Cəmiyyət

Əcnəbilər Bakıda ev alırmı? – Son ayların mənzərəsi – FOTO

Sharing is caring!


Azərbaycanda əcnəbilərin də mənzil sahibi olması ilə bağlı hüquqi şərtlər mövcuddur. Əcnəbilərin Azərbaycanda daşınmaz əmlak sahibi olmaları ilə bağlı hər hansı maneə yoxdur. Sadəcə onların mülkiyyətinə torpaq verilə bilməz. Azərbaycan qanunvericiliyi bunu qadağan edir. Torpaq Məcəlləsində də əcnəbilərin torpaq mülkiyyətçisi olması qadağan edilir. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər.

Xatırladaq ki, 2022-ci ilin 11 ayı ərzində Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 1364 əcnəbi vətəndaş ev alıb. 2021-ci ilin eyni dövründə isə ölkədə 1317 mənzil digər ölkələrin vətəndaşlarına satılıb.

Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər arasında Rusiya vətəndaşları (934) üstünlük təşkil edir. İkinci yerdə Gürcüstan vətəndaşları (134), üçüncü yerdə Türkiyə vətəndaşları (35) gəlirlər.

Mənzil alan xarici vətəndaşlar arasında sonrakı sıralarda Qazaxıstan, Almaniya, ABŞ, Belarus, İran Ukrayna, BƏƏ ölkələrinin vətəndaşları yer tuturlar.

Bəs hazırda vəziyyət necədir? Aktivlik varmı?

Mövzu ilə bağlı Bizim.media-ya danışan əmlak məsələləri üzrə ekspert Vüqar Orucun sözlərinə görə yay mövsümü olduğuna görə müəyyən qədər bu məsələdə passivlik görünməkdədir.

Amma bu, müvəqqəti hal daşıyır:

“Əcnəbilərin Bakıda ev almaq məsələsi aktualdır. Günbəgün isə belə bir marağın dairəsi genişlənir. Sadəcə hazırda bir qədər passivlik hökm sürür ki, bu da müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə, ölkəmizin daşınmaz əmlakına investisiya qoyulması məsələsi istiqamətində artımı müşahidə edirik. Əcnəbilərin Bakıda ev sahibi olmaları ilə bağlı hər hansı maneə yoxdur.

Bilirsiniz ki, qanunvericiliyə əsasən, əcnəbilər Azərbaycanda torpaq almaq hüququna malik deyil.

Torpaqlarımız azad etdikdən sonra ölkəmizə investisiya yatırımlarında çox böyük canlanmanı müşahidə edirik. Əsasən azad olunmuş torpaqlara yönəlik bir investisiya marağı var. Azərbaycan hökuməti də bu marağı nəzarətdən kənara buraxmır. Müəyyən hesablanmış proqrama uyğun olaraq Azərbaycanın həm investisiya yatırımı, həm də iqtisadi siyasəti inkişafa doğru gedir.

Xaricilərin təbirincə desək, əcnəbilərin ölkəmizə marağı məhz Azərbaycanda stabilliyin olması, torpaqlarını azad edilməsi, eyni zamanda müəyyən maliyyə məsələləri ilə bağlı da sıxıntının olmaması ilə əlaqədardır. Bilirsiniz ki, manat xarici valyutaya nisbətdə stabil qalır. Buna görə ölkəyə investisiya qoyulması o qədər də riskli deyil. Bütün bu risklərin sığortalanmasını nəzərə alan əcnəbilər, təbii ki, Azərbaycana investisiya qoymaqda israrlıdırlar”.

Ekspert vurğulayıb ki, əcnəbilərlə yanaşı öz vətəndaşlarımız da əmlaka çox böyük investisiya yatırırlar:

“Azərbaycanda hazırda kirayə bazarının formalaşması prosesi gedir. Əvvəllər bu, pərakəndə hal daşıyırdısa, indi şüurlu şəkildə Azərbaycan vətəndaşları mənzilləri əldə edib, onları hazırlayaraq kirayə verirlər. Bu, artıq biznes fəaliyyətinə dönüb. O cümlədən, ölkəmizdə istirahət məkanlarına yaxın olmaq və yaxud onları əldə etmək əcnəbilər üçün də olduqca aktualdır. Bu maraq həm daxildə alqı-satqı faktlarını artırır, həm də əcnəbilərin Azərbaycana marağını günbəgün artırır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir