Cəmiyyət

İnsan mənliyini nə qədər itirə bilər ki?

Sharing is caring!


Rövşən Əsədov yazır…

2018-ci ilin iyul ayının 3-ü idi. Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı kafedə dostumla söhbət edirdim. Qəfil ajiotaj, səs-küy yarandı. Təcili tibbi yardım maşınlarının səsi bir anda ətrafdakılarda vahimə yaratdı. Tez qalxıb stansiyanın çıxışına doğru yüyürdük. Xatırlayırsınızsa, texniki nasazlıq səbəbindən həmin vaxt ölkədə elektrik enerjisinin verilişi dayandırılmış, qatarlar tuneldə qalmışdı. Huşunu itirənlər, özünü pis hiss edənlər, qorxanlar… Hönkürtü səsləri qışqırıqlara qarışmışdı. Polislər, mülki şəxslər metroda halı pisləşənləri qucaqlarına alıb bayıra, havaya çıxarırdılar, tibb işçiləri öz işlərini görür, yardım edirdilər. Qorxu filmlərindəki vahiməli səhnələri real həyatda yaşayırdıq.

Stansiyanın pilləkənlərində halı pisləşən bir qadın oturmuşdu. Yaxınlıqdakı köşkə yaxınlaşıb qadın üçün su almaq istədik. O zamanlar adi suyun 0,5 litrinin qiyməti 30 qəpik idi. Amma vicdan hissini itirənlər həmin vəziyyətdən istifadə edib suyu bir manata satırdılar. Heç rəhm etmirdilər. Çünki çarəsiz, qorxmuş, təlaş içində olan adam artıq onun qiymətinin fərqinə varmayacaq, beş manata desələr də, o suyu alacaqdı.

Həmin situasiya sanki beynimə qazılmışdı. Məqamı gələndə dost-tanışa da danışıb, yenidən eyni hissləri keçirirdim. Dünən baş verən hadisə isə köhnəni əməllicə kölgədə qoydu…

…İşdən çıxıb evə gedirdim. Respublika Velotrekinin yanında, işıqforun qırmızı işığında gözləyirdim. Yaşıl işıq yanan kimi ayağımı pedala sıxdım ki, tərpənim. Maşında texniki nasazlıq yarandı, yerindəcə mıxlanıb qaldı. Nə etdimsə, faydası olmadı. Bununla, demək olar ki, yoldakı bütün hərəkət dayandı. Dərhal hər kəs siqnal verməyə başladı, təlaşa düşdüm. Elə bildim ki, yolun dörd bir tərəfində kilometrlərlə tıxaca səbəb olmuşam. Təlaşımı yenməyə çalışıb, qəza işığını yandırdım, sonra polislər yaxınlaşdılar. Bildirdim ki, maşın xarab olub. Ətrafdakı insanların da köməyi ilə maşını itələyib körpünün altındakı boşluğa saldıq. Nə illah etdim, maşını işə sala bilmədim. Məcbur olub evakuator çağırdım. Evakuatorun sürücüsü dedi ki, qardaş, çox sıxlıqdır, gözlə, gəlirəm. Utandım deyəm ki, səbəbkar özüməm.

Ətrafdakıların da hərəsi bir məsləhət verir, kömək təklif edir, lap başımı itirmişəm. Bu dəm bir ağsaqqal qoluma girdi. Dedi ki, oğul, mənim də maşınım səninkindəndir. Mən bilirəm, problem nədəndir. Sən kapotu aç, mən işıqla işarə verəndə akkumulyatorun kabelini tərpədərsən. Razılaşdım. Keçdi sükanın arxasına. Mən də kapotu açdım. Maşının qarşı tərəfinə keçəndə bilmirəm nədən, amma dalağım sancdı. Beynimdə siqnal yandı ki, bir əyil, bax bu “ağsaqqal” nə edir. Gördüm, qaranlığa, sıxlığa dalıb, əlini maqnitofonun altındakı gözə salıb. Düşündüm ki, yəqin, oralarda nəsə düymə, yaxud maşına bağlı hansısa hissə var, onu axtarır, yoxlayır. Ancaq sonra gördüyüm intuisiyamın verdiyi siqnalın tam yerinə düşdüyünü göstərdi: “ağsaqqal” maşının qapısındakı cibə qoyduğum pulqabımı götürüb öz cibinə basdı. Dərhal çevik hərəkət edib elə onu əli cibində, pulqabı ilə yaxaladım. Pulqabımı aldım, özünü də maşından çıxarıb qovdum. Arxasına da baxmadan qaçdı. Adamı polisə təhvil verəcək durumda deyildim. Heç adını, soyadını dəqiqləşdirib, şikayət etməyə də macal yox idi. Problemə problem əlavə etməmək üçün adamın dalınca düşmədim, “yatmış” avtomobilimi ustaya çatdırmağa çalışdım.

Problemin həlli üçün cəhdlərim “ağsaqqal”ın hərəkətindən yaranan təəssüratı bir qədər səngitsə də, maşın düzələndən sonra olayın şoku daha şiddətlə qayıtdı. İnsan mənliyini nə qədər itirə bilər ki, dar məqamda, köməksiz, çıxılmaz vəziyyətdə qalan birinə qarşı bu hərəkəti etsin?

Bir az toxtayandan sonra düşündüm ki, bu hadisələrin baş verməsində hər birimizin günahı var. Bu sahədə nə kimi işlər görmüşük? Nə vaxt bu kimi hadisələri bizim başımıza gətirənləri qınamışıq, nə zaman maarifləndirici işlər görmüşük?

Sosial şəbəkələrin dünya seqmentində bu kimi hadisələr görüntülənir, yaxud səhnələşdirilərək paylaşılır  və ya müxtəlif bloqerlər vasitəsilə prank halına salınaraq qınanılır, maarifləndirmə işləri aparılır. Bizdə vəziyyət necədir? Açırsan “TikTok”u, hamı canlı yayımda “jeton” dilənir, ya da cavan qızlar, bloqerlər boğazlarının damarları çıxa-çıxa, qışqıra-qışqıra bir-birlərini təhqir edirlər, biri digərinin izləyicilərini aşağılayır. Yaxud anormal işlərlə məşğul olub cəmiyyətə, xalqa, dövlətə fayda verməyən, heç ailəsinə xeyri dəyməyən insanları canlı yayımda 40 min insan izləyir. Hərçənd ki, həmin 40 min insana daha faydalı kontent təqdim edib onları maarifləndirmək olardı…

Bəziləri beş dəqiqəlik duellərdə minlərlə manat qazanırlar, amma cəmiyyətə bir faydaları yoxdur. Açırsan “Instagram”ı, çoxminlik izləyiciləri olan bloqerlərə baxırsan, hərəsi öz kefində, biri özünə “həci” axtarır, digəri ona “həci”si tərəfindən alınan ətri, gülü, maşını reklam edir, biri sükan arxasında canlı yayım açıb, nə təhlükəsizlik kəməri taxır, nə yol hərəkəti qaydalarına riayət edir, bir sözlə, sosial şəbəkədə sivil cəmiyyət əvəzinə, cəngəllik “qanun”ları təbliğ olunur. Xalqı, dövləti, onun gəncliyini, gələcəyini düşünən, onun üçün narahat olan kimsə yoxdur.

Cinayətkarların, oğruların hüquqi məsuliyyətə cəlb edilməsi bu kimi halların statistikasına ciddi təsir göstərmirsə, demək ki, bu da çıxış yolu deyil. Bununla köklü mübarizə maarifləndirmə işlərindən keçir. Birdəfəlik tədbirlərdən yox, illərlə, onilliklərlə davam edən tərbiyələndirmə işlərindən. Görünən mənzərə belədir ki, dövlət qurumları maarifləndirmə işləri ilə o qədər də ciddi məşğul olmur, qeyri-hökumət təşkilatları isə mövcudluğunu formal olaraq davam elətdirir. Onlar üçün bu gün var, yaşayırlar, sabah açılmasa da, açılmayacaq da, qəzavü-qədər belədir, öləcəklər… Yəni sabahın necə açılmağının, növbəti gün hansı cəmiyyətin içində həyatımıza davam edəcəyimizin onlar üçün heç bir mənası yoxdur.

Bu, çox pis tendensiyadır, vətəndaşlar, artıq bu haqda ciddi düşünməyin və silkələnməyin zamanıdır! Mənliyimizi itirsək, o mənasız sabahlar elə ha açılsın…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir