Cəmiyyət

Əhliman Əmiraslanov: “Biz toxuma transplantasiyasında geri qalmışıq”

Sharing is caring!


“Biz toxuma transplantasiyasında geri qalmışıq. İspaniya bu sahədə liderlik edir”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün “Xidmətlər Zərfinin” təqdimatına dair tədbirində çıxış edərkən deyib. 

O bildirib ki, Azərbaycan bu mövzuda çox geridə qalır:

“İki il əvvəl biz Milli Məclisdə orqan transplantasiyası ilə bağlı qanun qəbul etdik. 

Artıq bu qanunun işləmə mexanizmi Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb. Bu gün ölkəmizdə orqan və toxumaların köçürülməsi üçün mövcud olan problemlərin böyük hissəsi aradan qaldırılıb. Lakin orqan və toxuma transplantasiyası ilə bağlı məhdudiyyətlər var, bu məni narahat edir. Mən başa düşürəm ki maliyyə cəhətdən limit var, digər tərəfdən klinikaların imkanları məhduddur. Bizdə bu gün sümük iliyinə, qaraciyər transplantasiyasına icazə verilsə də, nə bizdə bu sahədə kifayət qədər peşəkar kadr var, nə də tibb müəssisələri o imkanlara malikdir.

Əgər biz geniş imkanlarla gələcəkdə orqan və toxuma transplantasiyalarının aparılmasına icazə versək, xidmət səviyyəsi yüksək olan tibb müəssisələri tapmaq olar. Əvvəl heç bir orqan transplantasiyası olmadığı halda bu gün il ərzində 20 nəfər də olsa, bu xidmətdən yararlana bilər. 

Nəzərə alaq ki, bu əməliyyatlar 200-250 min dollar civarındadır. Görün, nə qədər insan bu xidməti gözləyir. Düşünürəm ki, dövlət tərəfindən və əhalidən toplanan vəsaitlər, mürəkkəb transplantasiyaları həyata keçirəcək geniş imkanları olan tibb müəssisələrinə ehtiyac var. Bəzi xəstəxanalarda artıq növbələr dolub və yer yoxdur”. “Xidmətlər zərfinə beyində xoşxassəli şişlərlə bağlı bir məqam salınıb. Mən hesab edirəm ki, bizdə icbari tibbi sığortadan kənarda heç bir patologiya, xəstəlik qalmamalıdır. 

Dünyada əhali arasında ən çox ölümə səbəb olan iki xəstəlikdən birinin də icbari tibbi sığortada olmaması başa düşülən deyil. Təəssüf doğurur. Bilirsiniz ki, onkoloji xəstəliklərin müalicəsi ciddi vəsait tələb edilir. Bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyonluq vəsait ayrılıb amma bu xəstələrin sayı ilə düz gəlmir. Bir ailədə iki xəstə varsa, biri ürək, digəri onkologiyadan əziyyət çəkir. Ürək problemi olan icbari tibbi sığorta hesabına əməliyyat olunur, həyata qayıdır, onkoloji xəstə isə qalır ki, vəsaiti haradan tapım?” – deyə Əhliman Əmiraslanov qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir