Cəmiyyət

“Sahibsiz” qalan yaşayış binaları: Sakinlərdən toplanan pullar hara gedir? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bu gün paytaxtda “sahibsiz” qalan yaşayış binalarının sayı az deyil. Belə ki, sakinlər çoxmərtəbəli binaların səfasını yalnız bir neçə ay sürə bilirlər.

Bina hazır olandan sonra təhvil verilən zaman idarəetməni həyata keçirən MTK-lar aylıq kommunal haqqı toplayarkən ortaya çıxırlar. Sakinlər arasında bir neçə nəfər istisna olmaqla hər kəs ödənişləri vaxtı-vaxtında edir. Bəs nəticə? MTK-lar aylıq ödənişləri toplaya bilmədiklərini əsas gətirərək idarəetmədən imtina edirlər.

Sakinlər isə toplanan pulların hara getdiyini bilmirlər. Yaşayış binaları baxımsız vəziyyətdə qalır və irəliləyən zamanlarda infrastrukturda ciddi problemlər meydana çıxır. Bir çox hallarda isə qanunvericiliyin tələbinə uyğun olaraq sakinlər öz aralarında binanın idarəolunması məsələsində razılaşa bilmirlər. Nəticədə bina “sahibsiz” qalır, problemlər isə həllini tapmır.

Binalarda sakinlərdən toplanan kommunal haqları şəffaf xərclənirmi? Şəffaflıq qorunursa, çoxmənzilli binaların infrastrukturu niyə sıradan çıxır? Binaların idarəolunmasında sakinlər iştirak etməlidirlər, yoxsa yox?

Məsələyə aydınlıq gətirən binaların idarəedilməsi məsələləri üzrə ekspert Elxan Orucov Oxu.Az-a açıqlamasında binalarda sakinlərdən toplanan kommunal haqların şəffaf xərclənib-xərclənməməsi məsələsinə münasibət bildirərkən deyib ki, ümumiyyətlə, binanın üç idarəetmə forması var:

“Yeni tikili çoxmənzilli yaşayış binalarının mülkiyyətçiləri bilməlidirlər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2.1 (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə), 141.2.2 (mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə) və 141.2.3 (idarəedici təşkilat tərəfindən idarə edilmə) maddələrinə əsasən idarə edilir. Hər üç idarəetmə formasından asılı olmayaraq binanın ümumi əmlakının saxlanmasında kommunal gəlirlər və xərclər arasında şəffaflıq təmin olunmalıdır. Bir sözlə maliyyə gəlirlərinə ciddi nəzarət edilməlidir. Bunun üçün ilk öncə binanın düzgün büdcəsi və tarifi müəyyən edilməlidir. Daha sonra isə binada sakinlərdən ibarət idarə heyəti və təftiş komissiyası yaradılmalıdır. Hər iki mərhələ tamamlandıqdan sonra kommunal ödənişlərin yığımına başlanılmalı, həmçinin də xərclərə nəzarət mexanizmi olmalıdır. Lakin dünya təcrübəsində binaların sakinlər tərəfindən bilavasitə və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunması heç də yaxşı nəticə vermir. Eləcə də ölkəmizdə də bu vəziyyət demək olar ki, acınacaqlı vəziyyətdədir. Çünki müxtəlif təfəkkürə və idarəetmə qabiliyyətinə malik olan şəxslər binanı istədikləri kimi idarəetməyə çalışırlar. Hətta əksər hallarda büdcədən yayınma halları da müşahidə edilir.

Lakin çoxmənzilli binalar bu sahədə ixtisaslaşmış idarəedici şirkətlər tərəfindən xərclərə qənaət olunaraq, daha şəffaf, peşəkar və daha keyfiyyətli idarə olunur. Burada bir məqama diqqət yetirmək mütləqdir. Binanın kim tərəfindən və ya hansı təşkilat tərəfindən idarə olunmasından asılı olmayaraq, gəlirlərə və xərclərə nəzarət mütləq sakinlərdən ibarət idarə heyəti (üzvlər arasında qanunun minimum tələbi üç nəfərdən ibarətdir) tərəfindən nəzarətdə saxlanılmalıdır”. 

Buradan bir başqa sual ortaya çıxır. Əgər şəffaflıq qorunursa, çoxmənzilli binaların infrastrukturu niyə sıradan çıxır?

E.Orucov qeyd edir ki, burada şəffaflıqdan öncə, binanın keyfiyyətli idarə olunması üçün düzgün tarifin müəyyən edilməsi əsas şərtdir:

“Daha sonra şəffaflığın təmin edilməsi məqsədilə qanunun tələbinə uyğun olaraq, gəlirlər və xərclər haqqında rüblük hesabatlar idarə heyəti üzvlərinə və ya sakinlərin görə biləcəyi əlçatan yerlərdə yerləşdirilməlidir”.

Binaların idarəolunmasında sakinlərin iştirak etməli olub-olmadığına dair məsələni şərh edən ekspert onu da əlavə edib ki, yeni tikili çoxmənzli binaların ümumi əmlakının idarə olunmasında istənilən halda sakinlər birbaşa iştirak etməlidirlər:

“Çünki sakinlər bilməlidirlər ki, binanın idarə olunmasının əsas hissəsini maliyyə gəlirləri təşkil edir. Bu məsələyə biganə qaldıqlarında idarəedicilər (sakinlər tərəfindən bilavasitə MMMC)  tərəfindən çox ciddi formada süni olaraq əlavə xərc yaradılır. Bu da öz növbəsində gələcəkdə binanın maliyyə çətinliyi ilə üzləşməsinə gətirib çıxarmaqla yanaşı, binanın ümumi əmlakının (liftlər, su nasos stansiyası, mərkəzi qazanxana, soyutma, qızdırma, havalandırma sistemləri və s.) vaxtından əvvəl sıradan çıxması ilə nəticələnir.

Oxuculara müəmmalı qalmasın deyə tez -tez çoxmənzilli yox,  yeni tikili çoxmənzilli binalar ifadələrinə də aydınlıq gətirdik. Köhnə tikili çoxmənzilli binalarda bu idarəetmə forması və şəffaflıq mümkün deyil?

E.Orucov deyir ki, istər yeni tikili, istərsə də köhnə tikili çoxmənzilli binaların idarə olunması mənzil qanunvericiliyinə əsaslanaraq həyata keçirilir:

“Lakin bildiyiniz kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbinə görə mənzil fondu üç yerə – özəl mənzil fondu (17.2.1. özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu), dövlət mənzil fondu (17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu), bələdiyyə mənzil fondu (17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.)  bölünür.

Adından da göründüyü kimi binaların saxlanması xərci aidiyyəti üzrə mənzil fondları hesabına ödənilir. Ancaq köhnə tikili çoxmənzilli binaların müəyyən xərcləri dövlət dotasiyası hesabına ödənildiyi üçün vətəndaşlarımız səhv salmasın deyə ifadələrimdə tez-tez yeni tikili sözlərini ifadə edirəm. Yeni tikili çoxmənzilli binalar özəl mənzil fonduna aiddir və onların ümumu əmlakının saxlanması xərcləri orada mülkiyyət hüququ olan mülkiyyətçilərin hesabına ödənilir. Məhz buna görə də bu tip binalarda yaşayan sakinlər özləri binalarının qayğısına qalmalıdırlar”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir