Cəmiyyət

Nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı artıb

Sharing is caring!


Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-26-cı illər üçün dövlət proqramı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8 milyon 32 min 800 nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 10 milyon 156 min 400 nəfərə çatıb.

Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib. Həmçinin, orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirib.

Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 452,1 min nəfərə çatıb. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib.

Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. Qeyd edilənlərə əsasən, son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir