Cəmiyyət

Sənubər İsgəndərli: “Fəryad”dan epizodik rol təklifi gələndə düşünmədən razı oldum” – FOTO

Sharing is caring!


“Azərbaycan kinosunun yenidən dirçələcəyinə ümid edirəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar artist, aktrisa Sənubər İsgəndərli deyib.

Onun sözlərinə görə, qısa zamanda kinonun inkişafı ilə bağlı nəticələri görəcəyik:

“Təbii ki, Azərbaycan kinosunun keçmişi möhtəşəm olub. “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” mənim ən sevdiyim filmlərdəndir. Bu gün də onları sevə-sevə izləyirik.

Bu il Kino və Teatr Forumu keçirildi. Bu forumda istedadlı insanların hamısı bir araya toplaşmışdı. Hər kəsin özünəməxsus təklifi oldu. Hər bir şəxs sözünü deməyi bacardı. Və bu təkliflər də nəhayət ki, eşidildi. Keçirilən forumlardan sonra daha çox ümidliyəm. Həqiqətən, bu gün gənc nəsil arasında çox istedadlı rejissor və aktyorlar var. Onlar çalışırlar ki, Azərbaycan kinosunu inkişaf etdirsinlər. Şükürlər olsun ki, bu istiqamətdə addımlar atılır. Uzun illər kino sahəsində durğunluq oldu. Düşünürəm ki, qısa zaman kəsiyində nəticələri görə biləcəyik. Mən bunu görə bilirəm. 40 il olacaq ki, həm kino, həm də teatr sahəsindəyəm. Dirçəldiyini mən görməsəm belə, siz görəcəksiniz”.

S.İsgəndərli qeyd edib ki, “Fəryad” filminin yubileyi ilə bağlı yeni layihədən məlumatsızdır:

“Fəryad” filminin 30 illik yubileyi olacaq. Ancaq hansısa yeni layihədən məlumatım yoxdur. Ümumiyyətlə, Qarabağ və Azərbaycanla bağlı nə isə varsa, canla-başla iştiraka hazıram. Kiçik epizod olmasına da baxmaram. “Fəryad” filmində də elə oldu. Rəhmətlik rejissor Ceyhun Mirzəyev mənə dedi ki, çox qısa epizoddur, qısa da olsa, Azərbaycan qadını obrazını sənin simanda təqdim etmək istəyirəm. Təklif gələndə həmin vaxt düşünmədən razı oldum. Yenə eyni həcmdə rol təklif olunsa, oynayaram. Baxmaram ki, sözü var, yoxsa yoxdur”.

Qeyd edək ki, aktrisa Sənubər İsgəndərli 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülüb. 8 mart 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən “İlin işgüzar xanımı” mükafatı ilə təltif edilib. Həmçinin “Qızıl Dərviş” mükafatına da layiq görülüb. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı təltif olunub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir