Cəmiyyət

İki nəfərin qətlində təqsirləndirilən şəxs: “Əməlimdən peşmanam”

Sharing is caring!


Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rauf Hüseynov ifadə verib.

O, qətli qarşı tərəfin söyüş söyməsi səbəbindən törətdiyini deyib:

“Mən dostum Ceyhunun Nizami rayonu Keşlə qəsəbəsindəki evində kirayədə qalırdım. Xəyal və yanında tanımadığım şəxs pəncərəni döyərək söyüş söyməyə başladılar və Ceyhunla məni çölə çağırdılar. Əvvəldən ədavətimiz var idi. Qonşuluqda xanımlarımız olduğu üçün çölə çıxıb söyüş söyməmələri və sakit olmalarını tələb etdim. Lakin onlar buna məhəl qoymayaraq mənə yumruq atdılar. Yumruq vuran zaman Xəyalın əlində kiçikölçülü armaturun olduğunu gördüm. Üzərimdə olan bıçaqla ona yüngül xəsarət yetirdim, daha sonra qonşular bizi araladı. Təxminən bir saat sonra həmin adamlar yeddi nəfərlik qrupla həyətimizə hücum etdilər. Pəncərələri qırdılar. Hamısının əlində beysbol ağacı var idi. Onlardan biri mənim anamı həmin taxta ilə başından vurdu. Digər yoldaşımızın da taxta ilə başından vurdular. Mən də özümü müdafiə etmək üçün tanıdığım Xəyal adlı şəxsi vurdum. Əməlimdən peşmanam”.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat iki radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir