Cəmiyyət

Qaçıblar, belə əcəb ediblər…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Biz istəyirik ki, hamı bədbəxt olsun.  

Ya da kimisə xoşbəxt görəndə allergiya oluruq elə bil, səpirik.

Məsələn, alim, müəllim, həkim acından ölməlidir. Xeyir ola, ömrünün yarısını morqda, xəstəxanada keçirən həkim normal qazansın?  
Və ya, xeyir ola, müəllimin yaxşı maaşı olsun?  

Ümumiyyətlə, niyə rəssam, yazıçı, aktyor yeməyə çörək tapsın ki?  

Acından köpük qusmalıdır, vəssalam. Sonra da, millətin yazığı gəlməlidir. Həmin adama bir tikə çörək versin. Özünü öz gözündə böyütsün ki, “pəh, mən nə yaxşı adam imişəm”.  

Elə bilirsiniz ancaq budu?  

Qətiyyən. Bir nümunə göstərim. Iyulun 9-da xəbər çıxdı ki, İsmayıllıdan iki nəfər gənc itkin düşüb. Ağaverdi Xəlilov və Aytac Mayılova. Hər ikisinin 19 yaşı var. Valideynlər də axtarışa verib.  

 Dünən məlum oldu ki, gənclər Bakıda sağ-salamatdırlar. Evdən qaçma səbəbi isə valideynlərin onların sevgi münasibətinə qarşı olmalarıdır.  

Ağaverdi qeyd edir ki, bu barədə o öz ailəsinə məlumat verib:

“Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı sevirəm, elçi gedək. Ancaq valideynlərim baxmayaraq ki, mənim 19 yaşım var, mənim evliliyə yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik”.

Allah xoşbəxt eləsin. Qoşa qarısınlar deyirəm.  

İndi bir-birini sevən bu gənclər qalıblar bir tərəfdə, bizimkilər başlayıblar qarğış-nalə tökməyə ki, hələ onlar çox gəncdilər, uşaqdılar, sabah onsuz da boşanacaqlar, sonra da qız çöllərdə qalacaq və s.  

Əvvəla, ölkənin konstitusion hüququna görə, 18 yaşlı adam nikaha girə bilər.  

İkinci məsələ odur ki, bu uşaqlar bir neçə gündür Bakıdadırlar və kirayə ev də tutub, əl-ələ verib yaşamağa çalışırlarsa demək ki, ağılları başlarındadır, sağ-salamatdırlar.  

Üçüncüsü isə, necə olur ki, 14 yaşlı qız uşaqlarını toy adı altında (çünki o yaşda rəsmi nikah mümkün deyil) 30 yaşlı kişilərin yatağına atılanda yaş az olmur, amma 19 yaşında iki ağlı başında olan gənc evlənmək istəyəndə tez olur?  

Erkən nikahlara qarşı çıxanda, yazanda daş atıb başınızı tutursunuz ki, “mənim nənəm də 14 yaşında ərə gedib, on uşaq doğub, heç nə olmaz”.  

Erkən doğuşlara (15-16 yaşlı analar) qarşı çıxanda deyirsiniz ki, “cavandır, hələ beşini də doğar”.  

Bəs necə olur, bütün bunlar yaxşıdır, 19 yaşındakılar pis?  

Deməli burada bir əmma var.  

Əmma da odur ki, 19 yaşlı iki gəncin toyu olmayıb. Elçilik, “şirin çay”, nişan, paltar kəsdi, xına mərasimi, xonçalar, haxışta deyənlər, yengə olmayıb. Ona görə də tezdir! İnanın ki, bütün bunlar olsaydı, heç kim ağzını açıb deməzdi ki, tezdir. 

Digər ağsaqqal-ağbirçəklər briqadası da sosial şəbəkədə qeyd edir ki, “bəs valideyn xeyir-duası olmadan, bu uşaqlar xeyir tapmazlar”.  

Ay millət, axı kim sizə haqq verib ki, kiməsə ağıl verəsiniz? Qarğış-nalə tökəsiniz? Kimsiniz axı siz?  

50 xonçalı, 500 nəfərlik toylu, 5 minlik qızıl komplektlərlə ərə gedənlərin bəyəm hamısı xoşbəxtdir? Yoxsa ata-ana xeyir-duası alanların hamısının əli bala batıb? O statistika sizdə haradandır?  

Yarısı boşanıb, boşana bilməyəni də ona-buna qarğış edir.  

Hansı qadını danışdırırsan, ərindən şikayətçidir. Hansı kişini dindirirsən, arvadın əlindən dad edir.  

Bu yaşayışdır guya? Yaşayış deyilsə, niyə xoşbəxt olmağı bacaran adamlara əl uzadırsınız? Niyə imkan vermirsiniz istədikləri kimi yaşasınar?! Gərək hamınızdan yazılı icazə alaydılar?  

Qaçıblar, belə əcəb ediblər. Yetkinlik yaşına çatıblar, öz həyatlarına özləri qərar veriblər. Səhvi də, düzü də özləri ediblər. Məsuliyyət də öz üzərlərindədir. İnşallah da hamıdan xoşbəxt olarlar.  

Bizim məmləkətdə ən asan və havayı iş ağıl verməkdir axı… Əgər ürəyiniz, canınız yanırsa, o uşaqların sabahlarını düşünürsünüzsə o zaman hərəniz bu uşaqlara bir əl uzadın. İşlə təmin edin, təhsil almaları üçün dəstək olun. Heç nə yox, bir illik kirayə haqqını ödəyin, həftəlik bazarlığını alın gətirin.  

Yox axı, pul var, xərc var… Dəstək olmaq asan iş deyil axı?  

Amma burun soxmaq, onun bunun həyatını müzakirəyə çıxarmaq, sosial şəbəkələrdə yazmaq üçün pul lazım deyil axı…

Üzümü bütün ağıl verənlərə tutub deyirəm ki, bir halda ki, o iki uşağın yanında mənəvi, maddi ola bilmirsinizsə, dediyiniz sözlərin qiyməti bircə qəpikdir.  

Uşaqların qanını qaraltmayın. Onlar çoxunuzdan cürətli, mərd və cəsur çıxdılar. Özlərinə, sevgilərinə sahib oldular. Əl-ələ verib ailələrini qurdular. Düz də elədilər. Gələcəkdə təhsil də alarlar, ev də qurarlar, iş də.  

Siz gedin 14 yaşında hamilə qalan körpələrdən danışın. Daha media, dövlət qurumlarına xəbər çatanda  “Vallah, toy olmayıb, eləcənə başına yaylıq atmışıq” deməklə iş düzəlmir. Xəlvətdə vur-çatlasınla toy edib 14 yaşında balaları yekə kişilərin qucağına atan valideynlərdən danışın.  

Və nəhayət burunlarınızı camaatın şəxsi həyatından çıxarıb öz həyatınıza yönəlin. Öz həyatınızı yaşayın. Ölüb gedəcəksiniz, heç qalmayacaq.  

Nə adam kimi yaşaya bilmirik, nə adam kimi əylənə bilmirik. Hamını da özümüz kimi bədbəxt, dərdli görmək istəyirik. Ac-yalavac, dərd-sər içində…  

Elə sizin hamınızın acığına Ağaverdi və Aytac hamıdan xoşbəxt olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir