Cəmiyyət

Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində yeni təmir olunmuş məktəbin açılışı olub – FOTO

Sharing is caring!


Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonunun Hamamlı kəndində yeni təmir olunmuş orta məktəbin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Dmanisi rayonunun meri Koba Muradişvili, bələdiyyə sədri Paata Quliaşvili, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Bildirilib ki, yeni tədris ilində istifadəyə verilmiş məktəbdə uşaqların normal təhsil almaları üçün bütün şərait yaradılıb. Məktəbin binasında, həmçinin körpə uşaqlar üçün uşaq bağçalarını əvəz edən hazırlıq kursları da təşkil olunub. Hazırda məktəbdə 250 nəfər təhsil alır. Qonşu Məmişli, Səfərli və Tqizuri kəndlərində müasir tipli məktəb olmadığı üçün bu kəndlərin uşaqları da Hamamlı məktəbində təhsil alırlar.

Mer K.Muradişvili deyib ki, bu kəndlərdə də yeni məktəblər tikilir və yaxın vaxtlarda həmin kəndlərin sakinləri də öz məktəblərində normal təhsil ala biləcəklər. Onun sözlərinə görə, Hamamlı kəndində yeni uşaq bağçası da tikilir.

Səfir Faiq Quliyev məktəblə tanış olub, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Səfir məktəbə kompüter dəsti hədiyyə edib.

Məktəbin şagirdləri Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini, “Azərbaycan əsgəri” və digər mahnıları ifa ediblər.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində Xırdalan Musiqi Məktəbinin kollektivi Dmanisi Mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir