Cəmiyyət

Əli Əsədov: “Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”

Sharing is caring!


Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib.

Ə.Əsədov vurğulayıb ki, buna nail olunması dövlət başçısının hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biridir.

Onun sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.

“İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Məhz bu baxımdan ortamüddətli dövrdə də hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsidir”, – deyə baş nazir qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3%-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9%, 2026-cı ildə 4,4%, 2027-ci ildə 4,2% səviyyəsində proqnozlaşdırılır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 11,7% səviyyəsində qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir