Cəmiyyət

ADY sözçüsü: “Avropada cərimə 2 000, bizdə isə 100 manatdır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Ölkədə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahələr içərisində “Bakı Metropoliteni” və “Azərbaycan Dəmir Yolları” QSC-ləri xüsusi rol oynayırlar. Gün ərzində minlərlə insanın mənzilbaşına çatdırılmasını həyata keçirən qurumlar bu sahədə təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görürlər. Lakin bəzən xoşagəlməz hadisələr də qaçılmaz olur. Elə son günlər Azərbaycan Dəmir Yollarına aid qatarlarla nəqliyyat vasitələrinin toqquşması kimi.

Hadisənin mətbuatda “Qatar maşını vurdu”, “Qatar piyadanı vurdu” kimi başlıqlarla işıqlandırılmasını yanlış sayan “Azərbaycan Dəmir Yolları” QSC məsələni əsaslandırmaq məqsədilə dəmiryol xidmətlərindən istifadə edən və dəmir yolu ərazisində olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı maarifləndirici materiallar hazırlayır.

Bəs cari il ərazində dəmir yollarında nə qədər qəza, nə qədər oğurluq, nə qədər insan ölümü ilə nəticələnən bədbəxt hadisə olub və bu kimi hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülüb?

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sənubər Nəzərovanın Oxu.Az-a müsahibəsini təqdim edirik:

– Sənubər xanım, digər sərnişindaşıma növlərində, yoxsa dəmir yollarında təhlükəsizliyi təmin etmək daha çətindir?

– Biz istər əməkdaşların, istərsə də dəmir yollarından istifadə edən sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. Buna görə də təhlükəsizlik baxımından qurumdan asılı olan məqamları hər zaman diqqətdə saxlamağa və bununla bağlı müəyyən tədbirlər görməyə çalışırıq. Eyni zamanda, dəmir yolu ərazilərində kənar şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün “Azərbaycan Dəmir Yolları” QSC tez-tez müəyyən tədbirlər keçirir, maarifləndirmə kampaniyaları aparır. Bununla yanaşı, rəsmi səhifələrimizdə də bununla bağlı tez-tez paylaşımlar edirik ki, bu məlumatlar daha geniş auditoriyaya çatsın.

Təəssüf ki, bizdən asılı olmayan bəzi səbəblərdən təhlükəsizliyi riskə atan amilləri tamamilə sıfırlamaq mümkün olmur. Bu səbəblərin ən başlıcası insanların dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etməmələri, kənar müdaxilələr, nəqliyyat infrastrukturuna verilən zərərlərdir.

Dəmir yollarına kənar müdaxilə həm qanunsuz, həm də təhlükəlidir. Dəmir yollarının müəyyən hissələri, stansiyalar, qatar yolları, keçidlər insanlar üçün açıqdır. Bəzi insanlar məhz həmin yerlərdə təhlükəsizlik qaydalarına əməl etmirlər.

– Sizdən asılı olmayan səbəblərə qəzalar da aiddir deyə düşünürəm. Cari ildə dəmir yollarında nə qədər qəza qeydə alınıb?

– Bu il 18 avtonəqliyyat vasitəsi qatarla toqquşub. Nəticədə altı nəfər xəsarət alıb, üç nəfər dünyasını dəyişib. Bu hadisələrdən ikisi məhz keçidlərin təyin olunmadığı yerdə baş verib.

Əlavə olaraq on dəfə sürücülərin təqsirindən yol-hərəkət qaydaları pozulub. Məsələn, Binə-Qala mənzilində qorunan keçid bağlı olsa da, minik avtomobili iki dəfə qatarın qarşısından keçib. Və yaxud Bakıxanov-Əmircan mənzili qorunan dəmiryol keçidinin bağlı vəziyyətində minik avtomobili şlaqbaumu qıraraq qatarın qarşısından keçib. Eyni mənzildə avtomobil bir dəfə şlaqbaumu qırıb.

16 dəfə isə qatarların yoluna mal-qara çıxıb. Bu hadisələrin əksəriyyəti heyvanların nəzarətsiz buraxılmasına görə yaşanıb.

Bəzən elə hallarla rastlaşırıq ki, insanlar dəmir yolu infrastrukturuna şüurlu şəkildə, bilərəkdən ziyan vururlar. 

– İnfrastruktura vurulan ziyan dedikdə tam olaraq hansı məsələləri nəzərdə tutursunuz?

– Çox tez-tez mətbuatda hərəkətdə olan qatara daş, içki şüşəsi, müxtəlif bərk tullantılar atıldığına dair məlumatlar yayılır. Bu ilin ilk altı ay ərzində on bir dəfə hərəkətdə olan “Stadler” elektrik qatarına insanlar tərəfindən daş atılıb. Hadisələr baş verərkən qatar pəncərələrinə və digər infrastruktura ciddi ziyan dəyib. Bu, qatarda sərnişinlərin həyatına ciddi təhlükə yaradan amildir. Eyni zamanda, infrastruktura maddi zərərdir.

2023-cü ilin birinci yarımilində yolda kənar şəxs olduğu üçün qatarlar 10 dəfə təcili tormozlama etməli olublar.

Tez-tez qatar yollarının üzərində kənar əşyaların, daşların qoyulmasına görə də problemlər yaşanır. Bu ziyan həm də dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə və sərnişinlərin həyatına ciddi təhlükə yaradır.

Bundan başqa, xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementləri, rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar, işarəvermə qurğuları, yol qutusu və s. oğurlanır.

– Oğurluq edənlər barəsində hüquqi müstəvidə ölçü götürülüb?

– Əlbəttə, Daxili İşlər Nazirliyinə məsələ ilə bağlı müraciətlər edilir. Bu məsələlərin hər biri araşdırılır və həmin şəxs və ya şəxslər müəyyən olunaraq qanunamüvafiq formada məsuliyyətə cəlb edilirlər. Qeyd edim ki, görülən ciddi tədbirlərin nəticəsidir ki, 2022-ci ildə dəmir yollarında 74 belə oğurluq hadisəsi baş verdiyi halda, bu ilin ilk altı ayında artıq həmin oğurluq faktlarının sayı 44 olub. DİN Dəmir Yollarında Polis İdarəsi ilə yaxından əməkdaşlıq çərçivəsində bu kimi halların baş verməsinin qarşısı alınır, oğurluq faktlarının üstü açılır və cinayət işi başladılır.

Qurğu və avadanlıqların talan edilməsi infrastrukturun normal fəaliyyət göstərməsinə mane olur və qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır. Yaranan neqativ hadisənin aradan qaldırılması üçün vaxt sərf olunur və nəticədə qrafikdə gecikmələr olur.

– Gecikmələr demişkən, sərnişinlərin tez-tez şikayətləndikləri məqam da elə budur. Bu tək bizdə belədir, yoxsa digər ölkələrdə bu kimi hallar qeydə alınır?

– Təbii ki, bu kimi hallar yalnız Azərbaycana xas deyil. Dünya ölkələrində də dəmiryol şirkətləri tez-tez bu kimi xoşagəlməz hallarla üzləşirlər. Hətta sizə deyim ki, Avropada dəmir yollarının bir çox hissəsində daimi nəzarət kameraları quraşdırılsa da, nəzarətin olmadığı yerlərdə xoşagəlməz hallar yaşanır. Məsələn, oğurluqlar, infrastruktura vurulan ziyan və bir çox digər neqativ halları misal çəkmək olar. İnfrastruktura dəymiş ziyanla yanaşı, qatar yollarına qraffitilər çəkilir ki, bu da qatarın normal hərəkətinə ciddi mane olur.

Mən sizə Avropa ölkələrində dəmir yollarında qeydə alınan qəzaların sayını desəm, bəlkə də, çox təəccüblənərsiniz. Belə ki, deyəcəyim rəqəmlər Avropa Dəmir Yolları Birliyi Agentliyinin statistikasından götürülüb. Həmin statistikaya görə, 2021-ci ildə Avropada 1 389 ciddi qəza baş verib, 689 nəfər dünyasını dəyişib. Bu hadisələrin önəmli hissəsi məhz təhlükəsizlik qaydalarının pozulmasına görə baş verib. Bu qəzalar infrastruktura 3,2 milyard avro ziyan vurub. Eləcə də, dəmiryol keçidlərində qanunsuz keçid və kənar müdaxilələr bu rəqəmlərin böyük olmasına əsas verir. Avropa ölkələrində dəmiryol şirkətləri insanları maarifləndirmək üçün müxtəlif kampaniyalar aparır, sərt cərimələr tətbiq edirlər.

– Bəs bizdə bu kimi qanun pozuntusuna yol verən, dəmiryol infrastrukturuna şüurlu şəkildə zərər vuran şəxslər barəsində qanunla nə qədər cərimə nəzərdə tutulub?

– Bu yaxınlarda Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını müvafiq keçidlərdən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə edilir.

Amma Böyük Britaniyada dəmir yolu ərazisinə qanunsuz müdaxilənin cəriməsi 1000 funt-sterlinqdir. Bu, bizim pul ilə 2 131 AZN deməkdir. Cərimə məbləğləri Avropa ölkələrində qat-qat yüksək və sərtdir. ADY də tez-tez təhlükəsizliklə bağlı maarifləndirici kampaniyalar aparır, təhlükəsizlik tədbirlərini gücləndirir, kənar müdaxilələrin azalması üçün ciddi addımlar atır və bunlarla bağlı sosial mediada paylaşımlar da edir.

Bunun nəticəsində əvvəlki illərlə müqayisədə bir neçə kateqoriyada neqativ halların sayının azalmasına nail olmuşuq. Lakin bütün bunlar hələ ki yetərli deyil. Qurum olaraq tədbirlərimiz davam edəcək.

ADY və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolunda Polis İdarəsinin birgə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində bir çox neqativ hadisənin qarşısı alınır. Lakin sizin vasitənizlə dəmir yollarından istifadə edən və etməyən bütün vətəndaşları dəmiryol infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa çağırırıq. Xüsusilə də oğurluğa cəhd halları ilə rastlaşdıqda ictimai qınaq formalaşdırmaq məqsədilə yaxınlıqda yerləşən dəmiryol stansiyası və DİN-in Dəmir Yolunda Polis İdarəsinə dərhal məlumat verməyə çağırırıq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir