Cəmiyyət

Sel Göyçayda fəsadlar törədib, Aşağı Qaraməryəm kəndi ilə əlaqə tam kəsilib – FOTO

Sharing is caring!


Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabaqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda Aşağı Qaraməryəmdə körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.

Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri həyata keçirməyə başlayıblar. Azərbaycan Avtomobil Yolları Dövlət Xidmətinin baş mühəndisi “Report”un yerli bürosuna bildirib ki, yağışlar nəticəsində gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194 + 5-ci km-lik hissəsində sel suları avtomobil yolunun torpağ yatağına zərər vuraraq çökmə və sürüşmə əmələ gətirib: “Səhər saatlarında da Dövlət Xidmətinin canlı qüvvələri və texniki vasitələri ilə çökmüş, sürüşmüş yerlərdə təmir işləri başlayıb. Yararsız materiallar yararlı materiallarla doldurulacaq və örtük yeni asfalt örtüyü ilə təmin olacaq. Çalışacağaq ki, sabah səhər saat 12-ə qədər asfalt örtüyü vurulsun, işlər yekunlaşsın və hərəkət təmin olunsun. Hazırda yolun sağ hərəkət hissəsində hərəkət qismən təmin olunub, təhlükəsizlik təmin edilib.

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində Göyçaya sel gəlib. Təbii hadisə beş kəndi əhatə edib. Sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb. Həmçinin Bakı-Şamaxı-Yevlax magistral yolunun Qaraməryəm kəndindən keçən hissəsində də körpü, yol dağılıb və avtomobillərin gediş-gəlişi dayandırılıb. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən işlər görülür.

Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır.

Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, şəxsi təsərrüfatlara da ziyan dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir