Cəmiyyət

Mağazalar nağdsız ödənişdən niyə boyun qaçırır?

Sharing is caring!


Uzun illərdir ki, nağdsız ödənişlərlə bağlı tədbirlər həyata keçirilsə də vəziyyət çox az dərəcədə dəyişib. Bu gün bölgələrdə nağdsız ödəniş sistemi bərbad vəziyyətdədir.

Bu problem Bakıda və digər mərkəzi şəhərlərdə də yox deyil. Məsələn, müştərinin alış-veriş və yaxud nahar edərkən ödənişi nağdsız etmək istəyi əksər hallarda qulaqardına vurulur. Bunun üçün də müxtəlif bəhanələr gətirilir. Çox vaxt deyirlər ki, POS-terminal işləmir.

Müştəri təkid edəndə isə ona kiminsə bank hesabını və yaxud kart nömrəsini verirlər. Bu isə birbaşa hüquq pozuntusudur. Nəticədə vətəndaş həm diskomfort yaşayır, həm də ƏDV-ni geri almaq hüququndan məhrum edilir.

Məsələ ilə bağlı Bizim.media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu birbaşa istehlakçıların hüquqlarının pozulması kimi dəyərləndirib:

“Eləcə də, bu, dövlətin qanunlarına qarşı çıxmaqdır. Şübhəsiz ki, burada məqsəd vergidən yayınmaq və gizli gəlir əldə etməkdir. Çox təəssüf ki, Vergi Xidməti buna prinsipial yanaşmır. Bu problem təkcə restoran və kafelərdə deyil, iri ticarət mərkəzlərində də var.

Məsələn, “Sədərək” ticarət mərkəzində uzun illərdir ki, kassa çeki problemə çevrilib. Uzun illərdir ki, biz bunu deyirik. Orada bütün əməliyyatlar nağd aparılır. Çek tələb edəndə də müxtəlif bəhanələr gətirilir”.

Eyyub Hüseynov onu da qeyd edib ki, istehlakçının ödəniş formasını seçmək hüququ var:

“İstəsə, nağd, istəsə, nağdsız ödəniş edə bilər. Baxmayaraq ki, hökumətimiz də uzun illərdir ki, nağdsız ödənişi təşviq edir, çox təəssüf ki, bütün görülən tədbirlərə rəğmən, sahibkarlıq subyektləri nəinki qanunu pozur, üstəlik istehlakçıların əsəbləri ilə oynayırlar.

Bütün hallarda haqsızlıqla üzləşən istehlakçılara “195” qaynar xəttinə müraciət etmələrini məsləhət görürəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir