Cəmiyyət

Rasim Balayev: “İndi Nəsiminin son yaş dövrünə uyğun olaram” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Bu gün çəkilən filmlər, seriallar lazımsızdır. Heç nə başa düşülmür”.

Bunu Oxu.Az-a Azərbaycan kinosunun bu günü ilə bağlı müsahibəsi zamanı Xalq artisti Rasim Balayev deyib. Onunla müsahibəni təqdim edirik:

– Bu gün Azərbaycan kinosunun yaranmasının 125-cü ildönümüdür. Kinomuz, sizcə, hansı vəziyyətdədir?

– Bu gün Azərbaycan kinosunun bayram günüdür. Çox təəssüf edirəm ki, əvvəlki illərlə müqayisə etsək, ürəkaçan mənzərə olmadığını görürük. Azərbaycan kinosu çox çətin vəziyyətdədir. Düzdür, müəyyən qurumlar, agentliklər yaradılıb. Bir çox fikirlər ortaya atılır. Yeni nazir də bu işlərlə ciddi məşğul olur. İnanıram ki, Azərbaycan kinosu yaxın günlərdə dirçələcək.

– Rasim bəy, sovet dönəmində çəkilən filmlərimiz bu gün də maraqla izlənilir. Siz Azərbaycan kinosunda hansı dəyişikliklərin olmasını istərdiniz?

– Mən istərdim ki, yaxşı filmlər çəkilsin. Tamaşaçılar da bundan razı qalsınlar. Bu gün çəkilən filmlər, seriallar lazımsızdır. Heç nə başa düşülmür. Filmin ideyası, məqsədi, məramı olmalıdır. Tamaşaçı filmdən ibrət götürməlidir. Bu gün, çox təəssüf ki, bu yoxdur. Arzu edirik ki, tamaşaçıların xoşuna gələn, onların zövqünü oxşayan filmlər çəkilsin.

44 günlük Vətən müharibəsində qalib gəlmişik. Oğullarımız şəhid oldular. Qazilərimiz var. Onların hər birinin qəhrəmanlıqlarını ekranda təcəssüm etdirməliyik.

– Azərbaycan kinosunun gələcəyini necə görürsünüz?

– Mən münəccim deyiləm ki, gələcəyi görə bilim. Amma istərdim ki, kinomuz yenidən əvvəlki hörmətini qaytarsın. Tamaşaçıları bir növ qaçırmışıq. Mən arzu edirəm ki, elə filmlər çəkilsin ki, ona tamaşaçılar baxıb nəsə götürsünlər.

– Nəsiminin adı çəkiləndə ilk siz yada düşürsünüz. “Nəsimi” filminin əlli illik yubileyi olacaq. Bununla bağlı yeni layihə varmı?

– “Nəsimi” ilə bağlı yeni bir layihə yoxdur. Bizə təsəlli verən odur ki, əlli il öncə çəkilməsinə baxmayaraq, tamaşaçı yenə də izləyir. Yeni nəsil də maraq göstərir. Deməli, bu əlli ildə öz təravətini itirməyib. Film kollektivin uğurudur. Başda rejissor, ssenari müəllifi olmaqla Azərbaycan kinosunun uğurudur.

– Müsahibələrinizdən birində demisiniz ki, “Nəsiminin qocalığını oynamaq istərdim”. Bu həvəsiniz qüvvədədir?

– Məndən soruşdular ki, yenidən o rolu oynayarammı? Ona görə o cavabı dedim. Lakin mən filmdə Nəsiminin üç dövrünü oynamışam. Mən indi son yaş dövrünə uyğun olaram. Elə bir təklif olsa, çətin. O qədər ekrana gətirilməyən görkəmli şəxslər var ki… Onları ekrana gətirmək lazımdır. Bu barədə düşünməliyik.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir