Cəmiyyət

Siz robotun maşınına oturarsınızmı?

Sharing is caring!


Qan Turalı yazır…

Dəyişikliyi tələbat yaradır. Tələbat olmasa bütün yeniliklər tətbiq edilmir, unudulur, yaddan çıxır. Bu qayda ictimai həyatın bütün sahələrinə və az qala bütün kəşf və icadlara da aiddir. 

Bu il bizim cəmiyyətin hərarətlə müzakirə etdiyi mövzulardan biri də heç şübhəsiz ki, taksi problemidir. Hərə bir təklif verir, sürücülər də, sərnişinlər də, müvafiq dövlət qurumları da narazıdır. Hamının razı olduğu bir məqam var. O da bundan ibarətdir ki, bu sistem dəyişilməlidir. Ancaq necə? Problem də buradadır. Biz bunları müzakirə edərkən uzaq Los-Anceles şəhərinin sakinləri nəyi və necə müzakirə edir? 

ABŞ-nin Los-Anceles şəhərində avqust ayının 10-undan etibarən sürücüsüz taksilərin fəaliyyətə başlamasına icazə verib. Və artıq şəhərin küçələrində sürücüsüz taksilər fəaliyyətə başlayıblar. Bir aya yaxındır ki, iki şirkət bu xidməti 24 saat ərzində həyata keçirir. Bu zamana qədər isə ancaq gecə sürücüsüz taksilərin fəaliyyətinə icazə verilirdi. 

Narazılıqlar isə çoxdur. Hələ bu barədə qərar verməmişdən altı saatlıq bir iclas keçirilmiş və iclasda bəzi iradlar və şikayətlər qeydə alınmışdı. Misal üçün, sürücü bir qadın yeni xidmətin onları işlərindən məhrum edəcəyindən narahat idi. Zibillik xidməti və yanğınsöndürənlər maşınlarının qarşısının sürücüsüz taksilər tərəfindən kəsildiyini bildirirdi. Bir çoxları isə sürücüsüz taksilərin təhlükəli olduğunu düşünür. 

Ancaq yeni taksiləri müdafiə edənlər də az deyil. Misal üçün, iştirakçılardan biri taksi sürücülərinin kobudluğundan şikayət edir və robot taksilərin bu barədə ideal olduğuna diqqət çəkir. Bir ana isə sürücülərin uşaqlı sərnişinləri maşına götürmədiyindən danışır. Digəri isə sürücülərin qadınlara münasibətdə əxlaqsızlıq etdiyini vurğulayaraq robot taksilərin bu problemi kökündən həll etdiyinə inanır. 

Məsələlər təkcə bununla yekunlaşmır. “Safe Street Rebel” adlı hərəkat robot-taksilərə qarşı inamla mübarizə aparır. Onların mübarizə forması da kifayət qədər bəsitdir. Bu metod “coning” (konuslama) adlanır. Belə ki, hərəkatın üzvləri robot-taksilərinin kapotlarına konusşəkilli nəqliyyat plastikləri qoyur. Bununla da robotlar yolu görə bilmirlər və nəqliyyat vasitəsinin hərəkəti dayandırılır. “Safe Street Rebel” hərəkatının üzvlərinin də, tərəfdarlarının da sayları kifayət qədərdir. 

Əslində, bütün yenilikçi ideyaların ilk tətbiq zamanlarında bu və bunun kimi problemlərin ortaya çıxması tamamilə təbiidir. Söz yox ki, bu iradların bəziləri də əsaslı xarakter daşıyır. Ancaq ilk abzasda da ifadə etdiyimiz kimi yeniliyə tələbat varsa, o tezliklə öz yerini tutacaq. 

Söz yox ki, robot-taksilərin də müəyyən problemləri var. Ancaq bu problemlərin həlli də mümkündür. Hər hansı bir ideyanın gerçəkləşməsi üçün əvvəlcə o öz iqtisadi zəminini tapmalıdır. İndi təsəvvür edək, hər hansı bir nəqliyyat şirkəti sürücülərə bir neçə min dollar maaş ödəməkdənsə, sürücüsüz maşınlara yönələcək. Bu adi bir iqtisadi hesablamadır. Eləcə də müxtəlif səbəblərdən sərnişinlər üçün də robot-taksilər daha rahat olacaq. Əvvəlki taksilərdən sürücülərlə bağlı yaşanan xoşagəlməz hallar artıq burda yaşanmayacaq. Göründüyü kimi, təklif tələbi, tələb də təklifi doğurur. Bu razılaşmada isə taksi sürücülərinin öz işlərini itirməsi isə heç bir halda diqqətə alınmır. Çünki kapitalist sistemin fəaliyyət qanunları bu cür humanist məramları güdmür. 

Yaxın illərdə ölkəmizdə də bu cür robot-taksiləri görmək ümidi ilə… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir