Cəmiyyət

İnsanlar daha xoşbəxt olmaq istəmirlər…

Sharing is caring!


Qan Turalı yazır…

Ən böyük səhvimiz xoşbəxt olacağımızı düşünməkdir. Görkəmli alman filosofu Artur Şopenhauer bu sözləri ilə müasir dövrün xəritəsini çəkir və bəşər tarixinin ən ağrılı yarasına barmaq basırdı. Müasir dövrdə xoşbəxt olmaq tendensiyası xüsusilə güclüdür. Reklamlar bizə xoşbəxtliyi təlqin edir. Sosial media “xoşbəxt insan”larla doludur. Xoşbəxt olmaq hər bir insanın qarşısına müqəddəs vəzifə kimi qoyulur. 

Ancaq “mən xoşbəxt oldum” sözləri ilə xoşbəxt olmaq mümkün deyil. Söhbət müasir cəmiyyətin bizə diktə etdiklərindən gedir. Sokrat kimi bəşər tarixinin ən görkəmli filosofu bu günün şərtləri ilə xoşbəxt sayıla bilməzdi. Çünki onun nə sabit qazancı vardı, nə xoşbəxt ailəsi… Van Qoq da eləcə… 

Müasir dünyada bir mahnıda deyildiyi kimi, xoşbəxtlik çox sadə şəkildə tərif edilir: “Bir sen, bir ben, bir de bebek…”. Ancaq, insafən mahnı kifayət qədər minimalistdir, bura ev, yüksək karyera, bağ, bahalı tətillər, lüks maşınlar aid edilməyib. 

Mövzu, kifayət qədər mürəkkəbdir, ona görə də dərinlikərdə azmadan bir sual qoyaq: Xoşbəxtlik nədir? Əlbəttə ki, hər bir insan üçün bu sualın cavabı fərqlidir. Bununla razılaşmamaq çətindir. Amma… Bu işin bir əmması var. Belə ki, hər bir insan fərqli formalarda xoşbəxt ola biləcəyi hala cəmiyyət bizim hamımızın qarşısına şablon bir xoşbəxtlik resepti qoyub. Və xoşbəxt olmamağımızın bir sirri də bundadır. 

“Başqalarının həyatı” adlı bir film vardı, bu ifadəni o filmin adından borc götürüb qeyd edirəm ki, biz başqalarının həyatını yaşayırıq, başqaları üçün yaşayırıq. Və başqaları üçün xoşbəxt olmaq istəyirik. Problem də bundan ibarətdir. Bu kontekstdə Şopenhauerin ilk abzasda qeyd etdiyimiz diaqnozu haqlı görünür. Heç də hamımız hamı kimi xoşbəxt ola bilmərik və bu da bizim ən böyük səhvimizdir. 

Dinlər, qədim fəlsəfələr insanlara sahib olduqlarına şükür etməyi öyrədir. Acgözlülüyü, həsədi, paxıllığı qadağan edir. Ancaq müasir dünya bütün qüdrəti ilə bu ideyaların əleyhinə təbliğat aparır. İnsanları bədbəxt edən də budur. Dinin ideyaları idil, utopik görünür, real həyatda isə kapitalizmin şeypuru çalınır. 

Ancaq müasir dünya istehlak üzərində qurulub. Bu iqtisadi sistemin yaşaması üçün biz daha çox istehlak etməliyik. Daha çox istehlak üçün də daha çox çalışmalıyıq. Bəli, xoşbəxt olmaq üçün istehlak etmək çox gərəklidir. Hər birimiz reklamlarda bu lozunqu görürük: Özünü pis hiss edirsənsə alış-verişə çıx. Bu bizi xoşbəxt edəcəkmi? Bir yerə qədər bəli… Yəni, bir neçə saatlıq… Sabah isə kredit kartlarımızda həmin o borclar görünəcək. Onları ödəmək lazım gələcək. İstehlak isə yenə də davam edəcək. Borclar yenidən artacaq. Və bu borcları ödəmək üçün daha çox çalışmaq lazım gələcək. 

Müasir dövrün bizə göstərdiyi xoşbəxtlik resepti çox bahalıdır. Söhbət təkcə çox istehlak etməkdən və bu istehlakın qəbzlərini ödəmək üçün çox çalışmaqdan getmir. Axı bu istehlak bizi xoşbəxt etmir… Məsələ bundadır. Biz saxta, süni bir xoşbəxtlik naminə əsl xoşbəxtliyimizi qurban veririk. Süni xoşbəxtlik arxasınca gedərkən əsl xoşbəxtlik yolundan sapırıq. 

İnsan xoşbəxtliyi maddi nemətlər üzərində qurulmur. Bəli, hər birimizin normal bir qidalanmaya, normal bir evə, normal bir geyimə ehtiyacımız var. Ancaq lüks qida, ev, geyim bizi daha çox xoşbəxt etməyəcək. Bunları əldə etmək heç də hər bir insan üçün müyəssər deyildir və ola da bilməz. Dünyada elə bir ölkə yoxdur ki, onun bütün vətəndaşları lüks avtomobillərə minirlər. Bu iqtisadiyyatın mahiyyətinə də ziddir, həyatın təbii axarına da… 

İnsan xoşbəxtliyi mənəviyyat üzərində qurulur, mənəvi həzlər üstündə qurulur. Kimlər üçün “Qoca və dəniz” romanını yenidən oxumaq bir həzzdir, kimlər üçün dostlarla ünsiyyət, kimlər üçünsə tənha bir dəniz gəzintisi, qədim bir mahnı, sevgilinin gözlərinin dərinliyinə dalıb-getmək…  

İnsanlar isə daha çox maddi nemətlərə aludədir. Bunu sistem təşkil edir. Reklamlar, televiziyalar, media, sosial media… Eləcə də cəmiyyət… Elə buna görə də teatra gedib ruhuna iki saatlıq dinclik vermək üçün vaxt tapmayan insan “Instagram”da saatlarla vurnuxa bilir.

İnsanlar xoşbəxt olmaq istəmirlər. Onlar bunu unudublar. İnsanlar başqalarının gözündə xoşbəxt olmaq istəyirlər. İnsanlar başqalarının həyatını yaşayır və orda xoşbəxt rolunu oynamaq istəyirlər. Ürəkdə hiss edilən və insanın bütün hüceyrələrinə qədər dağılan o mənəvi həzlər, ruhi qidalar buna görə də qəhətə çıxıb. 

İnsanlar daha xoşbəxt olmaq istəmirlər. Çünki onlar heç zaman xoşbəxt olmayıblar… Olsaydılar, o gözəl anları xatırlayıb yenidən o anlara qayıtmağa can atardılar. Atardılar… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir