Cəmiyyət

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Gürcüstan, Avstriya və Macarıstanda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror tədbirləri zamanı qazandığımız uğurdan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ASAP Gürcüstan nümayəndəliyinin və Alyans Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra ölkəmizin Gürcüstanda olan səfirliyinin nümayəndələrinin və tarixçi alimlərin çıxışları dinlənilib.  

ASAP Avstriya nümayəndəliyinin üzvləri isə Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin qarşısında bir araya gələrək Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Toplaşma zamanı azərbaycanlı gənclər İkinci Qarabağ müharibəsinin şəhidlərini yad etmək məqsədi ilə gül qoyub və şam yandırıblar. 

Macarıstanın Budapeşt şəhərində ASAP Macarıstan nümayəndəliyi üzvləri, azərbaycanlı tələbə və məzunlar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanlı tələbələr Budapeştdə yerləşən səfirlikdə toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş guşəyə gül düzüblər. Tədbir iştirakçılarına Vətən müharibəsindəki şanlı qələbəmiz və antiterror tədbirləri zamanı ordumuz tərəfindən qazanılmış uğurlu nailiyyətlərimizlə bağlı məlumat verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir