Cəmiyyət

Hörmətli ABŞ səfirliyi, bu gün belə təxribat dolu paylaşım etməkdənsə…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

27 Sentyabr – Anım Günüdür. Məktəbə gedən uşaqlar da əllərində şəhid şəkilləri və bayrağımızla getdilər.

Səhər saatlarından xalq şəhidlərin müqəddəs ruhunu və xatirəsini anmaq üçün II Fəxri Xiyabana axışdı.

Bu gün hər birimiz üçün mənəvi cəhətdən ağır gündür, bəlkə də bu mənəvi ağrı çoxumuzda fiziki ağrıya çevrilib. Çünki canımızdan-can, qanımızdan-qan vermişik iki il əvvəl. 

Bəli, 2020-ci ilin 27 sentyabrında Ermənistanın hücumunu dəf etmək üçün Azərbaycan ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. 

44 gün ərzində ağlımıza gəlməyən zəfəri yaşadıq, birliyi yaşadıq. Bir güldük, bir ağladıq, bütöv olduq. Şəhidlərimizi birgə dəfn etdik. Sınmadıq, qırılmadıq, dik durduq! Gözümüzün yaşını silib, yolumuza davam etdik. 

Müharibənin üstündən iki il keçməsinə baxmayaraq bizim haqlı qələbəmizi hələ də aşağılamaq istəyənlər var. Şəhid qanı bahasına geri qaytardığımız torpaqları saya almamaq istəyənlər var. 

Əllərinə imkan düşən kimi bizi alçaltmaq, axmaq yerinə qoymaq istəyənlər var. 

Amma bizi axmaq yerinə qoymaq istəyənlərə demək istərdim ki, şərq çox incədir. Sizin sətiraltı yazıyla bizə çatdırmaq istədiyinizi, biz gözüyumulu oxuyuruq və çox gözəl anlayırıq.  

ABŞ-ın Azərbaycandakı çox hörmətli səfirliyi rəsmi “Facebook” səhifələrində ANIM GÜNÜ ilə bağlı belə bir namə yazıb. Mətndə qeyd olunur ki, “27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir”. 

Çox hörmətli səfirlik! Diqqətinizə çatdırmaq istərdim ki, 27 sentyabr Azərbaycan üçün ANIM GÜNÜDÜR! Biz bu gün ölkəmizin suverenliyi, bütün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini anırıq! Bu günün qarşı tərəfə heç bir aidiyyəti yoxdur. 

Bu münaqişə deyil, müharibədir. Və bu müharibədə Ermənistan sivil insanlara qarşı da terror törətdi. “İsgəndər”, “Toçka-U”, istifadəsi qadağan olunmuş fosfor və kaset bombaları ilə Gəncə və Bərdədə sivil insanların qətliamını törətdi. Hörmətli ABŞ səfirliyi, sizin kəşfiyyat materiallarınızda bu faktlar olmamış olmaz… 

Bu gün belə bir təxribat dolu paylaşım etməkdənsə, etməməyiniz daha doğru olardı. Ən azından həyatda olmayan qəhrəmanların ruhuna hörmət əlaməti olaraq.  

Amma ABŞ-da hörmət nə gəzir? 

ABŞ-da Azərbaycanın ərazi bütövlüyünü tanımaq nə gəzir? 

Əgər rəsmi ABŞ Azərbaycan ərazisini tanıyırsa, o zaman niyə prinsipial olaraq, diplomatik nümayəndələr dəfələrlə dəvət olunmalarına rəğmən 30 il erməni işğalı altında qalan, bu gün isə azad olunan Şuşaya səfər etmirlər? 

Yoxsa ABŞ nümayəndələri Paşinyanla “Cıdır düzündə” yallı getmək arzusundadırlar? Azərbaycanın bayrağını Şuşa qalasında görmək onlar üçün qəbuledilməzdir bəlkə? 

Əgər ABŞ Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdirsə, o zaman niyə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi birtərəfli olaraq İrəvana rəsmi səfər edir? Əgər həqiqətən də regionda balanslı siyasətin aparılması uğrunda bu qədər cəhd göstərirdisə, Nensi ən azı Bakıya da səfər etməli idi. 

Tsitsernakaberddə (Qondarma erməni soyqırımı memorial kompleksi – red.) timsah göz yaşı tökəndə, bir dəfə də bizim Şəhidlər xiyabanına, II Fəxri xiyabana da baş çəkməli idi.

Əgər bütün bunlar aşkarcasına, hətta kobudcasına edilmirsə, deməli məsələ birbaşa olaraq erməniləri və Ermənistanın separatçı siyasətini dəstəkləməkdən gedir. 

Niyə Azərbaycanda yerləşən ABŞ səfirliyi ANIM GÜNÜ sözünün dilinə gətirmir? Ermənilərdən ayıbdırmı deyə?

Yoxsa Paşinyandan qorxurlar deyə hisslərini səmimi ifadə edə bilmirlər? 

Bəs niyə asanlıqla “qondarma erməni soyqrımı”nı qəbul edir, hər il təzimə gedirlər? Nə Türkiyədən, nə Azərbaycandan utanmadan. Eyni hərbi blokda NATO-da müttəfiq olduqları Türkiyəni heçə sayırlar. Hər zaman Türkiyədən nəyisə almaq istəyəndə “erməni soyqrımı” rıçaqını işə salmaları da artıq hamıya məlumdur. Bu iyrənc oyunu hara qədər oynayacaqlar görəsən? Heç kim də deməsin ki, ABŞ-da erməni lobbisi böyük rol oynayır. Əgər hansısa lobbi ABŞ hökumətindən daha qüdrətlidirsə, onda bu hökumət nəyə lazımdır?! Axırıncı çıxan işığı söndürsün o zaman. 

Sonda demək istərdim ki, ABŞ kiminlə sevgi yaşayırsa özü bilər, kiminlə öpüşür, kiminlə qucaqlaşır, onu da özü bilər. 

Amma və lakin Azərbaycan xalqının mənliyi və qeyrəti ilə oynaya bilməz. Buna haqqı yoxdur. ABŞ-ın dolayı yolla bizim şəhidlərə əl uzatmasına isə nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı yol verməyəcək!  

Bu gün – ANIM GÜNÜ bizim üçün müqəddəs gündür! Bu günün müqəddəsliyinə isə heç kim şübhə edə bilməz!

Qeyd edim ki, Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə hələ də itkin sayılır.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirik!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir