Cəmiyyət

“Qarabağ” avrokuboklarda 4 dəfə ilk oyundakı məğlubiyyətin əvəzini çıxıb – ARAŞDIRMA

Sharing is caring!


“Qarabağ” tarixi ərzində 4 dəfə avrokubokların təsnifat mərhələlərində ilk oyundakı məğlubiyyətin əvəzini çıxa bilib.

“Report”un araşdırmasına görə, bunların hər birində cavab görüşü Bakıda keçirilib.

Azərbaycan təmsilçisi üç halda ilk qarşılaşmada 0:1, bir dəfə isə 1:2 hesablı məğlubiyyətlə üzləşməsinə baxmayaraq, doğma meydanda geridönüş etməyi bacarıb. Ağdamlılar hətta bunun üçündə böyükhesablı qalibiyyət əldə ediblər. 2019/2020 mövsümündə Şimali İrlandiyanın “Linfild” klubu ilə ümumi qol sayında bərabərlik olsa da, səfərdə daha çox fərqlənmək “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

“Qarabağ”ın cavab oyununda geridönüş etdiyi duellərin 3-ü Avropa Liqası, 1-i isə Çempionlar Liqasına təsadüf edib.

Son belə uğur 2022/2023 mövsümündə Polşa təmsilçisi “Lex” üzərində qazanılıb. “Qarabağ” indi də eyni durumla üz-üzədir. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın digər təmsilçisi “Rakuv”a səfərdə uduzub – 2:3. Qurban Qurbanovun yetirmələrini tarixində 5-ci geridönüş üçün bu dəfə minimalhesablı qalibiyyət də qane etməyəcək. Səfər qolu üstünlüyü ləğv olunduğundan, “köhlən atlar” bu gün minimum 2 top fərqi ilə rəqibi üstələməlidirlər.

“Qarabağ” indiyə qədər bir dəfə ilk matçda uduzduğu rəqibini cavab qarşılaşmasında məğlub etsə də, mərhələni adlaya bilməyib. Bu, 2011/2012 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində baş verib. Belçika klubu “Brügge” həmin vaxt öz meydanında reallaşan ilk oyunda 4:1 hesablı qalibiyyətə sevinib. “Qarabağ” cavab görüşünü 1:0 hesablı üstünlüklə tamamlasa da, bu, növbəti mərhələni “görmək” üçün kifayət etməyib.

2016/2017 mövsümü, Avropa Liqasının pley-off mərhələsi

18.08.2016. “Göteborq” (İsveç) – “Qarabağ” 1:0

25.08.2016. “Qarabağ” – “Göteborq” 3:0

2018/2019 mövsümü, Avropa Liqasının pley-off mərhələsi

23.08.2018. “Şerif” (Moldova) – “Qarabağ” 1:0

30.08.2018. “Qarabağ” – “Şerif” 3:0

2019/2020 mövsümü, Avropa Liqasının pley-off mərhələsi

22.08.2019. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” 3:2

29.08.2019. “Qarabağ” – “Linfild” 2:1

2022/2023 mövsümü, Çempionlar Liqasının I təsnifat mərhələsi

05.07.2022. “Lex” (Polşa) – “Qarabağ” 1:0

12.07.2022. “Qarabağ” – “Lex” 5:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir