Cəmiyyət

Koronavirusun yeni ştammı Azərbaycan üçün təhlükəli ola bilərmi? – AÇIQLAMA + FOTO

Sharing is caring!


2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının başa çatdığını elan etdi. Amma bu o demək deyil ki, təhlükə keçib, çünki virus daim mutasiyaya uğrayır. Bu yaxınlarda koronavirusun yeni EG.5 ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır.

Bunun Azərbaycanla bağlı təhlükəsi ola bilərmi?

Milli Məclisin deputatı Soltan Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə kifayət qədər effektiv tədbirlər həyata keçirmiş ölkələrdən biridir:

“Bu baxımdan, düşünürəm ki, ölkəmizdə COVID-19 virusunun yeni ştammının yayılmasının səhiyyə sistemi üçün ciddi yük olması gözlənilmir. Ölkəmizdə COVID-19 virusunun yeni ştammının yayılması təsdiqini tapmayıb. Ümumiyyətlə, virusun yayılmasının səhiyyə sistemi üçün ciddi yük olacağı gözlənilmir”.

Deputat COVID-19 bağlı vətəndaşlara da müraciət edib:

“Bununla belə, əlbəttə ki, vətəndaşların diqqətli olması, gigiyena qaydalarına, virusdan qorunmaq üçün təlimatlara riayət etməsi, hər zaman olduğu kimi, öz aktuallığını saxlayır. Xüsusilə də fəsil dəyişməsi zamanı bu məsələlərə daha çox diqqət ayırmaq lazımdır.

Ümumilikdə həm həkimlərimizin təcrübəsini, səhiyyə sisteminin ümumi hazırlıq səviyyəsini, eyni zamanda, virusun mutasiyaya uğraması, yoluxduruculuq qabiliyyətinin və təhlükəlilik dərəcəsinin təbii olaraq azalması faktını nəzərə alaraq demək mümkündür ki, ciddi təhlükə haqqında, hansısa məhdudiyyətlər və qapanmalar barədə danışmağa əsas yoxdur”.

Qeyd edək ki, üç ildən artıq davam edən koronavirus pandemiyası qlobal səhiyyə sistemi üçün ciddi sınaq olub. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-dan ən azı 20 milyon insanın öldüyünü təxmin edir, baxmayaraq ki, rəsmi rəqəmlər ölənlərin sayının yeddi milyon olduğunu göstərir. Bu virus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 2020-ci ilin yanvar ayının sonunda ÜST epidemiyanı fövqəladə vəziyyət kimi tanıyıb və mart ayında pandemiya elan edib.

Azərbaycanda ilk yoluxma 2020-ci ilin fevralında aşkarlanıb. Dövlətin həyata keçirdiyi çevik tədbirlər nəticəsində vəziyyət dərhal nəzarətə götürülüb, xəstəliyin profilaktikası, insanların təhlükəsizliyinin təmin edilməsi, müalicəsi istiqamətində əsaslı addımlar atılıb, uğurlu peyvənd və digər tədbirlər sayəsində cəmiyyətimiz vəziyyətdən mümkün qədər az itkilərlə çıxmağa müvəffəq olub.

Vətəndaşlara ümumilikdə 14 milyon doza COVID-19 peyvəndi vurulub. Bu dövr ərzində Azərbaycanda 830 mindən artıq şəxs koronavirusa yoluxub, 10 mindən artıq şəxs vəfat edib, 800 mindən çox insan müalicə alaraq sağalıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir