Cəmiyyət

Qərbi azərbaycanlılarla eyni taleyi yaşayan Ahıska türkləri: “Onların qayıdışı bizə də təkan olacaq” – FOTO

Sharing is caring!


Sovet İttifaqının türk xalqlarının tarixində iz qoyduğu sağalmaz yaralardan biri də deportasiya aktlarıdır. Xüsusilə sovet rəhbəri İosif Stalinin hakimiyyəti dövründə həyata keçirilən bu proses nəticəsində bir çox türk xalqları öz doğma yurdlarından sürgün edilib və hətta müstəqillikdən sonra da torpaqlarına qayıda bilməyiblər.

Belə taleyi yaşayanlar arasında Qərbi Azərbaycandan olan soydaşlarımızla yanaşı, Ahıska türkləri, Krım tatarları da var. Məlum olduğu kimi, 1948-53 və 1988-91-ci illərdə 450 min azərbaycanlı Qərbi Azərbaycandan qovulub. Bu hadisədən bir az əvvəl – 1944-cü ildə isə Gürcüstanın Mesxetiya regionunda yaşayan 95 minə yaxın Ahıska türkü məcburi şəkildə Mərkəzi Asiya ölkələrinə köçürülüb. Onların yurdlarına da elə Qərbi Azərbaycanda olduğu kimi, 30 minə yaxın erməni yerləşdirilib. Məhz həmin sürgünün ağır şərtləri nəticəsində 50 minə yaxın Ahıska türkü həyatını itirib. Müstəqillikdən sonra isə Gürcüstan hökuməti onların geri qaytarılmasına razılıq verməyib. Lakin Avropa İttifaqı (Aİ) bu istiqamətdə Gürcüstan hökumətinə müəyyən təzyiqlər göstərib və Tbilisi hökuməti də quruma üzv olmaq üçün onların Mesxetiyaya geri dönmələri ilə bağlı üzərinə öhdəlik götürüb. Ancaq bu gün Ahıska türklərinin əksəriyyəti hələ də digər postsovet ölkələrində yaşamaqdadır. Ona görə də Qərbi azərbaycanlılarla eyni taleyi yaşayan bu türk xalqının qayıdış prosesi ilə bağlı nə kimi yeniliklərin baş verdiyi, ümumiyyətlə, qayıdış praktikası olduqca maraq doğurur.

“Report” məsələ ilə bağlı Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini, Dünya Ahıska Türkləri Birliyi İdarə Heyətinin üzvü Mövlud İşıqla həmsöhbət olub. Müsahibəni təqdim edirik:

– Mövlud bəy, əvvəlcə Ahıska türklərinin hazırkı vəziyyəti barədə məlumat almaq istərdim. Hazırda həyatlarına harada və necə davam edirlər?

– Ahıska türkləri Stalinin əmri ilə 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahıska, Adıgün, Aspinza, Axılkələk və Boqdanovka rayonlarına daxil olan 220 kənddən Özbəkistan, Qazaxıstan və Qırğızıstana sürgün edilmiş türk toplumudur. Sürgün edildikləri yerlərdə komendant rejimində yaşamaq məcburiyyətində qalıblar. Stalinin ölümündən sonra Ahıska türklərinə Gürcüstan istisna olmaqla SSRİ-nin digər ölkələrinə getməyə və yaşamağa icazə verilib. Beləliklə, 1958-ci ildən etibarən Ahıska türkləri Azərbaycana köç etməyə başlayıblar. Ahıska türklərinin Azərbaycana ikinci köçü isə 1989-cu ildə Özbəkistanda baş verən Fərqanə hadisələrindən sonra olub. Azərbaycan xalqı ahıskalı qardaşlarına evlərini açıb, onların rahat yaşamaları üçün hər cür şərait yaradıb. Ahıska türkləri bu gün dünyanın 10 ölkəsində – ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna və Şimali Kipr Türk Respublikasında cəm şəklində yaşayırlar.

– Ahıska türkləri deportasiya olunan millətlər sırasındadırlar. Hazırda nə qədər Ahıska türkü yurdundan kənarda yaşayır?

– Hazırda Ahıska bölgəsində yaşayan türklərin sayı olduqca azdır. Demək olar ki, Ahıska türklərinin hamısı vətəndən uzaqda yaşayır və qeyri-rəsmi məlumatlara əsasən, ümumi say 650 min civarındadır. Ahıskaya dönmək üçün Gürcüstana müraciət edənlər isə 15 ildən artıqdır ki, dönüş izni ala bilmirlər. Azərbaycanda, qeyri-rəsmi məlumata görə, 60 min Ahıska türkü yaşayır. Əvvəllər bu rəqəm daha çox idi. Ancaq son dövrlər Azərbaycandan Türkiyəyə güclü şəkildə köç baş verir. Bunun bir çox səbəbləri var. Ahıskalı gənclər gələcəklərini daha çox Türkiyədə qurmaq istədikləri üçün ailələri də onları tək buraxmayaraq onların yanına köç edirlər. Türkiyəyə köç edən Ahıska türkləri orada vətəndaşlıq alırlar, ancaq Azərbaycan vətəndaşlığını da itirmirlər. Bu da Azərbaycan dövlətinin Ahıska türklərinə olan sevgisinin göstəricisidir.

– Ahıska türklərinin həm də Rusiya və Ukraynada məskunlaşdıqlarını bildirdiniz. Müharibə başlayan gündən bu ölkələrdən köç edənlər olubmu? Ümumiyyətlə, müharibə dövründə nə kimi çətinliklərlə üzləşiblər?

– Vətəndən uzaqda yaşayan Ahıska türkləri Ukrayna və Rusiya savaşı ilə çətin vəziyyətə düşdülər. 2015, 2016 və 2022-ci illər ərzində Türkiyə Respublikası tərəfindən Ukraynadan təxliyə edilən altı mindən çox ahıskalı Erzincanın Üzümlü, Bitlisin Ahlat rayonlarına, Elazığın Aşağıdəmirtaş Konteyner kəndinə yerləşdirildilər. Elazığda yaşayan üç minə yaxın ahıskalıdan 218-i 2023-cü ilin sentyabr ayında onlar üçün TOKİ tərəfindən tikilən evlərə, qalanı isə gələcəkdə tikiləcək evlərə köçürüləcək.

Hazırda bizi ən çox narahat edən məsələlərdən biri həm Rusiya, həm də Ukrayna tərəfində döyüşən ahıskalı əsgərlərlə bağlıdır. Azərbaycanda yaşayan Ahıska türklərinin heç bir problemi yoxdur.

– Yəqin ki, Azərbaycan vətəndaşı olan Ahıska türkləri İkinci Qarabağ müharibəsində də iştirak ediblər…

– Bəli, ancaq bu məsələ Rusiya və Ukraynada müharibəyə qatılmaqdan çox fərqlidir. Biz Azərbaycana gəldiyimiz ilk illərdən bu günə qədər həm dövlətimizin, həm də Azərbaycan xalqının diqqət və qayğısını hər zaman hiss etmişik. Elə buna görə də ahıskalılar Qarabağ məsələsində məhz öz dövlətlərinə sahib çıxıblar. Birinci Qarabağ müharibəsi və Vətən savaşı ilə birlikdə 92 şəhidimiz var. Onlardan İsgəndər Aznaurova Birinci Qarabağ müharibəsi zamanı göstərdiyini şücaətlərə görə şəhadətindən sonra Milli Qəhrəman, Murad Əflətova isə 44 günlük müharibədən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

– Qayıdaq Ahıska türklərinin Gürcüstandan deportasiyası məsələsinə. Bildiyiniz kimi, onların yurdlarına geri qaytarılması üçün uzun illərdir, layihələr üzərində çalışılır. Avropa İttifaqı məsələ barədə bir neçə dəfə Gürcüstana təkidlər edib. Bu danışıqlar nəticə verirmi? 1990-cı illərdə Gürcüstan hökumətinin bu məsələyə münasibəti sərt idi. İndi vəziyyət necədir?

– Gürcüstan Avropa İttifaqına qəbul olmaq üçün şərt olaraq Ahıska türklərinin Gürcüstana dönüşü ilə bağlı öhdəlik götürmüşdü. Bu öhdəliyə əsasən, 2007-ci ildə qanun qəbul edildi. Ancaq qanun qəbul edilsə də, hərəkət planı yox idi. Bu qanun Ahıska türklərinin tam istədikləri kimi olmasa da, 13 mindən çox insanın vətənə dönüş ərizəsi Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildi. 2009-cu ildə edilən müraciətlərə 2012-ci ildə cavab verildi və 1 700 nəfərə vətənə dönüş statusu, onlardan 494 nəfərə isə Gürcüstan Respublikasının şərtli vətəndaşlığı verildi. Vətəndaşlıq verilən ahıskalı türklərə Azərbaycan vətəndaşlığından çıxma şərti də qoyulmuşdu. Bundan başqa, digər bir problem də vətəndaşlıq verilərkən beş nəfərdən ibarət bir ailənin, sadəcə, iki üzvünün bu statusu alması oldu, digərlərinə vətəndaşlıq verilmədi. Bu da vətənə dönüş üçün böyük əngəl oldu. Nəticədə Ahıska türklərindən bir nəfər də olsun vətənə dönüş edə bilmədi. Bu gün Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımızın isə vətəndaşlıqları olmadığı üçün bir çox problemlərlə qarşılaşırlar.

– Dünya Ahıska Türkləri Birliyi və qurumunuz bu qayıdış prosesi ilə bağlı hansı işləri həyata keçirir?

– Ahıska türklərinin çətir quruluşu olan Dünya Ahıska Türkləri Birliyi və Azərbaycanda yaşayan Ahıska Türklərinin “Vətən” İctimai Birliyi vətənə dönüş üçün bir sıra fəaliyyət həyata keçirir. DATÜB nəzdində qurulan Vətən Ahıskaya Dönüş və Hüquqların Bərpası Komissiyası vaxtaşırı Gürcüstana səfər edir və görüşlər keçirir. Komissiya olaraq Gürcüstandan iki tələbimiz var. Birinci tələb 2007-ci ildə qəbul edilən və ahıskalıların etdiyi müraciətlər nəticəsində verilən vətəndaşlıq müddətinin uzadılmasıdır. Eyni zamanda ailə parçalanmasının aradan qaldırıması, 2007-ci ildə qəbul edilən qanuna düzəlişlər edilərək sui-istifadəyə açıq maddələrin dəyişilməsi və Ahıska türklərinin siyasi, hüquqi, mədəni və maddi haqlarının qaytarılması da buraya daxildir. İkinci tələb isə soydaşlarımızın Gürcüstana qayıdışı üçün yeni bir reabilitasiya qanununun və dönüş üçün hərəkət planının qəbul edilməsidir.

2010-cu ildə iş adamı Ziyəddin İsmixanoğlu Kassanovun yaratdığı Dünya Ahıska Türkləri Birliyi (DATÜB) dünyanın bir çox ölkələrində təmsilçiləri və ofisləri ilə ahıskalılara xidmət edir. DATÜB-ün üç əsas hədəfi var. Bunlar Ahıska türklərinin tarixi vətənləri – Ahıskaya dönüş haqqı qazanması, Türkiyəyə köç edənlərin vətəndaşlıq və digər məsələlərinin həlli və Ahıska türklərinin yaşadıqları ölkələrdəki vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Vətənə dönüş ilə bağlı çalışmalara Ahıska türklərinin yaşadığı bütün ölkələrdən təmsilçilər qatılırlar və hərəkət planı bu şəxslərin fikir və təklifləri nəticəsində təşkil edilir.

– Bildiyiniz kimi, Azərbaycan türkləri də Ahıska türkləri kimi, həm sovet dövründə, həm də ondan əvvəl deportasiya ilə üzləşiblər. Təkcə sovet dövründə 450 min azərbaycanlı Qərbi Azərbaycandan sürgün edilib. İllərdir yurdlarını, tarixi Azərbaycan torpaqlarını görə bilmirlər. Onlar barədə də fikirlərinizi bilmək istərdik. Sizcə, həmvətənlərimizin yurdlarına qaytarılması üçün nə edə bilərik?

– Çox doğru qeyd etdiniz. Ahıska türkləri ilə Qərbi azərbaycanlıların taleləri eynidir. Hər il 14 noyabr tarixi Ahıska türklərinin tarixi vətəndən sürgün edilmələrinin ildönümünü qeyd edirik. Həmin gün Ahıska türkləri ilə yanaşı, Qərbi Azərbaycandan sürgün edilən azərbaycanlı qardaşlarımızın da xatirəsini anırıq. Sevindirici haldır ki, artıq Qərbi Azərbaycandan sürgün edilən qardaş və bacılarımızın haqlarını alması üçün Azərbaycan dövləti tərəfindən onlara siyasi dəstək göstərilir. Biz Ahıska türkləri olaraq Qərbi Azərbaycandan sürgün edilən türk qardaşlarımızın tezliklə öz yurdlarına qayıtmasını görmək istəyirik. Azərbaycan artıq Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olsa da, istəklərini hər zaman olduğu kimi beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməyə çalışır. Azərbaycan xalqı da, dövləti də hər zaman hüququn və ədalətin yanında olublar. Qərbi Azərbaycana dönüş də beynəlxalq hüquq çərçivəsində olacaq və Azərbaycan xalqı haqqını alacaq. İnanırıq ki, onların bu qayıdışı Ahıska türkləri üçün də bir təkan olar və Gürcüstan dövləti də Ahıska türklərinin vətənlərinə dönüşü məsələsinə ciddi şəkildə diqqət göstərər. Çünki biz Ahıska türkləri də tarixi vətənimizə dönmək istəyirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir