Cəmiyyət

Məcnun Leylini “Facebook”da görsəydi…

Sharing is caring!


Qan Turalı yazır…

Eşqin tarixi yenidənmi yazılacaq? Bu, mühüm bir sual kimi qarşımızda dayanır. Düzdür, hələ əvvəldən də deyirdilər ki, əsl sevgi keçmişdə qalıb. Bu yanlış bir tendensiyadır. Zira, insanlar yaxşı olan hər şeyin keçmişdə qaldığını, bu günün isə dözülməz olduğunu təkcə eşq yox, başqa mövzularda da deyirdilər. Bu, adi bir klişedir. Ancaq müasir dünyada, xüsusən də kommunikasiya vasitələrinin inkişafı ilə insani münasibətlərin inkişafında yeni bir mərhələ açılır.  

Əvvəllər insanlar arasında əlaqə son dərəcə zəif idi. Siz ancaq şəxsi həyatda tanıdığınız insanlarla əlaqəyə girə bilərdiniz. Bir şəhərdə yaşayırdınızsa, iş yoldaşlarınız qonşularınız, məktəb və universitet yoldaşlarınızla… Daha kiçik yaşayış məntəqələrində isə bu halqa lap kiçilirdi. Bir sözlə, telefondan və internetdən əvvəlki dövrlərdə ünsiyyət halqası dar və məhdud idi.

Telefonun ortaya çıxması ilə bu ünsiyyət halqası müəyyən dərəcədə genişləndi. Ancaq internetin ortaya çıxması ünsiyyət halqasını böyütdükcə böyütdü. İndi sosial media platformalarında milyonlarla insan var. Siz də bu platformaların birinə qoşulmaqla milyonlarla insanla ünsiyyətə girmək şansı qazanırsınız. 

Kiçik bir kənd, xoşbəxt olmayan bir qadını düşünək. Əvvəl, o nə edə bilərdi, indi nə edə bilər? Madam Bovarini – Qustav Floberin o ölməz qəhrəmanını xatırlayaq. Bəs indi necədir? Madam Bovarinin önündə hüdudsuz imkanlar açılıbdır. 

Madam Bovari indi başqa qadınların da həyatını görür. Görür ki, ondan uzaqda olan bu qadınlar parıltılı, zəngin bir həyat yaşayırlar. Müxtəlif restoranlarda olur, dəniz sahillərində, çimərliklərdə şəkillər çəkdirir, gözqamaşdırıcı paltarlar geyinir, onu bir yerə gedəndə sürücü müşayiət edir. Madam Bovari isə xoşbəxt deyil. O, öz ərini sevmir, onunla ünsiyyətdən heç bir həzz almır. Bir “Instagram”a baxır, bir də öz həyatına. Yaşadıqlarına layiq olmadığını düşünür. Alternativlər axtarır. Bu alternativlərin içində uşaqlarını qoyub şəhərə başqası ilə qaçmaq da var, kiminləsə gizlincə görüşmək də… 

Bir sözlə, sosial medianın varlığı Madam Bovarinin qarşısında yeni alternativlər yaradır və yeni seçimlər qoyur. Madam Bovarinin xəyalı “Instagram”da gördüyü həyatdır. Yaşadığı həyat isə onunla müqayisədə miskindir. Məhz bu cəhətdən də media Madam Bovari xəbərləri ilə doludur. Tutaq ki, 20 il əvvəl Madam Bovarilər üçün bu cür imkanlar mövcud deyildi. Ancaq yaranan yeni imkanlar Madam Bovarilər üçün yeni fəaliyyət imkanları yaradır. 

Əlbəttə ki, burada saxta moralizmi (əxlaqçılıq) müdafiə etmək fikrindən uzağam. Lakin burada mühüm bir məqam üzə çıxır. Madam Bovari keçmiş dövrlərdə ünsiyyət imkanlarından məhrum idi, indi onun fəaliyyətə keçməsi heç də o demək deyil ki, keçmiş dövrün Madam Bovariləri daha əxlaqlı idilər. Madam Bovari dəyişməyib, zəmanə dəyişib. 

Burada mühüm bir məqam da boşanma ilə bağlıdır. Çünki, saxta moralistlər bir tərəfdən cəmiyyətdə boşanmanın artmasını fəlakət kimi qarşılayır, digər tərəfdən isə ailədaxili sədaqətsizlik, eləcə də ailədaxili qətlləri, zorakılığı da tənqid edirlər. Halbuki, boşanma dövlətin, qanunların insana verdiyi bir hüquqdur və boşanma nə qədər çətindirsə orada bütün neqativ təzahürlərin yüksəlişi də gerçəkdir. 

Ailə verilişlərini bir çox cəhətdən tənqid edirlər. Ancaq bu verilişlər sosioloji müşahidələr üçün əvəzsiz bir qaynaqdır. Biz bu verilişlərdə çox maraqlı insanlar, çox maraqlı münasibətlər görürük. Əlbəttə ki, bütün bu münasibətləri cəmiyyətin ümumiləşmiş mənzərəsi kimi qavramaq şüurun asan yoludur. Ancaq bizim nə deməyimizdən asılı olmayaraq bu cür anormal münasibətlər var. Və bu cür ailə verilişləri də cəmiyyətin inkişaf ritmində ortaya çıxan sapmaları göstərir. Bu sapmaları yaradan Madam Bovarilər də əslində sosial medianın onlara verdiyi nemətlərdən gen-bol şəkildə istifadə edirlər. Yüz il qabaq isə bu imkanlar yox idi. 

Məcnun Leylini məktəbdə görmüşdü. Daha sonra isə onu görmək imkanı yox idi. Eləcə başqa hansısa bir qızla ünsiyyətdə olmaq da. Ancaq müasir dövrdə Məcnun və Leylinin məktəb həyatı davam edir. Leylilərin bir qismi Madam Bovariyə, Məcnunlar isə Markiz de Sada çevrilir. İnsan ruhunun dərinliklərində olan bu meyllər sosial medianın inkişafı ilə birlikdə reallığa çevrilir. 

Eşqin yeni tarixi də budur!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir