Cəmiyyət

Tikinti materialları ucuzlaşıb? – Bazardakı son qiymətlər AÇIQLANDI

Sharing is caring!


“Bu il Azərbaycanın tikinti materialları bazarında qiymətlər ötən illə müqayisədə xeyli enib. Bu bazarın strukturu elədir ki, qiymətlər hər an dəyişə bilir. Birdən elə olur ki, taxta materiallarının idxalı müəyyən dövr ərzində dayanır, qiymətlər bahalaşır. Yaxud bazara o qədər material daxil olur ki, bu da qiymətləri ucuzlaşdırır”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə bildirib.

Onun sözlərinə görə, cari il ərzində bir neçə dəfə taxta materialları qiymətlərinin qalxıb-enməsi müşahidə olunub:

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bir müddət hər iki ölkədən tikinti materiallarının idxalı mümkün olmayıb. Rusiyaya tətbiq olunan sanksiyalar isə bu vəziyyəti daha da gərginləşdirib.

Ancaq sonra başqa yolla problem aradan qalxıb və yenidən ölkəyə tikinti materialları daxil olmağa başlayıb. Ötən il bir kubmetri 450 manat olan taxtanın qiyməti hazırda 280-250 manata qədər enib. İdxal olunan materiallarda qiymətləri tənzimləmək olmur, yəni birdən-birə ya kəskin ucuzlaşır, ya da bahalaşır. Ancaq yerli materiallarda ötən illə müqayisədə cüzi bahalaşma müşahidə olunur”.

Onun sözlərinə görə, cari ilin yanvar ayının 1-dən əməkhaqlarının artırılması iş və xidmət sahələrində də bahalaşmaya səbəb olub:

“Bu da tikinti və əmlak bazarına öz təsirini göstərib. Bununla belə, qiymətləri bazar diktə edir. Müəyyən qədər bolluq yaranan zaman satıcılar materialları maya dəyərindən də aşağı qiymətə satmağa məcbur olurlar. Bu il həm də bazarda əvvəlki illərlə nisbətdə bir qədər alıcı qıtlığı hiss olunub. Ona görə ki, qiymətlər aşağıdır”.

Ekspert bildirib ki, 2022-ci ilə nisbətdə bu il daxili istehsal olan sement, qum və çınqıl xeyli bahalaşıb:

“Markasından, çəkisindən və digər parametrlərindən asılı olaraq ötən il sementin bir kiloqramı 4,8-5,8 manat arasında idisə, bu il 6,5-7,1 manat arasında satılır.

Bu il qum və çınqılın daşınması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub. Əgər keçən il bu materialların kubmetri 14-18 manat idisə, bu il 24 manata qədər qalxdı”.

Müsahibimiz qeyd edib ki, əsasən, Rusiyadan idxal olunan dəmir məmulatları xeyli ucuzlaşıb:

“Bu da onunla bağlıdır ki, ölkəmizdə də istehsal olunan bu materialların maya dəyəri ucuz başa gəldiyi üçün idxalın qiymətində endirimlər oldu”.

Daxili istehsal olan dam örtükləri və kirəmitlərdə qiymətlər, əsasən, stabil olduğunu deyən ekspertin sözlərinə görə, bəzən çox cüzi bahalaşma baş verir:

“Bu məhsulla bağlı hazırda bazarda böyük rəqabət var. Yüksək qiymət, əsasən, Türkiyə, Finlandiya və bəzi Avropa ölkələrindən gətirilən örtüklərdə hiss olunur.

Artıq yerli məhsul bazarda özünə yer etməyə başlayıb, hətta böyük paya malik olub. Bir kvadratmetrlik dam örtüyünün qiyməti təxminən altı-yeddi manata təklif olunur. Bu qiymət bəzən dörd manata qədər düşə bilir. Xarici məhsullar isə bir qədər bahadır, yəni 10-12 manata qədərdir.

Ən bahalı örtüklər isə Finlandiya istehsalı olanlardır. Qiymətlər, əsasən, qalınlığa görə dəyişir, yəni 0,21 mm-dən 0,5 mm, hətta 100 mm-ə qədər dam örtükləri var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir