Cəmiyyət

Bəndlərimiz nə dərəcədə keyfiyyətlidir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


Şakir İmanov: “Mingəçevir İstilik Elektrik Stansiyasının soyutma sistemi Yuxarı Qarabağ kanalına qoşulduğu üçün suyu tuneldən kəsə bilmirik. Suyun altında olan qurğulara baxış keçirmək mümkün deyil. Bu qurğular da öz möhkəmliyini müəyyən qədər itirib. Bərdədə bəndin uçmasına səbəb bu idi”.

Avqustun 2-də Bərdə rayonunda Yuxarı Qarabağ kanalının bir hissəsinin dağılması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndlərinə xeyli ziyan dəymişdi. Bəzi vətəndaşların evlərini su basmış, əkin sahələri də zərər görmüşdü. Lakin bu, son zamanlar bəndlərimizdə və kanallarımızda baş verən ilk uçqun hadisəsi deyil. O zaman sual yaranır: Sovet dövründə inşa edilən və uzun illərdir ki, istismar olunan kanallar hansı vəziyyətdədir? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Beton deyil, torpaqdır

Yuxarı Qarabağ kanalının istismar idarəsinin rəisi Şakir İmanov bildirdi ki, bu kanal 1958-ci ildə istismara verilib. Kanal mənbəyini Mingəçevir su anbarından götürür. Altı rayonun ərazisindən keçməklə 11 rayonun kənd təsərrüfatının su təchizatına xidmət edir. Qarabağ kanalı betondan deyil, torpaq kanaldır.

172,4 km sağ sahil, o qədər də sol sahil torpaq bənddən ibarətdir. Bəndlərin 90 faizi yaxşı vəziyyətdədir. Kanal üzərində 119 ədəd hidrotexniki qurğu mövcuddur. Üst ərazilərdən keçən sel sularının kanalın sağ sahil yamacına yığılıb təhlükə yaratmaması üçün selötürücü qurğular mövcuddur. Həmin qurğulardan sular Kür çayına qovuşur.  

Bəndlər 70 ilə yaxındır istismar olunur

Ş.İmanov bildirdi ki, Bərdə rayonu ərazisindəki hadisə kanalın altından keçən selötürücünün çıxış hissəsində baş verib:

“Kanalın alt oturacağından 1,2 metr diametrində dəmir beton boruların birləşən yerində sızıntı olmuşdu. Onu görməmişik. Qurğularla quyuların arasından su qaynamağa başlayıb, ani olaraq dörd metrlik bəndi uçurdu. Çünki artıq bəndlər öz keyfiyyətini itirib. Onlar 70 ilə yaxındır istismar olunur. Ən yaxşı betona belə zəmanət 50 ildir. Hadisənin qarşısı tez alındı. 3-4 saat ərzində həmin yer də beton daşlarla sızıntının qarşısı alındı, üstü də torpaqlandı”.   

Hidrotexniki qurğulara baxış keçirmək mümkün deyil

İdarə rəisinin sözlərinə görə, kanalın keyfiyyətini aşağı salan və təhlükəni yaradan Mingəçevir İstilik Elektrik Stansiyasına bağlı olmalarıdır:

“Kanalın əksər hissələri qazmadır. Orada elə də təhlükə yoxdur. Lakin tökmə hissələrdə təhlükə mövcuddur. Orada illərdir bənd bərkitmə işləri aparırıq. Kanalın üzərində olan hidrotexniki qurğularda təmir işləri aparmışıq, gözlə görünən hissələrə vaxtlı-vaxtında nəzarət edirik. Lakin su altında qalan hidrotexniki qurğuların vəziyyətinə baxış keçirmək mümkün deyil. Çünki Mingəçevir İstilik Elektrik Stansiyasının özünün müstəqil su qəbuledici qurğusu yoxdur.

Yalnız bizim tunel vasitəsilə soyutma sistemi həyata keçirilir. İldə bir dəfə, suvarma müddəti bitəndən sonra kanalın suyunu tamamilə kəsib tunelə, su altında qalan hidrotexniki qurğulara texniki baxış keçirməliyik ki, harada qüsur varsa, onu aradan qaldıraq. Təəssüflər olsun ki, 1981-ci ildən – Mingəçevir İstilik Elektrik Stansiyasının soyutma sistemi bizə qoşulandan tuneldən suyu kəsə bilmirik. Ona görə suyun altında olan qurğulara baxış keçirmək mümkün deyil. Bu qurğular da öz möhkəmliyini müəyyən qədər itirib”. 

Mingəçevir İES üçün ayrıca tunel tikilir

Ş.İmanovun sözlərinə görə, təkliflərini təqdim ediblər və yaxın zamanda bütün problemlər aradan qaldırılacaq:

“Belə hal bir də yaşanmasın deyə, maşın mexanizmləri vasitəsilə torpaq daşınır, bəndlərin hündürlüyünün artırılması aparılır. Əvvəldən beton kanal etsəydilər, su itkisi də olmazdı. İndi kanalı beton etmək üçün gərək su kəsilsin, aylarla, illərlə orada təmir işləri aparılsın. Bu da mümkün deyil. Çünki əkin sahələrinə su lazımdır. Gələcəkdə müvəqqəti kanal çəkiləcək və yatağını betonlayacaqlar. Bu layihələr hazırlanır, kanal torpaqdan yox, betondan olacaq. Hazırda Mingəçevir İstilik Elektrik Stansiyası üçün tunel də tikilir. O istifadəyə veriləndən sonra bizdən ayrılacaq. Belə olan halda biz öz tunelimizdən istədiyimiz vaxt suyu kəsib su altında qalan hidrotexniki qurğulara da baxa biləcəyik”. 

Nəmişlik olarsa, sızma baş verərsə…

Yuxarı Şirvan kanalının istismar idarəsinin baş mühəndisi Şəhruz Rəsulov isə bildirdi ki, kanal 1958-ci ildə tikilib:

“Uzunluğu 122,2 km-dir. Hazırda Yevlax, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Şamaxı, Hacıqabul rayonlarını əkin suyu ilə təmin edir. Öz başlanğıcını Mingəçevir su anbarından götürür. Kanal üzərində hazırda 119 ədəd hidrotexniki, 52 ədəd selötürücü qurğu mövcuddur”.

Ş.Rəsulov dedi ki, Yuxarı Şirvan kanalında vəziyyət daha ürəkaçandır:

“Bizdə hazırda cari təmir işləri davam etməkdədir. Kanalın Ağdaş-Göyçay hissəsində nəzarət bizdədir. Mingəçevir-Varvara ərazisi, Xanabad kəndi isə 2011-ci ildən Fövqəladə Hallar Nazirliyinə təhvil verilib. Amma yaxın zamanda özümüzə qaytarılacaq. Bizim Qarabağ kanalı ilə fərqimiz ondadır ki, hadisə baş verəndə suyu saxlaya bilir, təmir işlərini və s. rahat görürük. Belə hadisələrin baş verməməsi üçün bəndlər möhkəmləndirilməli, kanalın üzərində gəzilməli, sahə rəhbəri özü şəxsən nəzarət etməlidir. Bizdə gündəlik nəzarət olunur və məlumat verilir. Nəmişlik olarsa, sızma baş verərsə, dərhal tədbir görülür”. 

Kanalın su buraxmaq qabiliyyəti ildən ilə azala bilər

Ekoloq Rövşən Abbasovun fikrincə isə, Bərdədə bəndin uçması onun nəticəsi idi ki, kanala normadan artıq su axıdılmışdı. Ona görə də, bəndin yuyulması və uçması baş verdi. Bunun nəticəsində kəndlilərə iqtisadi ziyan dəydi, əkin sahələri suyun altında qaldı. 

Ekspertin sözlərinə görə, kanallara yeni bəndlər vurmaqdansa, dibini təmizləsələr, bu, daha təhlükəsiz olar:

“Öncə, hər bir kanal üçün maksimum suburaxma qabiliyyəti müəyyən etməliyik. Bilməliyik ki, ildən-ilə kanalın bu parametr üzrə göstəricisi azala bilər. Ona görə də kanalların müntəzəm olaraq təmizlənməsi çox vacibdir ki, belə hallar baş verməsin. Amma bizdə kanalın dibini təmizləmək əvəzinə bənd vurulma prosesi həyata keçirilir. Bu da kanalın digər ərazilərə nisbətən tədricən hündürə qalxmasına səbəb olur. Kanal ətraf ərazilərdən xeyli yuxarıda qalır, bəndin uçması nəticəsində də ətraf əraziləri su basır. Ona görə də, azı ildə bir dəfə monitorinqlər aparılmalı, bərkitmə işləri həyata keçirilməlidir”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir