Cəmiyyət

Laçın sakini: “Evimizə, ocağımıza böyük sevinc və qürur hissi ilə dönürük”

Sharing is caring!


“31 il sonra Laçına dönməyin sevincini duymaq üçün gərək elə laçınlı olasan. Çox böyük sevinc və qürur hissi ilə evimizə, ocağımıza dönürük”.

Bu sözləri “Report”a açıqlamasında 31 il sonra doğma yurdu olan Laçına dönən sakinlərdən biri Pakizə İsmayılova bildirib.

O deyib ki, ötən 31 ili sadəcə torpaq həsrəti ilə yaşayıb:

“Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Laçınımıza qayıdacağıq. Laçında çox gözəl günlərimiz olub. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Laçın olub. Laçından danışmaqdan heç vaxt doymamışıq.

Laçının havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Laçında var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir”.

P.İsmayılova bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır:

“Laçında gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Oranın hər qarışı doğmadır. Biz öz ocağımıza geri dönürük. Arzu edirəm ki, bir qarış belə olsa, torpağımız erməniyə qalmasın. O torpaqlarda bir daha güllə səsi eşidilməsin.

Bu günü yaşamaq çox sevinclidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun”.

Qeyd edək ki, bu gün 56 nəfərdən ibarət 16 ailə Laçın şəhərinə yola salınıb. Bununla da orada 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir