Cəmiyyət

Polkovnik: “İtkin düşən vətəndaşlarımızla bağlı İrəvanın susqunluğu onun cinayətkar əməllərindən xəbər verir”

Sharing is caring!


“İtkin düşən vətəndaşlarımızla bağlı İrəvanın susqunluğu onun cinayətkar əməllərindən xəbər verir”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

O vurğulayıb ki, Ermənistanın 4 minə yaxın vətəndaşımızın taleyinə hələ də aydınlıq gətirməməsi, onun beynəlxalq qanun və konvensiyaları kobud şəkildə pozması deməkdir: “Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, Ermənistan hələ də Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər soydaşımızın taleyinə aydınlıq gətirməyib. Hansı ki, onlardan 3171-i hərbçi, 719-u mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267-si qadındır. Bu da ermənilərin hər kəsə qarşı eyni amansız münasibət göstərdiyini nümayiş etdirir.

Ermənistanın itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirməməsi onun beynəlxalq qanun və konvensiyaları heçə saydığı, humanist və insani dəyərlərə zərrə qədər də olsun əhəmiyyət vermədiyini sübut edir.

Təşkilatın sədr müavininin sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərimizin taleyi ilə bağlı ölkəmizin narahatlığı dəfələrlə Prezident İlham Əliyev tərəfindən ən yüksək tribunalarda dilə gətirilib, beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılıb. Lakin təəssüflər olsun ki, indiyədək heç bir beynəlxalq təşkilat həmin faktlarla bağlı Ermənistana hər hansı təzyiq göstərməyib. Zaman-zaman erməni təxribatı səbəbi ilə Laçın sərhəd-buraxılış məntəqəsinin qısa müddətə bağlanmasını faciə kimi təqdim edən, Azərbaycanı ittiham edən beynəlxalq təşkilatlar 3890 nəfərin aqibəti haqqında fikir bildirməyiblər. Bütün bunlar ölkəmizə qarşı ikili və qərəzli münasibətin növbəti göstəricisidir. Lakin hər kəs bilməlidir ki, Azərbaycan gec-tez Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirəcək və Ermənistanı törətdiyi cinayətlərə görə cavab vermək məcburiyyəti qarşısında qoyacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir