Cəmiyyət

Bağçalar üçün vahid forma qaydası tarixə qovuşur? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bağçalarla bağlı son dönəmlər bir çox dəyişikliklər olsa da, bu mövzuda cavabsız qalan suallar çoxdur. Bunlardan biri də Bakı şəhərində yerləşən bağçaların əksəriyyətində tətbiq olunan vahid forma qaydasıdır. Belə ki, hər bir bağçanın öz forması var. Bu, bir növ vahid məktəbli formasını xatırlatsa da, aradakı fərq qaydanın yalnız Bakı şəhərində keçərli olmasıdır. Bir çox mövzuda olduğu kimi, forma məsələsində də rayon bağçaları arxa planda qalıb.

Qeyd edək ki, 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sırf Bakı şəhərində çalışan metodist və tərbiyəçilərin, eləcə də orada oxuyan uşaqların vahid forma tətbiqi barəsində qərar verilib. Qaydaya görə, forma təminatını bağçalar həyata keçirməlidir.

Ancaq sual doğuran məqam odur ki, niyə forma qaydası rayonlara şamil edilmir?

Təhsil eksperti Elmin Nuri Bizim.media-ya bildirib ki, sözügedən qayda bağçaların İcra Hakimiyyətinin tabeliyində olduğu dönəmdə qəbul edilib ki, bir çox mövzuda olduğu kimi, bu da yarımçıq qərarlardan biri oldu:

“Bildiyimiz kimi, bağçalar uzun müddət Təhsil Nazirliyindən alınaraq yerli rayon icra orqanlarına verilmişdi. İki il bundan öncə isə yenidən Elm və Təhsil Nazirliyinin balansına qaytarıldı.

Amma bu da məktəbəqədər təhsilin fəaliyyətində müəyyən qədər gerilik yaratdı. Lakin hələ də vahid forma ənənəsi qalmaqdadır. Bu tətbiq yalnız Bakıda, özü də qismən həyata keçirildi”.

Ekspertin sözlərinə görə, region və şəhər bağçalarında vahid forma tətbiqi üçün isə bir neçə təklif var:

“Birincisi, madam ki, bağçalar yerli icra hakimiyyətindən alınaraq regional təhsil dairələrinə verilib, artıq bununla bağlı da nazirlik özü vahid qərar qəbul etməlidir. Necə ki orta ümumtəhsil məktəbləri ilə bağlı qərar verilib və bu Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Eyni yanaşma da məktəbəqədər təhsil müəssisələrində həyata keçirilməlidir. Yoxsa bu, uyğunsuzluq yaradan detallardandır. Yerli icra hakimiyyətinin qoyduğu forma qaydası ya tarixə qovuşmalı, ya da vahid halda olmalıdır. Yəni bölgələrdə də bu keçərli olmalıdır”.

E.Nuri vurğulayıb ki, məktəbəqədər təhsil seqmentində rayon və bölgələrdəki müəssisələr o qədər də xatırlanmır:

“Biz, adətən, bağçalarla bağlı danışdıqda, bununla bağlı problemi xatırladıqda Bakı şəhərini nəzərdə tuturuq. Elə regional təhsil idarəsi var ki, onun tabeliyində altı rayon var. Həmin altı rayonda da cəmi altı bağça var. Belə məlum olur ki, hər rayona bir bağça düşür.

Onsuz da, bizdə bağça azlığı problemi var və yüzminlərlə uşaq məktəbəqədər təhsil müəssisələrindən istifadə edə bilmir. Bizdə bağçaya gedəsi uşaqların sayı 450 mindən çoxdur. Ancaq 1 692 məktəbəqədər təhsil müəssisində 126 min uşaq oxuyur. Deməli, bu mövzuda görülməli işlər kifayət qədər çoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir