Cəmiyyət

Georgi Pxakadze: “Əlbəttə ki, “Omikron” ştammının yeni variantına hamı yoluxacaq” – MÜSAHİBƏ

Sharing is caring!


Son həftələrdə koronavirusun “Omikron” ştammının yeni variantlarının – EG.5 və EG.5.1-in – sürətlə yayılması ilə bağlı narahatedici xəbərlər yayılıb.

Məsələn, ABŞ-də təkcə Nyu-York ştatında COVID-19-a yoluxma halları bir həftə ərzində 55%, xəstəxanaya yerləşdirmələr 22% artıb. Ümumiyyətlə, KİV-in məlumatına görə, EG.5-in yeni versiyası bütün ölkə üzrə yoluxma hallarının 17%-ni təşkil edir.

Koronavirusla bağlı nələrin baş verdiyi, qlobal peyvəndin yeni dalğasının gözlənilib-gözlənilmədiyi ilə bağlı Oxu.Az-a müsahibəsində ictimai sağlamlıq məsələləri üzrə ekspert, “Accreditation Canada” beynəlxalq təşkilatının Gürcüstanda xəstəxanaların akkreditasiyası üzrə rəsmi nümayəndəsi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki məsləhətçisi, Qlobal Peyvəndləmə və İmmunlaşdırma Alyansının (GAVI) müşaviri, BMT Baş katibinin keçmiş müşaviri, hazırda Parisdə yaşayan professor Georgi Pxakadze danışıb.

– Ümumdünya Səhiyyə Təşkilatı heç vaxt deməyib ki, koronavirus artıq mövcud deyil. Təəssüf ki, COVID heç hara yox olmayıb. Bütün virusların öz dövranı var, koronavirusun isə aktiv mutasiyaları da ortaya çıxır. Koronavirusun yeni EG.5 variantı bizə yaxşı tanış olan “Omikron” ştammının “kötücə”lərindən biridir.

İndi bütün dünya KİV-i virusun yeni versiyasından yazır. Bizdə Fransada əsas xəbərlərdən biri COVID-in qayıdışı ilə bağlıdır. Yaponiyadan tutmuş Azərbaycan və Gürcüstana qədər bütün dünya xəstəxanalarında hələ də koronavirusla yatan xəstələr qalır. Bəs “Omikron” ştammının yeni variantı haqqında nə bilirik? Birincisi, bu, pandemiyanın başlanğıcında olduğu qədər qorxulu deyil. İkincisi, əlbəttə ki, olduqca sürətlə yayılır. Üçüncüsü, sentyabrda o, ən azı ABŞ-də və çox güman ki, dünyanın əksər ölkələrində dominant virusa çevriləcək.

Ən vacib şeyi başa düşmək lazımdır ki, 70 yaşdan yuxarı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər risk qrupundadırlar. Xəstələndikləri zaman onlarda ağırlaşmaların olması mümkündür. Əlbəttə ki, hamımız COVID-19-un əvvəlki versiyaları ilə xəstələndiyimiz kimi, “Omikron” ştammının yeni versiyasına da demək olar ki, hər kəs yoluxacaq. Amma əhalinin haqqında bəhs etdiyim ən həssas təbəqəsini qorumaq lazımdır.

– Bəs necə qorumaq lazımdır? Yenə peyvəndləmə?

– Hər hansı qlobal peyvəndləmə olmayacaq. Amma Avropa və ABŞ-də artıq oktyabrda yeni peyvəndləmə olacaq. İndi isə Avropada yeni peyvənd olmadığı üçün qocalar evlərində bivalent peyvənd təklif olunur. Payızın ortalarından etibarən yeni preparat meydana çıxacaq ki, o da yalnız “Omikron” ştammının variantlarına “hədəflənəcək”. Amma bu preparat bütün dünyaya təklif edilməyəcək, dünya özü də bunu istəməz. Bu preparat ABŞ, Avropa, Avstraliya, Cənubi Koreya, Yaponiyada ortaya çıxacaq.

Dünyanın əksər yerlərində antipeyvənd əhvali-ruhiyyəsi hökm sürür. Bir çox hökumətlər, sadəcə, gözlərini yumacaq, yeni peyvəndlərin yaranması ilə bağlı xəbərləri gözardı edəcəklər. Belə ki, hazırda qrip mövsümüdür. Lakin dünya miqyasında, xüsusən də yaşlı əhali arasında ölüm halları artacaq. Və bizim tibbi maskalar, məsafə saxlanması, əllərin məcburi yuyulması kimi köhnə silahlarımız qalır. İndi çoxları bunu unudublar, amma əbəs yerə. Ən azından, tibb müəssisələrində maska ​​taxılması məcburi olmalıdır.

– Amma iyulun sonunda ÜST bəyan etdi ki, dünya ölkələrinin yarısında koronavirus qeydə alınmayıb…

– Axı ÜST dünya ölkələrinin səhiyyə nazirliklərinin ötürdüyü məlumatlardan asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının hətta öz laboratoriyaları belə yoxdur. Bir çox dövlətlərdə isə sadəcə olaraq, COVID testlərini dayandırdılar. Demək olar ki, koronavirusla bağlı statistikanın dərc edilməsinə son verdilər. Bundan əlavə, bəzi ölkələr, Gürcüstanda olduğu kimi, COVID-19 xəstələrinin müalicəsi üçün ödənişləri dayandırdılar. Və dərhal xəstələr “yoxa çıxdılar”, onların, sadəcə, rəsmi qeydiyyatdan keçirilməsinə son verildi.

Hazırda Yaponiyada, ABŞ-də, Fransada haqqında danışdığımız “Omikron” koronavirus ştammının yeni variantının alovlanması müşahidə olunur. Bu ştamm çox tez yayılır. Bundan əlavə, pandemiya zamanı insanlar səyahət etmək üçün darıxırdılar, ona görə də indi aktiv şəkildə başqa ölkələrə səyahət edirlər. Təyyarələr, hava limanları, kurortlar, hotellər – hamısı doludur. Hər kəs koronavirus, COVID sözlərindən o qədər yorulub ki, hətta sadəcə maska ​​taxsanız belə, sizə düşmən kimi baxacaqlar. Lakin panikaya çevrilən aqressiya bir seçim deyil. Mən bir daha insanları maska ​​taxmağa və məsafə saxlamağa çağırıram, xüsusən də nəzərə alsaq ki, regionumuzda, Cənubi Qafqazı nəzərdə tuturam, yeni vaksinlər olmayacaq. Koronavirus haqqında eşitmək istəmirsinizsə, buyurun! Onu “adsız virus” adlandırın. Ancaq xəstələnmisinizsə, sizdə xarakterik əlamətlər müşahidə olunursa, evdə qalın, başqalarını yoluxdurmayın.

Yeri gəlmişkən, pandemiya nəticəsində biz siyasi mənada nə əldə etdik? Əksər ölkələrdə, o cümlədən Gürcüstanda səhiyyə nazirlərini dəyişdilər. Tətbiq edilən məhdudiyyətlərə görə ödənilən siyasi əvəz çox yüksək oldu.

– Bəs pandemiyanın əvvəlində olduğu kimi qapanmalar gözlənilirmi?

– Hazırda heç kimin qapanma tətbiq etmək kimi bir fikri yoxdur…

– Bəs quru sərhədlərinin açılması necə? Azərbaycan hələ də bu sərhədləri bağlı saxlayır…

– Ola bilsin ki, dediklərim Azərbaycan xalqının o qədər də xoşuna gəlməyəcək, amma quru sərhədlərinin bağlanması hökumətinizin düzgün qərarıdır. Baxmayaraq ki, tam təcrid, əlbəttə, heç vaxt olmayacaq, amma “Omikron”un ştammının yeni EG.5 versiyası bütün ölkələrə gələcək, bu, sadəcə olaraq, qaçılmazdır.

Unutmayın ki, koronavirus bir insandan “qaynaqlanıb” və sonra bir çox mutasiyaya məruz qalıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir