Cəmiyyət

Boş qalan “Twitter”də ermənilər meydan sulayır: Bir olmaq çağırışı

Sharing is caring!


“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərindən olan Aybəniz İsmayılova ermənilərin qeyri-adekvat və açıq-aşkar nifrət təbliğ edən şərhlərin hədəfinə tuş gəlib.

Oxu.Az-ın xəbər verir ki, Aybəniz İsmayılova “Twitter” sosial şəbəkəsində ermənilərin Azərbaycana qarşı davam edən nifrət nitqi ilə bağlı çağırış edib.

Həmin çağırışı təqdim edirik:

“Twitter” sosial şəbəkəsində edilən paylaşımlarda hazırda Füzulidə davam edən quruculuq işləri, yeni tikilən yaşayış kompleksləri, həmçinin bir neçə gün öncə cənab prezidentin Laçına səfəri zamanı qeydə alınan xoş məqamlar göstərilir.

Torpaqlarımızı azad etdikdən sonra demək olar ki, hər bir rayon və şəhərimiz bərpa olunur, müharibə və işğal dağıntıları tam yeni, abad, müasir yaşayış məskənləri ilə əvəz olunur. Bu, həm də bizim sülh istəyimizi göstərir. Bərpa edirik, müharibə istəmirik, sülhün bərqərar olmasından yanayıq. Azad olunmuş ərazilərimizdə baş verənlər təkcə bizim üçün yox, bütöv region üçün əhəmiyyətlidir. Çünki biz regionun uzun müddətdir davam edən münaqişə ocaqlarından birini aradan qaldırıb davamlı sülh üçün bu günə qədər görülməmiş müsbət zəmin hazırlamışıq. Bu sülh həm bizə, həm də regiondakı qonuşlarımıza daha gözəl gələcək vəd edir.

Amma erməni qonşularımız, görünür ki, bunu ya anlamırlar, ya da anlamaq istəmirlər. Onların sosial şəbəkələrdə Azərbaycana qarşı kütləvi nifrət nitqi, qarayaxma kampaniyası bütün baş verənlərə rəğmən hələ də davam edir.

Məsələn, Füzulidəki bərpa prosesi və Laçındakı şənliklər haqqında paylaşımlarımın şərh hissəsi qısa bir zamanda erməni istifadəçilərin belə demək mümkündürsə, hücumuna məruz qaldı.

Sən demə onlar üçün Azərbaycanın etdikləri yenidənqurma yox “etnik təmizləmə”, “propaqanda” imiş. Otuz ilə yaxın torpaqlarımızı işğal edib daşı daş üstündə qoymayan qonşu xalqın nümayəndələri Azərbaycanın etdiklərini həm də “məhvetmə” kimi təqdim edir. Hələ də separatizm və revanşizm meylləri sezilir – bizi azad etdiyimiz torpaqlardan qovmaqla hədələyir, oraların erməni əraziləri olduğunu iddia edirlər. Onlar üçün biz “Mərkəzi Asiyadan gəlmiş yadellilərik” və “geri qayıtmalıyıq”.

Bütün bunlar adamı qarışıq hisslər burulğanına salır. Bilmirsən bu ağılsızlığa güləsən, yoxsa sülh üçün bu cür əlverişli bir zamanda onun bu cür insanlar tərəfindən qətl edildiyinə üzüləsən.

Biz otuz il sonra öz dədə-baba torpaqlarına qayıdıb oranı viran görmüş insanlarıq. İndi sahibi olduğumuz şəhərləri, qəsəbələri, kəndləri bərpa edirik. Çünki böyük həsrətlə öz yurd-yuvasına qayıtmaq üçün gün sayan yüz minlərlə soydaşımız var. Çünki çoxdandır bu torpaqlardan didərgin salınmış həyat, sevinc, xoşbəxtlik kimi geri qayıtmağı gözləyən hisslər var. Çünki biz varıq – bu torpaqların əsl və əbədi sahibləri.

Bütün bunları qonşularımız da daxil olmaqla dünya ictimaiyyətinə çatdırmaq üçün həmrəy olmalıyıq. Bu həmrəylik sosial şəbəkələrdə də özünü göstərməlidir. Düşmənə fürsət verəndə daha çox düşmənçilik edir. Bir olub bunun qarşısını almalı, sülh çağırışımızı daha yüksək səslə bildirməliyik. Hər bir yanlış, qərəzli, nifrət dolu şərhə, fikrə, iddiaya tutarlı, gerçəkçi, faktlara əsaslanan cavabımız olmalıdır. Bunun üçün əlimizdə bütün imkanlar var. Öz torpaqlarımızdayıq, onları abadlaşdırırıq, kiminsə torpağında, malında, mülkündə gözümüz yoxdur. Sülh üçün qurub yaradırıq. Gəlin, bunu daha geniş auditoriyaya çatdırmaq üçün “Twitter” (çünki burada Azərbaycana qarşı məlumat kirliliyi daha çoxdur) başda olmaqla sosial şəbəkə seqmentində çiyin-çiyinə dayanaq, bir olaq, necə ki, bir olduq və torpaqlarımızı işğaldan azad etdik…”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir