Cəmiyyət

Səhiyyə Nazirliyindən açıqlama: “Lisenziyasız “diş həkimləri” cəzalandırılacaq”

Sharing is caring!


Avqustun 8-də təhsilsiz “diş həkimləri”nin fəaliyyətinin yaratdığı təhlükələrlə bağlı Bizim.media-da məqalə dərc edilib. Sözügedən məqalədə son vaxtlar artmaqda olan stomatoloji kabinetlərinin vəziyyəti təhlil olunub, qeyri-peşəkar, “diş həkimləri”nin özfəaliyyəti tənqid edilib.

Qeyd edilən problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirib ki, stomatoloji iş üzrə tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil edildiyindən, bu sahədə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar: 

“Özəl tibb müəssisələrində stomatoloji xidmətlərin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə yoxlamalar aparılaraq həyata keçirilir.

Bundan əlavə, əhalinin sağlamlığına təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar aparılır. 

Yoxlamalar zamanı lisenziya şərtlərinə, sanitar-gigiyenik və epidemioloji tələblərə riayət olunmasına nəzarət həyata keçirilir. Həmçinin belə müəssisələrdə xidmət göstərən mütəxəssislərin müvafiq ixtisas və praktiki tibb fəaliyyətinin göstərilməsi üçün sənədlərinin uyğunluğu yoxlanılır.

Nöqsanlar aşkar olunduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülür. Nöqsanların aradan qaldırılması üçün müddət verilir. Nöqsanlar təkrar aşkar edildikdə isə daha ciddi tədbirlər həyata keçirilir.

Vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” xidməti, rəsmi elektron ünvanı və ya rəsmi saytın “Müraciət” bölməsinə özəl tibb müəssisələrinin, eləcə də stomatoloji kabinetlərin fəaliyyəti və xidmətlərindən şikayətləri ilə bağlı müraciətlərini ünvanlaya bilərlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir