Cəmiyyət

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: “Bəzən bir ərazi dəfələrlə yığışdırılır” – FOTO

Sharing is caring!


“Təbiət bütün fəsillərdə gözəl olsa da, yaz-yay aylarında xüsusilə seçilir. İnsanlar da bu, fürsəti əldən verməyərək, istirahət üçün təbiətə üz tutur, əsrarəngiz gözəlliklərdən zövq almağa çalışırlar. Əfsuslar olsun ki, həmin əraziləri tərk etdikdən sonra bu gözəlliyi tullantılarla məhv edirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

Onun sözlərinə görə, bu ilin may ayından etibarən ETSN tərəfindən “Təmiz ölkəm” devizi altında təmizlik aksiyalarına start verilib:

“Hər şənbə ölkə ərazisinin dəniz, çay sahillərində, göl ətrafı ərazilərdə, meşələrdə aksiyalar keçirilir. Bu aksiyalara müxtəlif dövlət qurumları, təşkilatlar, gənclər, könüllülər, sakinlər qoşulur. Ərazilərdə plastik qablaşdırmalar, butulkalar, şüşə, metal tullantılar, siqaret kötükləri, qida qalıqları və daha nələrə rast gəlinir, axı bütün bu tullantılar təbiət, biomüxtəliflik və insan sağlamlığı üçün zərərdir.

Eyni zamanda, isti yay günlərində yanğın riskinin artmasıdır. Bəzən bir ərazi dəfələrlə yığışdırılır, növbəti dəfə eyni mənzərə təkrarlanır”.

O qeyd edib ki, aksiyaların keçirilməsi təbliğat xarakterlidir, ekoloji şüurun formalaşmasına nail olmaqdır:

“Vətəndaşlara bir çağırış edərək bildiririk ki, tullantıları düzgün idarə edək, onlara nəzarət edək, hara gəldi atmayaq, əraziləri tərk edərkən atdığımız tullantıları toplayaq, təbiəti çirkləndirməyək. Axı hər kəs o dənizə, meşəyə, çaya üz tutur, həmin ərazilərdə dincəlir, ailəsini, övladlarını aparır. Bu cür genişmiqyaslı aksiyaların keçirilməsində də əsas məqsəd məhz ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmək, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq, bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.

İctimai qınağın artması da sevindirici haldır. Bəzi ekoloji problemlərə qarşı formalaşan ictimai qınaq, bu sahədə birgə səylərin göstərilməsi təmiz ətraf mühitdə yaşamaq üçün olduqca vacibdir. Artıq vətəndaşlar tərəfindən tullantı atan şəxslərə qarşı ictimai qınağın da başlanıldığının şahidi oluruq.

Yolda, maşında gedərkən, hansısa ərazidə istirahət edərkən tullantıların ətrafa atılması, qalaqlanması, yandırılması və digər bu kimi hallarla rastlaşdıqda görüntüləri çəkib paylaşmaqla biz həm qınaq edirik, həm də ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmiş oluruq.

İnanırıq ki, təbiətə qarşı duyarlılıq hissi daha çox artacaq, zövq aldığımız gözəllikləri tullantılarla məhv etməyəcəyik. Və bu cür aksiyalarla ölkədə vətəndaşlarımızın əraziləri çirkləndirmədən tullantıları düzgün idarə etmək vərdişinə yiyələnməsinə töhfə vermiş olacağıq. Hər kəsi ətraf mühiti birgə qorumağa çağırırıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir