Cəmiyyət

Qarabağı azad edən Ordunun təminatının başlandığı yerdən REPORTAJ – FOTO

Sharing is caring!


Bura Azərbaycan Ordusunu əşya ilə təmin edən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazasıdır.

Müdafiə Nazirliyinin şəxsi heyətinə, əsgərlərə gedən əşyaların hamısı buradakı saxlanclarda toplanır.

Oxu.Az-ın əməkdaşları bu dəfə Mərkəzi Əşya Bazasında olublar.

Baza inzibati və texniki hissələrdən ibarətdir.

İnzibati ərazidə xidməti otaqlar, camaşırxana kombinatı, yanğınsöndürən komanda və şöbələr yerləşir.

Texniki ərazidə isə əşya əmlakını saxlamaq üçün saxlanclar mövcuddur. Bəziləri inşa edilib, bəziləri isə təmir olunub.

Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasının rəisi polkovnik-leytenant Şaiq Abbasov deyir ki, Mərkəzi Əşya Bazasında nümunələr otağı yaradılıb:

“Bütün növ qoşun geyim əmlakları ilə komplektləşdirilib. Artıq yay mövsümünün sonlarına yaxınlaşırıq. Bu mövsümdə əşya xidmətinin əsas vəzifələrindən biri soyuq iqlimli yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarətdir.

Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də hərbi hissələrin şəxsi heyətinin isti inventarla – yarımkürk, keçəli çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz botinka, içi xəzli dəri əlcək və sair əmlaklarla – təminatını təşkil etməkdən ibarətdir.

Ordumuzda istər zabit, istərsə də əsgər heyəti eyni dəridən tikilən botinka, eyni parçadan tikilən geyimlə təchiz edilir. Bu siyahıda yalnız poqonlar və kokardalar, yəni fərqləndirmə nişanları istisna təşkil edir ki, bu da təbiidir. Zabit və əsgərlərimizin sviterlərində fərq yalnız rəngindədir, bu da şəxsi heyətin kitelsiz olduğu müddətdə zabit heyətinin seçilməsi üçündür. Bütün bunlar dünyanın inkişaf etmiş ordularında da belədir”.

Əmlaklar müəssisələr tərəfindən gətirilən zaman əvvəlcə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır.

Bura ilə tanış olan zaman kapitan Ata Şıxəliyev deyir ki, əgər əşya ilə bağlı müsbət cavab verilərsə, o zaman müvafiq qaydada tədbir görülür:

“Bu zaman geyimlər Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir. Bizim laboratoriya Silahlı Qüvvələrin istifadəsində olan bütün növ əmlakı istənilən parametr üzrə analizdən keçirməyə imkan verir.

Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təsirlərə, rezin materialların aşınmaya, nümunələrin hava keçirməsi və partlama qüvvəsinin sürtünməyə qarşı davamlılığını və sair yoxlayır. Laboratoriyalarımız, həmçinin, dərinin və parça materialların sukeçirmə qabiliyyətini, ayaqqabının statik, dərinin dinamik şəraitdə su keçirməsinin sınağını aparmaq üçün və sair cihazlarla təchiz edilib”.

Məsələn, laboratoriyada əşyaların sürtünməsi, dözümlülüyünün təyin edilməsi səkkiz dəqiqəyə kimi davam edir. Rezin altlıqların sərtliyini təyin edən cihazda isə nümunənin üç-dörd yerindən yoxlanılır.

A.Şıxəliyev əlavə edib ki, burada olan başqa bir cihazla rezin altlıqların götürülən nümunələrlə əsgərin çöl şəraitində, dağlıq ərazidə hərəkət edən zaman ayaqqabısının altlığı daşa sürtüldüyündən onun hansı müddətdə, hansı məsafəyə dözümlü olması təyin edilir:

“Təyin olunmuş normaya uyğun sınaq nəticələrinin cavabına görə məhsul keyfiyyətlidirsə, istehsalata buraxılır. Məsələn, burada aparat var ki, ayaqqabının suyadavamlılığını yoxlayır. Altı saat ərzində dəri 30 faizdən çox olmayaraq suyu çəkməlidir. Daha sonra həmin dərinin nə qədər su çəkdiyi yoxlanılır və su keçirmə faizi 30 faizi keçməyibsə, müsbət cavab verilir.

Qeyd edək ki, laboratoriyada gələn bütün əşyalardan nümunələr götürülür və yoxlanılır.

Burada parçaların təbii iqlim şəraitində rənginin həssaslığını yoxlayan cihazlar, parçadan nümunələr kəsmək üçün alətlər var.

Azərbaycan Ordusunun şəxsi heyətinin təminatı üçün nəzərdə tutulan əşya əmlakının etalon nümunələrinə də baxış keçirdik.

Burada Azərbaycan Ordusuna məxsus – Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri hərbi qulluqçularının geyim nümunələri və fərqləndirmə nişanları mövcuddur.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir