Cəmiyyət

“Genetik faktora əsasən, psixi xəstəliklər nəsildən-nəslə ötürülür” – AÇIQLAMA + FOTO

Sharing is caring!


2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6 983 nəfər olub. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb. 

Belə ki, əgər 2020-ci ildə 4 039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 4 751 nəfərə, 2022-ci ildə isə 6 983 nəfərə çatıb. 

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113 836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106 299 nəfər, 2021-ci ildə 109 107 nəfər idi. 

Azərbaycanda son illər psixi xəstələrin sayı artıb. Qorxunc statistika hər kəs tərəfindən maraqla qarşılanıb.

Bəs görəsən, psixi xəstəliyi yaradan amillər hansılardır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-psixiatr İkram Rüstəmov psixi xəstələrlə bağlı statistikanın ildən-ilə artdığını qeyd edib:

“Psixi xəstəlik amilləri qruplara bölmək mümkündür. Psixi xəstəliklər əsasən bioloji, psixoloji və sosial səbəblərə görə yaranır. Hər il statistikanın artmasının da müxtəlif dinamik səbəbləri ola bilər. Statistika texniki səbəblərə görə, artır. Bir növ ildən-ilə xəstəliklər daha yaxşı ayırd edilə bilir. Bu səbəbdən də rəqəmlər dəyişir”.

Psixiatr bioloji səbəblərin bütün növ xəstəliklərlə eynilik təşkil etdiyini söyləyib:

“Burada genetik faktor əsas rol oynayır. Genetika müəyyən dərəcədə dəyişir. Yediyimiz qida, ətrafdakı radiasiya buna daha çox təsir edir. Bu da öz növbəsində genetik strukturumuza təsirlər buraxır, bioloji məqamlara mənfi təsir göstərir. Qida faktoru da əsasdır. Genetik faktora əsasən, psixi xəstəliklər nəsildən-nəslə ötürülür.

Psixoloji səbəb isə insanların düşüncələridir. Uşaq  böyütmək problemi, ailədə insanların xoşbəxt olmaması, iqtisadi problemlər psixologiyanı pozur. Bu da beyində xəsarət izləri buraxır.

Sosial səbəb isə ümumidir. Sosial medianın təsiri, insanların tənhalaşması, qohumluq əlaqələrinin soyuması, bayramların səmimiyyətsiz və mənfəət çərçivəsində keçirilməsi psixi problemləri artırır”.

“Günümüzdə hər üç səbəbdə olan amil isə texnologiyanın inkişafıdır. İnsanlar texnologiyadan əl çəkmədən bütün günü telefonlardan istifadə edirlər. Bu kimi məqamlar xəstəliyin artmasına gətirib çıxarır.

Psixi xəstəliyin dəqiq yaşı yoxdur. Yeni doğulan körpədən tutmuş, 90 yaşlı qocaya qədər hər kəsdə bu xəstəlik yarana bilər”, – deyə İ.Rüstəmov əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir