Cəmiyyət

Səkinə Həmidova: “Erməni general əsir götürdüyü rusiyalı jurnalistə bildirib ki, biz nəyi desək, onu çək”

Sharing is caring!


“Beynəlxalq ictimaiyyətdən səsimizə səs verilməsini istəyirik. Əgər yaxınlarımız şəhid olublarsa, ən azından, onların bir nişanəsi bizə verilsin, biz onu dəfn edək və bir təsəlli tapaq”.

Bunu “Report”a açıqlamasında Qarabağ müharibəsində itkin düşmüş Şəmsi Məhəmməd oğlu Həmidovun bacısı Səkinə Həmidova deyib.

S.Həmidovanın sözlərinə görə, onların yaşadığı Cəbrayıl rayonunun təkcə Dağ Tumas kəndindən 38 nəfər itkin düşüb:

“Qardaşım 1993-cü ildə itkin düşüb. Ermənilər camaat kənddə olarkən Dağ Tumasa hücum ediblər. Kənd sakinlərindən çoxunu öldürüb, bir hissəsini də əsir götürüblər. İndiyə qədər də itkin düşmüş 38 nəfərin taleyi məlum deyil. Onlardan biri də mənim qardaşımdır. Qardaşım kəndimiz işğal olunarkən əsgər idi. O vaxt kəndimizin girişində bir körpü var idi. Onda qardaşım altı nəfərlə birgə o körpünün yanında kəndə girmək istəyən ermənilərin qarşısını kəsib. Kənd camaatı da həmin vaxt atışma səslərini eşidib, sonra səslər kəsilib, hamı bilirdi ki, orada döyüşlər gedib. Biz güman edirdik ki, onlar orada yaralanıb, itkin düşüblər”.

O söyləyib ki, bir neçə il əvvəl rusiyalı bir reportyorun videoreportajı qarşısına çıxıb:

“Həmin jurnalist Birinci Qarabağ müharibəsində gəlib Azərbaycanda müharibəni çəkərkən Ağdamda ermənilərə əsir düşüb. Onu əsir götürdükdən sonra erməni general həmin jurnalistə bildirib ki, biz nəyi desək, onu çək. Ancaq həmin jurnalistin videosu var. O, Cəbrayılda bizim kəndin girişində olan körpünün qarşısında müharibə ilə bağlı məlumatlar verir və deyir ki, burada həmin körpünün altında döyüşüb, orada öldürülüb dərəyə atılan altı nəfərin meyiti var idi. O, bəzi məlumatlardan videoda, bir qismindən isə müharibə ilə bağlı yazdığı kitabında bəhs edir. Biz faktı dəqiqləşdirdikdən sonra da müraciətlər etmişik. İndi isə bir daha beynəlxalq ictimaiyyətə səslənirik: Bizə itkinlərimizlə bağlı məlumat verilsin. İtkin düşdüyünü zənn etdiyimiz bir çox yaxınımız toplu məzarlarda basdırılıb. Ancaq ermənilər sözügedən toplu məzarların yerləri ilə bağlı heç bir məlumat vermirlər və ya həmin yerlərdə o qədər mina basdırılıb ki, gedib axtarıb tapa bilmirik. Ona görə də beynəlxalq ictimaiyyətdən bizim səsimizə səs verməsini istəyirik. Əgər yaxınlarımız şəhid olublarsa, ən azı onların bir nişanəsi bizə verilsin, biz onu dəfn edək və bir təsəlli tapaq”.

Qeyd edək ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir