Cəmiyyət

Meşəli sakini: “Vaqif Xaçatryanın olduğu dəstənin qəddarlığını bütün dünya bilməlidir” – FOTO

Sharing is caring!


“Vaqif Xaçatryanın olduğu dəstənin qəddarlığını bütün dünya bilməlidir”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında Xocalı rayonunun Meşəli kəndinin sakini Püstə Kazımova deyib.

O, V.Xaçatryanın da olduğu silahlı erməni dəstəsinin Meşəlidə törətdiyi vəhşilikləri heç zaman unutmadığını bildirib:

“Meşəlinin dinc sakinləri yuxuda olduğu bir vaxtda düşmən hücuma keçdi. Biz güllə səsinə oyandıq. Evdən çıxmaq üçün cəhdlər etdik, lakin buna imkan vermədilər. Məqsədləri kənd camaatını tamam qırmaq idi. Onlar 53 yaşlı əmimi amansızlıqla qətlə yetirdilər. Əgər kəndə kömək gəlməsəydi, hər kəsi öldürərdilər”.

Ermənilərin vəhşilikləri ilə daha əvvəl də üzləşdiklərini söyləyən P.Kazımova qardaşının başına gələn hadisədən də danışıb:

“Qardaşım Ramil Kazımov 1990-cı ildə təcili tibbi yardım briqadasında sürücü işləyirdi. Həmin vaxt ağır xəstə olan dayım qızı dərhal cərrahiyyə əməliyyatı olunmalı idi. Qardaşım onu Xocalıya çatdırmaq üçün yola çıxdı. O zaman da ermənilər tərəfindən avtomobil yollarına pusqular qurulurdu, maşınlar daşlanırdı, qəsdən avtomatla atəş açıb maşınlara zərər verirdilər. Qardaşım dayım qızını Xocalı xəstəxanasına yerləşdirib geri qayıdanda ermənilərin atəşinə məruz qaldı və hər iki ayağından yaralandı. Buna baxmayaraq, yaralı halda təcili tibbi yardım maşınını oradan çıxara bilmişdi. Ermənilər təcili tibbi yardım maşınını atəşə tutacaq qədər alçaqlıq edirdilər. Hətta içərisində dinc sakinlərin olduğu avtomobilin qarşısını kəsib, üzərinə benzin töküb, yandırmağa çalışmışdılar. Onlar heç vaxt düşmənçilik siyasətindən əl çəkmirdilər. Bütün bu vəhşilikləri dünya bilməlidir”.

“Şükürlər olsun ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində ermənilər həm siyasi arenada, həm də döyüş meydanında layiqli cavablarını aldılar. Aradan uzun illər keçsə də, Vaqif Xaçatryan kimilərinin saxlanılaraq məsuliyyətə cəlb edilməsi digər erməni terrorçularının da cəzalarına çatacaqlarına ümidimizi artırdı”, – deyə P.Kazımova söyləyib.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir