Cəmiyyət

Bakalavrların magistr pilləsində ixtisas “xəyanət”i: “Dörd ildə nə baş verdi ki?” – FOTO

Sharing is caring!


Magistratura pilləsinə qəbul olan bakalavrların qeydiyyat prosesi iyul ayının 21-dən başlayıb. Proses hələ də davam edir.

Burada maraq doğuran əsas məqam magistrlərin ixtisas seçimi mərhələsidir. Müşahidələrdən bəlli olur ki, əksər bakalavrlar ixtisaslarını təkmilləşdirmək deyil, məhz dəyişmək üçün magistratura pilləsinə üz tuturlar.

Bəs görəsən, bakalavrlar bu il daha çox hansı ixtisaslara üstünlük verirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu il magistratura pilləsinə sənəd verənlərin sayında artım müşahidə olunur:

“Ali təhsil sistemində önəmli mərhələlərdən biri magistratura pilləsidir. Bu il magistraturaya sənəd verənlər əvvəlki illərlə müqayisədə daha çoxdur. Bəzi tələbələr bakalavrda oxuduqları ixtisası magistraturada davam etdirirlər. Bəziləri isə tam fərqli ixtisas seçirlər.

İxtisas dəyişikliyini daha çox görürük. Bu zaman bakalavr təhsilinin keyfiyyəti və məzmunu ilə bağlı bir çox suallar yaranır. Gənclərin bir qismi təhsil müddətində istədiyi keyfiyyəti əldə etmədiyi üçün başqa sahələrə yönəlir. Magistraturada da bakalavrlar öz ixtisaslarına uyğun ixtisas seçə bilirlər. Bu önəmli məsələdir”.

Deputat qeyd edib ki, gənclərin magistraturada ixtisas dəyişmələrinin səbəbi araşdırılmalıdır:

“Ali təhsil müəssisələri həssas yanaşmalıdırlar. Səbəbi araşdırılmalıdır ki, gənclər niyə belə addım atırlar. Dörd ildə nə baş verdi ki, bakalavrı bitirdikdən sonra ixtisası dəyişirlər? Bizim müxtəlif sahələr üzrə savadlı kadrlara, mütəxəssislərə ehtiyacımız var. Belə hallar prosesə təsirini göstərir”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun fikrincə isə ixtisaslaşma seçimi zamanı bakalavr bitirdiyi ixtisasa uyğun seçim aparır:

“İyul ayının 21-də proses başlayıb. Boş qalmış yerlərə görə ixtisas seçimi mərhələsi uzadıldı. Avqustun 3-də proses yekunlaşacaq. Bakalavrlar sərbəst şəkildə ixtisas seçə bilirlər. İxtisaslaşma seçimi aparılarkən bakalavr bitirdiyi ixtisasa uyğun olaraq ixtisas seçir.

Magistr, əslində, daha yüksək pilləli təhsildir. Bakalavrlar ixtisası daha dərindən mənimsəyirlər. Unutmayaq ki, bakalavrlar yalnız ixtisaslarına uyğun seçim edə bilirlər. Digər ixtisasların seçilməsinə imkan verilmir”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla İş Şöbəsinin müdiri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, seçim cədvəli genişdir və bakalavrlara ixtisaslaşmaları seçməyə kifayət qədər imkan verir.

“Magistraturada ixtisaslaşma seçimi “Magistr 3” jurnalındakı seçim cədvəlinə əsasən həyata keçirilir. Bu cədvəldə bakalavr ixtisasınız və ona uyğun seçə biləcəyiniz magistr ixtisaslaşmaları göstərilir. Cədvəldə, həmçinin, bakalavr ixtisasınız (şifri və adı) və ona uyğun seçə biləcəyiniz magistr ixtisaslaşmaları (şifri və adı) göstərilir. Həmin seçim cədvəli  Elm və Təhsil Nazirliyi, həmçinin ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə razılaşdırılır və ondan sonra nəşr olunur. Burada diqqət yetirilən əsas məqam sizin magistraturada təhsil almaq istədiyiniz ixtisaslaşma üzrə bakalavr təhsili dövründə ilkin elmi biliklərə yiyələnmiş olmağınızdır. Bu zaman tədris proqramlarına, keçilən dərslərə və s. fikir verilir.

Seçim cədvəli genişdir. Elə ixtisaslar var ki, müxtəlif proqramlara aid 15-20, hətta daha çox ixtisaslaşmanı seçmək mümkün olur. Jurnalistika və MBA-ya aid ixtisaslaşmaları seçmək imkanı isə bakalavr ixtisasından asılı olmayaraq hamıya verilir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, magistraturaya qəbul olmuş şəxslər avqustun 3-ü saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir