Cəmiyyət

İki aptekdə nöqsanlar aşkarlanıb

Sharing is caring!


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2023-cü ilin iyul ayı ərzində ümumilikdə 31 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamaların nəticəsində iki aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

İXM-in 452.2-ci maddəsinə görə, aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə üç yüz əlli manat məbləğində cərimə tətbiq edilir.

İXM-in 452.3-cü maddəsində aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslərin beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslərin min manatdan iki min manatadək məbləğdə cərimə olunması nəzərdə tutulur.

AEM-dən qeyd olunub ki, əczaçılıq müəssisələrində nəzarət yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq keçirilir.

Qanunvericiliyə uyğun olaraq, plan üzrə (növbəti) və daxil olan şikayət, məlumat və müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar keçirilir. Əczaçılıq müəssisəsində yoxlamalar aparıldıqda “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə təsdiqlənmiş Əlavələrin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir