüz adamları gülləyib öldürəcəyik”.

Natiq təslim olmağa razı olur. Və ermənilər onu dindirilməyə aparırlar. 

Bura kimi hər şey standart müharibə tablosunu xatırlatsa da, hadisənin davamı kino kimidir. Yeri gəlmişkən, bu hadisəni özündə əks etdirən “Oğul” sənədli filmi də çəkilib.

Qayıdaq ermənilərə əsir düşən Natiqə. Təsadüfdənmi, zərurətdənmi, Natiqi ermənilər əsir götürüb dindirilməsi zamanı İtaliyalı hərbi fotoqraf Enriko Sarsini bir neçə fotoşəkil çəkir. Və şəkildə digər quldurlarla yanaşı bu hərbi cinayəti həyata keçirən cəllad, hərbi cinayətkar, bu gün isə “general” Vitali Balasanyanı da görürük.

Maraqlısı odur ki, Vitali Balasanyan özü də bu sənədli filmə çəkilib. Natiqin fotosunu ona göstərəndə isə, bu adamı tanımadığını deyir. 
Filmdə yer alan digər erməni isə bildirir ki, Vitali şəxsən Natiqi dindirib, özü də təmiz Azərbaycan dilində. Sonra isə Natiqi doğrayaraq öldürüblər.  

Digər azərbaycanlı əsirlərin dediyinə görə isə ermənilər Natiqi diri-diri yandırıblar. Təbii ki, 5 gün erməninin anasını ağlar qoyan Natiqi erməni sağ saxlamazdı. 

Bu gün belə Natiqin ailə üzvləri onun itkin düşməsi ilə barışmırlar. Çünki nə ölüsü, nə də dirisi yoxdur. Yaxınları isə düşünür ki, azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş Vitali Balasanyan həbs olunsa, onun ifadələri Natiqin taleyinə aydınlıq gələcək.  

Nə qədər ağrılı olsa da, anlaşılan odur ki, bizim mübarizəmiz hələ bitməyib. Bəlkə də, hələ yolun başındayıq. Vitali kimi hərbi cinayətkarlar mütləq həbs olunmalı və dar ağacında asılmalıdır.

Çünki bu qədər cinayəti ömürlük həbs cəzası örtə bilməz. Natiq və onun kimi yarım qalmış taleləri isə heç bir həbs geri qaytarmayacaq. Natiqin anası isə hələ də oğlunun yolunu gözləyir. Ona deyəndə ki, Natiq 5 gün 5 gecə ermənilərlə döyüşüb, ananın ilk sözü bu olub, “can balam, 5 gün çörəksiz, susuz necə qalıb?”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir