Cəmiyyət

Azərbaycan bazarında Niderlanddan gətirilən qızılgüllər niyə azalıb?

Sharing is caring!


Son illər Azərbaycanın gül bazarında Niderlanddan gətirilən qızılgüllərin azalması müşahidə edilir.

Bunu rəsmi statistika da təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə Niderlanddan 189 min ədəd qızılgül gətirilib ki, bu da qızılgül idxalının cəmi 6%-ni təşkil edib. Halbuki, 2020-ci ildə Niderland Azərbaycana 476,4 min ədəd qızılgül ixrac etmişdi və bu ölkənin idxalda payı 18% olmuşdu.

Azərbaycanın Niderlanddan qızılgül tədarükünün həcmi azalsa da, əvəzində bu məhsulun qiyməti iki dəfə artıb. Əgər 2020-ci ildə ölkəyə bir ədəd qızılgül 0,7 ABŞ dollarına gətirilirdisə, 2022-ci ildə bu rəqəm 1,4 ABŞ dolları olub.

Azərbaycan bazarında Niderlanddan gətirilən qızılgüllər niyə azalıb? “Report” mövzunu “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi ilə müzakirə edib.

Qurumun sədri Cavid Axundov deyir ki, Azərbaycana Niderlandla yanaşı, Keniyadan, eləcə də Cənubi Amerikadan – Ekvador və Kolumbiyadan da qızılgül gətirilir. Elə bazarda Niderland qızılgüllərini sıxışdıran da həmin uzaq ölkələrdir. Xüsusilə Ekvador və Kolumbiya qızılgülləri nisbətən ucuz başa gəldiyi üçün Niderlanddan gətirilən qızılgüllərə tələbat və paralel olaraq onların idxalı da azalıb.

Azərbaycan hər il təxminən üç milyon ədəd qızılgül idxal etsə də, daxili tələbat daha çox yerli istehsal hesabına ödənilir. C.Axundovun sözlərinə görə, hər il ölkədə təxminən 15 milyon ədəd qızılgül istehsal olunur. Bunun 12 milyon ədədi və yaxud 80%-i daxili bazarda satılır. Yerdə qalan məhsul isə xarici ölkələrin bazarlarına çıxarılır, əsasən, Rusiyaya ixrac olunur.

“Yerli qızılgül xaricdən gətiriləndən elə də fərqlənmir. Azərbaycanda qızılgül istehsal edən dörd iri istixana kompleksi var. Bu komplekslər sənaye üsulu ilə qızılgül istehsal edirlər. Ondan başqa, bizim daxili bazarda zanbaq, herbera, qərənfil, pion kimi güllər də mövcuddur. Son zamanlar ölkədə istehsal olunan qızılgüllərin keyfiyyəti xeyli artıb. Buna görə də alıcılar yerli mala üstünlük verirlər. Hazırda gül satışında zəif dövrdür. Həm yayda qızılgül balacalaşır, həm onun istehsalı azalır, həm də insanlar istirahətdə olduqları üçün tələbat olmur. Odur ki, bazarda durğunluq var”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir