Cəmiyyət

“Ermənilər əhalini zorla su quyularına doldurub, üzərlərinə ağır daşlar atıb, diri-diri basdırıblar” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibov olub.

O, doğulub boya-başa çatdığı Sədənağac kəndindən söhbət açıb. Bildirib ki, Göyçə mahalı, Basarkeçər rayonu, Sədənağac kəndində 1988-ci il deportasiyasına qədər yalnız azərbaycanlılar yaşayıblar. Kəndin tarixinə diqqət çəkən L.Nəsibov yaşayış məntəqəsi ərazisində qədim alban qəbiristanlığının, bir neçə kilometr məsafədə isə XII əsrə aid alban kilsəsinin olduğunu xatırladıb. Qeyd edib ki, sovetlər birliyi dövründə kənd ərazisində qazıntılar aparılan zaman aşkar olunan müxtəlif dövrlərə aid qədim qəbir daşları, tarixi-mədəni nümunələr o zamankı Ermənistan hökuməti tərəfindən ələ keçirilib, mənimsənilib, sonradan erməni maddi-mədəniyyət nümunəsi kimi təbliğ olunub.

Ermənilərin tarixi torpaqlarımızdakı bütün toponimləri dəyişdiyini söyləyən L.Nəsibov deyib ki, Sədənağac kəndinin adı da dəyişdirilərək Güney adlandırılıb: “Sovet hakimiyyəti dövründə zaman-zaman kənd, qəsəbə, şəhər adlarımız dəyişdirilib. Ötən əsrdə Qərbi Azərbaycandakı soydaşlarımız dörd dəfə soyqırımı və deportasiyaya məruz qalıblar. 1905-ci ildə Sədənağac kəndində qətliamlar olanda əliyalın əhali Azərbaycanın Gədəbəy və digər ərazilərinə köçmək məcburiyyətində qalıb. 1918-ci ildə də sadəcə Sədənağacda deyil, Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrində erməni daşnaklar tərəfindən kütləvi qırğınlar törədilib. Qonşu Şişqaya kəndində bir gecədə 650 azərbaycanlı qoca, uşaq, cavan, qadın, kişi qətlə yetirilib. Kiçik Məzrə kəndində dinc əhalini zorla su quyularına doldurub, üzərlərinə ağır daşlar atıb, diri-diri basdırıblar. Eləcə də digər qonşu kəndlərdə Andronikin silahlı quldur dəstələri tərəfindən çoxsaylı vəhşiliklər, qırğınlar törədilib, günahsız insanlar qətlə yetirilib, öz dədə-baba yurdlarından didərgin salınıblar”.

Fəlsəfə doktoru L.Nəsibov deyib ki, 1948-1953-cü ilin deportasiyalarında da soydaşlarımız böyük məşəqqətlərə məruz qalıblar. Onun sözlərinə görə, erməni millətçiləri həmin vaxt Basarkeçər rayonunu tamamilə köçürmək, azərbaycanlıları öz tarixi torpaqlarından birdəfəlik qovmaq istəyiblər:

“O dövrdə Basarkeçər rayon mərkəzində rəhbər vəzifədə çalışan Talıb Musayev öz nüfuzundan və əlaqələrindən istifadə edərək bunun qarşısını ala bilib. Rayon sakinlərinin ciddi müqaviməti ilə rastlaşan ermənilər yalnız iki-üç kəndi köçürə biliblər. 1988-ci ilin deortasiyasında da ermənilər Basarkeçər sakinlərinin müqavimətini görüb, onlardan çəkiniblər. O dövrdə rayonun bir neçə kəndinin sakinləri yığışıb mitinqlər, etiraz aksiyaları keçiriblər. Ermənistan siyasi hakimiyyətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətə cavab olaraq, Göyçə mahalına muxtariyyət verilməsi tələbləri səsləndirilib. Amma təəssüf ki, o vaxt Göyçə sakinlərinin harayına səs verən olmayıb. Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov soydaşlarımıza dəstək olmaq əvəzinə, onların köçürülməsi istiqamətində addımlar atıb. Digər təəssüf doğuran məqam ondan ibarətdir ki, deportasiya olunan azərbaycanlıların Qarabağ və ətraf rayonlarda məskunlaşmasının qarşısı məhz Vəzirovun göstərişi ilə alınıb”.

L.Nəsibov İkinci Dünya müharibəsində Göyçə mahalından 6700-dən çox azərbaycanlının cəbhəyə yollandığını, onlardan 2377 nəfərin, o cümlədən Basarkeçər rayonundan olan 1714 nəfərin itkin düşdüyünü, həlak olduğunu, sağ qayıdanlar arasında isə 500-dən artıq soydaşımızın müxtəlif orden və medallara layiq görüldüyünü vurğulayıb. Bildirib ki, sovet Ermənistanının millətçi rəhbərləri cəbhədə itkin düşən, həlak olan, yaxud qəhrəmanlıqlar, şücaət göstərən azərbaycanlıların təbliğinə qadağa qoyub, onları unutdurmağa çalışıblar. L.Nəsibov əsas kənd təsərrüfatı rayonu kimi Basarkeçərin Ermənistanın o zamankı iqtisadiyyatında oynadığı mühüm rola da diqqət çəkib. Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasına, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qayıdış Konsepsiyasının hazırlanmasına, bu istiqamətdə atılan addımlara toxunan fəlsəfə doktoru vurğulayıb ki, ölkə rəhbərinin bu siyasətindən ruhlanan Qərbi azərbaycanlılar Vətənə qayıtmaq ümidi ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir