Cəmiyyət

2803 müəllim üçün SON ŞANS

Sharing is caring!


Ötən il sertifikatlaşdırma prosesindən kəsilən müəllimlərin təkrar sertifikasiyası sabah təşkil olunacaq.

Bunu Elm və Təhsil Nazirliyindən bildiriblər.

Sertifikatlaşdırma qaydalarına uyğun olaraq test imtahanlarının yeri və saatı  barədə məlumat müəllimlərin şəxsi səhifələrinə göndərilib.

Əmək məcəlləsinə uyğun olaraq, sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il – 2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak etmiş və onlardan 8843-ü keçid balını toplayıb.

Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçib. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə təyin edilib.

2022-ci ildə təşkil olunan sertifikatlaşdırılma  prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmayıb.

İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməyib.

Beləliklə, ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilib.

Qeyd edək ki, 2022-ci ildə sertifikasiya prosesinə çağırılan, lakin iştirak etmək istəməyən müəllimlər də olub.

Bunları da nəzərə alsaq, ümumilikdə qeyd edə bilərik ki, sabah 2803 nəfər ibtidai sinif müəllimi təkrar sertifikasiya imtahanlarına cəlb olunacaq. Bu, onların sonuncu şansı olacaq.

Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir